Hansı hallarda əmək müqaviləsinə xitam verilir? | Banco.az

Hansı hallarda əmək müqaviləsinə xitam verilir?

Əmək müqaviləsinə hansı hallarda xitam verilir və bu zaman işçinin hansı hüquqları əsas götürülür?

Hüquqşünas Şəhriyar Həbilov mövzuya aydınlıq gətirərək bildirib ki, əmək müqaviləsinə xitam verilməsinin bir neçə əsası mövcuddur. Birinci halda müqavilə tərəflərdən birinin təşəbbüsü ilə başa çatdırılır. Bu halda ya işçi, ya da işəgötürən müqaviləyə xitam verə bilər. İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün o, bir təqvim ayı əvvəlcədən işəgötürənə yazılı ərizə ilə müraciət etməli və ərizədə müqaviləyə xitam veriləcəyi gün göstərilməlidir. İşçi bir ay ərzində fikrini dəyişdikdə xəbərdarlıq müddəti bitənə kimi yeni ərizə ilə əvvəlki ərizəsindən imtina edə bilər. Əgər işəgötürən işçinin birinci ərizəsi üzrə yeni işçi götürübsə və bu barədə işçiyə yazılı müraciət edibsə, işçinin bir ay ərzində əvvəlki ərizəsindən imtina etmək hüququ yoxdur. Əgər işəgötürən işçiyə belə bir müraciət etməyibsə və işçi ikinci ərizə ilə ilk ərizəsindən imtina edirsə, bu zaman onun əmək müqaviləsi xitam edilməyəcək.

İşçinin istifadə olunmamış məzuniyyətini götürüb və məzuniyyətin son günündən əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququ da vardır. Bununla yanaşı, işçinin yaş və əlilliklə bağlı pensiyaya çıxması, yeni yaşayış yerinə köçməsi, seksual təzyiqə məruz qalması, müvafiq təhsil müəssisəsinə daxil olması və başqa işəgötürənlə əmək müqaviləsi bağladığı halda ərizəsində hansı günü qeyd edibsə, əmək müqaviləsinin həmin gün xitam olunmasını tələb edə bilər. Müqaviləyə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncam, qərar) olmalıdır və bu əmrin surəti işçiyə sonuncu iş günü son haqq-hesab və əmək kitabçası ilə birlikdə verilməlidir. İşəgötürən tərəfindən işçinin məcbur edilərək əmək müqaviləsinə xitam verilməsi qadağandır.

Əmək müqaviləsinə son verilməsinin digər səbəbi kimi müqavilə müddətinin bitməsi əsas ola bilər. Müqavilə müddəti bitdikdən sonra bir təqvim həftəsi ərzində əgər tərəflərdən biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə xəbərdarlıq etməzsə, müqavilə uzadılmış hesab edilir. Müddətin bitməsi halında müqaviləyə xitam verilməsi işdə saxlamağa üstünlük hüququ olanlar üçün də dəyişməyən hallardandır. Əgər işçi əmək müqaviləsi müddətinin bitdiyi vaxt məzuniyyətdə, ezamiyyətdə, qismən ödənişli sosial məzuniyyətdə, iş yeri və əməkhaqqı saxlandığı hallarda, yaxud xəstəliyi ilə əlaqədar işə çıxmadığı halda işçi işə çıxan gündən bir təqvim həftəsi ərzində işəgötürən müqaviləyə xitam verə bilər. Müddətsiz bağlanmış, yaxud 5 il müddətdən artıq davam etmiş müqavilələrə müddətin bitməsi əsası ilə xitam verilə bilməz.

Əmək müqaviləsinə xitam verilməsinin daha bir səbəbi müəssisənin mülkiyyətçisinin dəyişməsidir. Bu halda müəssisə rəhbəri, onun müavinləri, baş mühasib və idarə etmə funksiyasını həyata keçirən struktur rəhbərləri ilə bağlanmış müqaviləyə xitam verilə bilər. Digər işçilərlə isə bu əsasla müqavilənin xitam edilməsi mümkün deyil. Əgər müqaviləyə bu əsasla xitam verilirsə, bu halda işçiyə orta aylıq əməkhaqqının azı 3 misli məbləğdə müavinət ödənilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Əmək şəraitinin şərtlərinin dəyişilməsi də müqavilə xitam edilməsi üçün əsas ola bilər. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti yaranarsa, işəgötürən işçinin peşəsi, vəzifəsi və ixtisasını saxlamaqla əmək şəraitinin şərtlərini dəyişdirə bilər. Bu halda işəgötürən işçini azı bir ay əvvəl ya yazılı məlumatlandırmalı, ya da müvafiq əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə razı olmadıqda, işəgötürən işçini ya yeni işlə təmin etməli, ya da bağlanmış müqaviləyə xəbərdarlıq müddəti bitdikdən sonra xitam verməlidir. Bu halda əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəməlidir.

Attestasiya və ya sınaqdan çıxmayan işçilərlə bağlanan müqavilələr də bu səbəbdən xitam edilə bilər. Hazırki iş yerində bir ildən az olmayaraq çalışan və istisna kateqoriyaya düşməyən işçilər hər üç (elmi işçilər 5 il) ildə bir dəfə peşəkarlıq səviyyəsinin yoxlanması üçün attestasiyadan keçə bilər. Bununla yanaşı, bəzi kateqoriya şəxslər istisna olmaqla, yeni işə başlayan işçilərə üç ayadək müddətə sınaq müddəti müəyyən edilə bilər. Attestasiya zamanı işçiyə vəzifəsi, ixtisası, təhsili, işinin nəticələri, əmək funksiyası üzrə suallar verilir. Attestasiyanın nəticələrində tutduğu vəzifəyə uyğun olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilə bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, əgər attestasiya komissiyası işçinin vəzifəyə uyğun olmadığını, lakin başqa işə keçirməyin mümkünlüyünü qeyd edərsə, işçi başqa işə öz razılığı ilə keçə bilər. Sınaq müddəti ilə bağlı isə qeyd etmək mümkündür ki, sınaq müddəti ərzində tərəflər müqaviləyə üç gün əvvəlcədən xəbərdarlıq etməklə xitam verə bilər.

Qarşılıqlı razılıq əsasında, tərəflərdən asılı olmayan hallarda və kobud pozuntulara yol verildikdə əmək müqaviləsinə xitam verildiyi istisna deyil. Kobud pozuntular dedikdə üzrsüz səbəbdən işçinin bütün iş günü ərzində işə gəlməməsi, alkoqol, narkotik və ya psixotrop maddə qəbulu nəticəsində işə sərxoş vəziyyətdə gəlməsi, mülkiyyətçiyə təqsirli hərəkət(siz)liyi ilə zərər vurulması, əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, yaxud onların ölümünə səbəb olması, iş vaxtıda inzibati xətalara və ya cinayət məsuliyyəti yaradan əməllərə yol verməsi və s. hallar nəzərədə tutulur. Tərəflərdən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilərkən bəzi hallarda işçiyə və ya onun ailəsinə müavinətlər ödənilir.

Vergiler.az