Tamara Mustafayeva, Banco.az
Adətən dünyanın müxtəlif yerlərindəki IKEA mağazalarına daxil olarkən oradan çıxmaq çətin olur. Çünki həddindən artıq böyük olan bu mağazalarda vaxtın necə keçdiyi çox zaman başa düşülmür. İndi isə bu mağazalardan da bir neçə dəfə böyük olan yeni bir mağaza düşünün... Belə ki, IKEA Danimarkada məhz belə bir mağaza açmağa hazırlaşır.
Paytaxt Kopenhagendə açılacaq bu yeni IKEA mağazası şirkətin digər mağazalarından olduqca fərqlənir. Bir qayda olaraq şəhərdən kənarda yerləşən digər mağazalardan fərqli olaraq IKEA bu dəfə məhz şəhərin mərkəzində ən canlı məntəqəni seçib. Mağazanın yanında müştərilərin xidmətinə həmçinin yeni salınacaq park da veriləcək.
Müştərilərinin alış-verişdən qalan vaxtlarını təbiətlə vəhdətdə keçirməsi üçün müvafiq bir yer hazırlamağı planlaşdıran IKEA buraya çatmağı da asanlaşdırır. Kopenhagenin 2025-ci ilədək dünyanın ilk karbon emissiyasız paytax şəhəri olma hədəfinə uyğun olaraq insanların mağazaya gəzərək, velosipedlə və ya karbon emissiyasız istənilən nəqliyyat vasitəsilə gəlməsinə imkan yaradılır.
İşlək magistral yolun üzərində "vəhşi şəhər təbiəti" konsepsiyasında park hazırlamaq və 74 min kvadrat metrlik sahəni dizayn etmək Danimarkalı "Dorte Mandrup" memarlıq firmasına həvalə edilib.
Qeyd edək ki, sözügedən mağaza 1450 kvadrat metrlik günəş paneli ilə əldə ediləcək elektrik cərəyanı ilə təchiz ediləcək.
Şirkətin digər bütün mağazalarından fərqlənən bu yeni və qeyri-adi mağazanın 2023-cü ilin yay aylarında açılması planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!