“Hər gününüzü həyatınızın son günü kimi yaşayın, bir gün haqlı çıxacaqsınız.” – Stiv Cobs
Yuxarıdakı cümlə hər kəs tərəfindən bilinən bir cümlə olsa da, təbii ki, təkcə Stiv Cobsun şəxsi düşüncəsi deyildir. Bu cümlə əslində illərdir dahilərin xüsusilə vurğuladığı və insanların həyatın sonsuz olmadığını özlərinə xatırlatdıqları bir şüardır. Heç nəyi təxirə salmamağın əhəmiyyətini çatdırmaq məqsədi daşıyır.
“Memento Mori: Əlbəttə bir gün öləcəksən, bunu unutma və bu günü yaşa.”
Dürüst olmaq lazımdırsa, bir çoxlarımız gündəlik işlərimizlə məşğul olarkən və ya vaxtımızı lüzumsuz şeylərə sərf edərkən ya da etməli olduqlarımızı təxirə salarkən itirdiyimiz vaxtın dəyərini bilmirik.
Bu, təkcə bugünün problemi deyil. Əsrlər əvvəl də insanlar eyni problemi yaşamış və bununla da Memento Mori ifadəsi yaranmışdır. Bu, sonu olan bu həyatda hər gün sona doğru gedərkən sahib olduğumuz zamanı xoşbəxt olacağımız şəkildə dəyərləndirməyimizi məsləhət görən fikirdir. Zənn edilənin əksinə həyatda keçirdiyimiz vaxtı sanki sabah olmayacaq kimi boşa sərf etmək əvəzinə, edilməli olanları ilk fürsətdə etmək əsas nüansdır.
Memento Mori təkcə Stiv Cobsun həyatında özünə xatırlatdığı bir cümlə deyildir: Keçmişdən bugünə insanlar özlərinə ölümü xatırladaraq tarix səhifələrində ölümsüzləşmişlər. Mark Avreli, Brüs Li, Stiv Cobs kimi insanların sözləri və fəaliyyətləri “Mememto Mori”–yə uyğun idi.
“Heç kəs hazırda yaşadığı həyatdan başqa bir həyatı itirməyəcək və hazırda itirməkdə olduğu həyatdan başqa bir həyat da yaşamayacaqdır.” – Mark Avreli
İnsanların özlərini inandırdıqları “vaxtım məhduddur” ifadəsi sahib olduqları zamanı daha da dəyərli etdi. Beləliklə heç nəyi təxirə salmadan, hədəflərinə çatmaqda vaxtlarını boşa sərf etmədən və sahib olduqlarının dəyərini bilərək yaşadılar. Bununla da həm daha uğurlu, həm daha dolu, həm də daha xoşbəxt bir həyata sahib oldular.
Bu düşüncə tərzi eyni zamanda insanları qarşılaşdıqları çətinliklərlə bağlı da güclü olmağa sövq etdi. Bir hadisənin sonunda ölüm yoxdursa, bir yolunu tapıb həll etmək mümkündür. Belə düşünərək gözünüzdə böyütdüyünüz keçici problemlərin əslində o qədər də həyati və böyük olmadığını görəcəksiniz.
Çox gecikmədən irəliləmək istədiyiniz yoldan gedin, vaxtınızı boşa sərf etdiyiniz şeyləri həyatınızdan çıxardın və yaşamağı xəyal etdiyiniz həyata doğru irəliləyin.
Həmçinin oxu: Bu zamana qədər bildiklərinizi unudun, hədəflərə fokuslanmayın!
Tamara Mustafayeva, Banco.az