Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyası səbəbilə zərər çəkən turizm sənayesini canlandırmaq istəyən əksər ölkələrdə turistləri cəlb etmək üçün müvafiq kampaniyalar başladılıb.
Yukatan yarımadasında yerləşən Meksikanın Quintana Roo əyalətinə məxsus Cancun şəhərində "Cancun-a gəlin, 2x1" şüarı ilə başladılan bir kampaniya çərçivəsində turistlərə bu şəhərdə keçirdikləri hər iki gecə müqabilində əlavə bir gün ödənişsiz qonaqlama xidməti təklif edilir. Bununla yanaşı, hər turistin yanında gələn ikinci şəxsin təyyarə biletinin pulu ona geri ödənilir.
Cancun, Meksika
ABŞ-ın Las-Veqas şəhərində fəaliyyət göstərən kazinolardan biri daxili turizmi canlandırmaq üçün min ədəd təyyarə bileti paylayıb.
Qısa müddət əvvəl Taylandda yerləşən dəbdəbəli otellərdən biri hovuzlu villaları üçün "1+1" kampaniyası başladıb.
Turizmdə yeni dövr
Bolqaristandakı populyar çimərliklərdə turistlərdən şezlonq, çətir və masa üçün ödəniş tələb edilmir.
İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən bir turizm idarəsi qonaqlama və ekskursiya xidmətləri üzrə 65 faiz endirim tətbiq etməyə başlayıb.
Bəzi ölkələrdə isə sözügedən kampaniyalar ölkənin koronavirus baxımından təhlükəli olmadığına dair mesaj verməyə çalışır.
Özbəkistan 3 min dollar verməyi vəd edir
Məsələn, Özbəkistan istirahət müddətində koronavirusa yoluxan turistlərə 3000 dollar verəcəyini vəd edir.
İyun ayında qapılarını bəzi ölkələrdən olan turistlərə açan Cənubi Kiprdə virusa həmin ərazidə yoluxan insanların qonaqlama, qidalanma və dərman vasitələri üçün ödənişləri hökumət tərəfindən təmin ediləcək.
Bəs bu kampaniyalar səfər əsnasında virusa yoluxmaqdan narahat olan insanları razı salmağa kifayət edəcəkmi?
Beynəlxalq Hava Nəqliyyatı Assosiyasiyasının (IATA) yaxın günlərdə həyata keçirdiyi bir araşdırmada iştirak edənlərin 45%-i virusun azalması halında bir neçə ay ərzində səyahətə çıxacaqlarına ümid etdiklərini bildiriblər. İştirakçıların 33%-i isə virusa yoluxma riskini azaltmaq üçün səyahət etməyəcəklərini söyləyiblər.
"İnsanlar uzun vədədə qiymətlərə deyil təhlükəsizliyə yönələcəklər"
Təyyarə bileti üçün axtarış brauzeri olan "Skyscanner"-in marketinq mütəxəssisi Joanna Lord, xüsusilə aşağı qiymət təklif edən kampaniyaların ilkin mərhələdə tələbi artırmaq üçün bəsit və təsirli üsul olduğunu, ancaq zaman keçdikcə turistlərin qiymətdən çox təhlükəsizliyə yönələcəklərini vurğulayıb.
Oxford Economics şirkətinin Turizm İqtisadiyyatı üzrə direktoru David Goodge isə qeyd edib ki, normal həyata geri dönmə prosesində təhlükəsizlik zəmanəti, aşağı yoxulma göstəriciləri, virus testi imkanları kimi nüanslarla yanaşı, güclü sanitariya və xəstəliyin yayılmasının qarşısını almaq üçün əsaslı tədbirlərin görülməsi daha cəlbedici olacaq.
Özbəkistan nümunəsini vurğulayan Goodge bildirir ki, Özbəkistanın "təhlükəsiz səyahət vəd edirik" kampaniyası koronavirusa qarşı mühüm zəmanət təşkil edir. Belə ki, Özbəkistan bir tərəfdən maddi stimullar təklif edir, digər tərəfdən isə ölkənin təhlükəsiz olduğuna dair imic formalaşdırır. Odur ki, bu üsul "1+1" kampaniyalarından daha cəlbedici ola bilər.
Həmçinin oxu: Hansı şəhərlər turistləri daha çox cəlb edir?
Bizi sosial şəbəkələrdən izləyin!!