Əmək Müfəttişliyi Xidmətinin rəis müavini: "İcbari sığorta müqavilələrinə nəzarət elektron sistem üzərindən aparılır" - Müsahibə | Banco.az

Əmək Müfəttişliyi Xidmətinin rəis müavini: "İcbari sığorta müqavilələrinə nəzarət elektron sistem üzərindən aparılır" - Müsahibə

İcbari həyat sığortası işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalayır. İşəgötürən hüquqi şəxs, fərdi sahibkar və ya dövlət müəssisəsi ola bilər. 

Sığortanın üstün cəhəti odur ki, işçinin başına bədbəxt hadisə nəticəsində bir iş gələrsə, sığorta şirkəti işçiyə və ailə üzvlərinə sığorta ödənişini edir. Əlavə olaraq işəgötürən isə kompensasiya ödəmək məsuliyyətindən azad olur.

Sığorta tarifləri isə peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq 0,2-2% aralığında dəyişir. Bu isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur.

Sığorta məcburi xarakter daşıdığı və qanunla tənzimləndiyi üçün işəgötürənlər öz öhdəliklərini yerinə yetirmədikdə cəza tədbirlər görülür. Bu qanun pozuntusuna Dövlət Əmək Müfəttişliyi tərəfindən nəzarət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədovun Banco.az-a müsahibəsində icbari sığorta  ilə bağlı bazarda mövcud vəziyyətdən bəhs edib.

- Dövlət Əmək Müfəttişliyi tərəfindən şçilərin icbari həyat sığortası ilə bağlı məsələlərə nəzarəti necə həyata keçirir?

İlk növbədə bildirim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu, işçinin əsas hüquqlarından biridir. Son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində reallaşdırılan geniş elektronlaşdırma proqramı əmək qanunvericliyinə əməl olunmasına dövlət nəzarəti sistemini də əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu sahədə sistemli islahatlar aparılır. Məqsəd göstərilən xidmətlərin, nəzarət mexanizminin elektron texnologiyalar üzərində tam, şəffaf və operativ şəkildə qurulması, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınmasıdır. O cümlədən, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasına da “Əmək müqaviləsi bildirişləri” altsistemi (ƏMBAS) üzərindən nəzarət edilir və mütəmadi təhlillər aparılır. Belə ki, İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin Nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsisteminə (ƏMBAS) inteqrasiyası təmin edilib. Bu yenilik icbari sığorta müqavilələrinin monitorinqinin aparılması sahəsində elektron sistem üzərindən nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Nəticədə Dövlət Əmək Müfəttişliyi Xidməti icbari sığorta müqaviləsi bağlamayan işəgötürənləri “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müəyyən edir və həmin sistem vasitəsi ilə onlara müvafiq xəbərdarlığı onlayn qaydada ünvanlayır.

Həmin işəgötürənlərə icbari sığorta müqaviləsi olmayan işçiləri ilə bağlı məlumatlar elektron qaydada təqdim edilir. Nəticə etibarı ilə sistem üzərindən məlumatlar təhlil edilərək qanun pozuntusuna yol vermiş işəgötürənlər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

- Bu günə kimi nə qədər qanun pozuntusu baş verib və hansı tədbirlər görülüb?

Qeyd etdiyim kimi, icbari sığorta müqaviləsi olmayan işçilər həm sistem üzərindən aparılan təhlillər, həm də Xidmətə daxil olmuş müraciətlərin baxılması və istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması nəticəsində aşkar edilir. Sistem üzərindən pozuntu faktı aşkar edildikdə bu barədə işəgötürənlərə xəbərdarlıq elektron qaydada təqdim edilir. Bu xəbərdarlığa cavab olaraq icbari sığorta müqaviləsi yenə də bağlanmadıqda aşkarlanan faktlara əsasən müəssisələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülür. 2020-ci ildə müvafiq istiqamət üzrə 9 qanun pozuntusu faktı, 2021-ci ilin 2 ayı ərzində isə 5 fakt aşkar olunub. Aşkarlanan faktlarla bağlı işəgötürənlər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülüb və müvafiq işçilərlə də icbari sığorta müqaviləsi bağlanması təmin etdirilib.

Ən sərfəli kredit üçün müraciət et

- Bu cür qanun pozuntularının baş verməməsi üçün hansı qabaqlayıcı addımlar atılıb?

2018-ci ilin sentyabr ayının 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması işçilərin icbari sığorta ilə əhatə olunması işində mühüm irəliləyişlərə, bu sahədə kompleks yanaşmaya şərait yaradıb. Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, eyni zamanda istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi öz əksini tapıb. İşəgötürənləri icbari sığorta bağlamağa sövq etmək və pozuntuların qarşısının alınması məqsədi ilə ƏMBAS-da işəgötürənlər üçün bu  barədə ümumi xarakterli xəbərdarlığın yerləşdirilməsi ilə yanaşı, hazırda hər bir işəgötürənin səhifəsində icbari sığorta müqaviləsi olmayan işçilərinin siyahıları haqqında məlumat təqdim edilir. Eyni zamanda işəgötürənlər üçün ƏMBAS-da yeni əmək müqaviləsi bildirişinin daxil edilməsi, ona dəyişikliklərin edilməsi və xitam edilməsi zamanı aidiyyəti məsələ ilə bağlı olaraq müvafiq xəbərdarlıq ismarıcları əks olunur.

- İşəgötürən işçilərini bədbəxt hadisələrdən icbari sığorta etmədikdə hansı cəza və tədbirlər görülür?

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunla müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Belə ki, sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 1500, hüquqi şəxslər üçün 5000 manat məbləğində müəyyən edilib. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə şəxs (fiziki, vəzifəli və ya hüquqi) inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Müddət bitdikdə və işəgötürən nöqsanı aradan qaldırmadıqda yenidən inzibati məsuliyyətə cəlb edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram