Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 48,8% və 49,5% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, 2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub: “Bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur. Fondun investisiya gəlirlərindən şəhid ailələri və müharibə əlillərinin mənzil və ya fərdi evlərlə təmin edilməsi, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir”.
apa