İnternetlə biznes quran uğurlu iş qadını | Banco.az

İnternetlə biznes quran uğurlu iş qadını

1988-ci ildə Bursada doğulan Melis Güçtaş ali təhsilini Boston universitetində alıb. 2 il digital marketinq üzrə çalışıb. Daha sonra Türkiyəyə qayıdan Melis ikinci əl geyim satışını həyata keçirən ModaCruzu qurub. Modacruz indiyə kimi 3 milyon dollara yaxın investisiya alıb. Melis Güctaşın Hürriyet qəzetinə verdiyi müsahibəni sizə təqdim edirik:

– Nə qədər büdcə ilə başladınız?

2000 dollarla. Əslində mən Türkiyədə işləyirdim. İşlədiyim müddətdə ağlıma bir ideya gəldi. Amerikadan yeni qayıtmışdım və full-time bir iş yerində işləyən zaman Modacruz domenini aldım.

– Adın patentini aldınız?

Əvvəl domeni aldım. Sonra saytı hazırladım və fikirləşdim ki, indi nə etməliyəm? Saytı açmaqla hər şey bitmir təbiiki. Reklam etmək üçün pul xərcləmək lazımdır. Bankdan 2000 dollar kredit götürdüm və reklama yatırdım. Beləliklə 2014-cü ilin mart ayında Modacruz fəaliyyətə başladı. 2000 dolları xərclədik və 3 ay keçdi üstündən. Pul bitdi. Ancaq bizim dövriyyəmiz artıq 13 min dollar idi.

– Həmin müddətdə neçə istifadəçiniz var idi?

20 min istifadəçiyə çatmışdıq. 300-dən çox məhsul var idi saytda.

– İnvestorlarla necə əlaqə qurdunuz?

Dövriyyəmiz artdığı üçün bunu dəyərləndirmək istədim. 10-15 mələk investorla görüşdüm.

– Mələk investorları necə tapırsınız?

Ən sərfəli kredit üçün müraciət et

Mən bu işə başlayanda investisiyanın nə olduğu, investorun kim olduğu və nə etdiyi haqqında heç bir məlumatım yox idi. Bir neçə dostumun sayəsində investorlarla tanış oldum. Hər kəslə görüşdüm. 3 dəfə yox cavabı aldım. Ancaq sonuncu investor Modacruza dəstək oldu və investisiya yatırdı.

– ModaCruzun neçə ortağı var?

2 proqramçı və mənimlə birlikdə 3 nəfər idik. Bir ofis tutduq. Başladıq işləməyə. Əvvəl çox kiçik qazanc əldə edirdik ancaq sonra aylıq dövriyyəmiz artmağa başladı. Hazırda mənimlə birlikdə 5 nəfər şərikik. Hər dəfə investisiya aldıqca yeni ortaqlar qatıldı.

– Saytda ən çox hansı məhsullar satılır?

Ən çox satılan məhsullar çantalardır. Aksessuarlar da çox satılır. İkinci ən çox satılan məhsullar isə ayaqqabılardır.

– ModaCruzun gəlir modeli necədir?

Hər sifarişdən 20 faiz komissiya tuturuq.

– Bu işi qurmaq istəyən insanlara hansı tövsiyyələri edərdiniz?

İlk öncə hər kəs öz yaratdığı layihəyə inanmalıdır. Əlindən gəldiyi qədər yatırım edib bu işin nə qədər böyüyə biləcəyini investorlara sübut etməlidir. İnvestor heç zaman sənin yatırım etmədiyin layihəyə yatırım etməz. Əvvəlcə risk edib bunun real bir iş modeli olduğunu göstərməlisən. Çünki investorun məqsədi yatırım etdiyi layihədən pul qazanmaqdır.