Aşağı və orta gəlirli ölkələrdə yaşayan gənclər inkişafın mümkün olduğuna və bu inkişafı reallaşdıra biləcəklərinə daha çox inanırlar.
Aşağı və orta gəlirli ölkələrdəki gənclərin əlində iqtisadi baxımdan daha güclü ölkələrdə yaşayan gənclərin sahib olduğu imkanlar olmaya bilər, ancaq yenə də aşağı gəlirli ölkələrin gəncləri inkişafın mümkün olduğuna daha çox inanır. Braziliya, Çin, Hindistan, İndoneziya, Keniya, Meksika, Nigeriya və Rusiyada yaşayan 12-24 yaş aralığında olan gənclərin 79%-i dünyanın daha yaxşı bir istiqamətə doğru gedəcəyinə inanır. Avstraliya, Fransa, Almaniya, Böyük Britaniya və İsveçdəki gənclər arasında isə bu göstərici sadəcə 50%-dir. Amerikalı gənclərin də 63%-i daha yaxşı bir gələcəyin olacağına inanır.
Bu optimistliyin ən böyük səbəblərindən biri son illərdə yoxsulluq və bərabərsizliyin aradan qaldırılması ilə bağlı görülən işlərdir. Bill və Melinda Qeyts Fondunun göstəricilərinə görə, son dövrlərdə bir milyondan çox insan ifrat yoxsulluqdan xilas olub. Ancaq iqtisadi inkişafın insanlara psixoloji təsir göstərdiyini də vurğulamaq lazımdır. Bunu göstərmək üçün Qeyts Fondu 40 min insanın iştirakı ilə “Qlobal Gənclik Anketi” adlı beynəlxalq anket sorğusu həyata keçirib. Nəticələrə görə, aşağı və orta gəlirli ölkələrdə yaşayan insanlar yüksək gəlirlilərə görə, öz nəsillərinin dünyaya valideynlərinin nəsillərindən daha çox təsir göstərə biləcəyinə inanır. Rəqəmlər isə müvafiq olaraq 63% və 39%-dir.
Dəyişiklik necə reallaşacaq?
İndi isə gündəmdəki sual belədir: “Bu optimistliyi müsbət dəyişikliyə necə çevirə bilərik?” Aşağı və orta gəlirli ölkələrdə həyat standartlarına ən çox təsir göstərən məsələlər daha yaxşı təhsil imkanlarının yaradılması, yoxsulluq səviyyəsindəki azalmanın davamlılığının təmin edilməsi və hər kəsin daha yaxşı işlərə çıxış imkanının olmasıdır.
Dəyişiklik həmçinin peşəkar sinfin nümayəndələrinin çoxalması ilə də mümkün ola bilər. İnkişaf etməkdə olan ölkələrdə gənclər arasında həkim, mühəndis və ya müəllim olmaq istəyi olduqca yüksəkdir. Amerikada da həkimlik ən məşhur sənət sahələrindəndir, ancaq ikinci sırada oyunçuluq (gamer) gəlir.
Hesabatda yüksək gəlirli ölkələrdəki dövlətlərin, şirkətlərin və fərdi xeyriyyəçilərin də vəziyyətin yaxşılaşmasına töhfə verə biləcəyi xüsusilə vurğulanır. Avstraliya, Böyük Britaniya və Avstriyadakı gənc və yaşlı əhalinin yarıdan çoxu dayanıqlı inkişaf hədəflərindən xəbərdar deyil. Bu anket sorğusu bəlkə də, baxış bucağını dəyişdirmək və maariflənməni artırmaq üçün olduqca dəyərlidir. Nəticədə, inkişafın nə üçün müsbət olduğunu başa düşməmiş başqalarını buna inandırmağınız çətin olacaqdır.
Həmçinin oxu: Necə edək ki, neqativ hallar bizi ruhdan salmasın
Tamara Mustafayeva, Banco.az