Banco.az “Expressbank”ın idarə heyətinin sədri Mehman Məmmədovla olan müsahibəni təqdim edir.
- Bu gün bütün dünyada biznes strukturlarının yeni davranış modelləri axtardığı, irili-xırdalı şirkətlərin maliyyə sıxıntıları yaşadığı bir vaxtda “Expressbank”ın ardıcıl olaraq əldə etdiyi uğurlar haqqında məlumatlar oxuyuruq. İlk olaraq “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən “Expressbank”ın reytinqinin “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləməsi haqqında məlumat verərdiniz? İndiki dövrdə buna necə nail oldunuz?
- Haqlısınız, may ayında “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi “Expressbank”ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqlədi. Əslində, burada qeyri-adi bir şey yoxdur. Azərbaycanın ilk özəl banklarından biri kimi, “Expressbank” uzun bir təcrübə yolu keçmiş, müxtəlif iqtisadi mühitlərə, bazar şəraitinə adaptasiya texnikalarına yiyələnib.
Məhz bu təcrübənin nəticəsidir ki, şəffaflıq, gəlirlilik, müştəri portfeli, artım perspektivləri, iqtisadi mühit və s. kimi vacib göstəricilər əsasında bankların fərdi miqyasda mövqelərini araşdıran “Fitch Ratings” bankımızın biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verib.
- Maliyyə göstəricilərindən söz düşmüşkən, “PwC” şirkəti bankınızı ötən ilin maliyyə durumunu necə qiymətləndirdi?
- Ötən il bankımızda biznes və pərakəndə kredit portfelinin artımı müşahidə olunub, həm faiz, həm də qeyri-faiz gəlirlərimiz artıb. Xüsusilə qeyd etmək istərdim ki, orta, kiçik və mikrobiznesin inkişafı üçün ayrılan kreditlərdə kəskin artım müşahidə olunub, bu sahələr üzrə kredit portfeli 28.3% artaraq 95.8 mln. AZN təşkil edib. İstehlak krediti portfelində də artım müşahidə edilib. Bundan əlavə, əmanət portfeli 107 mln. AZN-ə qədər yüksəlib ki, bu da 2018-ci illə müqayisədə 14.1% artım deməkdir.
Əlavə olaraq qeyd etmək istərdim ki, beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarına əsasən, ötən il faiz gəlirimiz 13.8% artaraq 36.2 mln. AZN, mənfəətimiz isə 19 mln. 514 min AZN təşkil edib. Gəlirlərimizin artmasına baxmayaraq, bankımız ümumi inzibati xərcləri optimal idarə edib və 2018-ci il səviyyəsində saxlaya bilib. Təqdim etdiyimiz bütün rəqəmlər “PwC” müstəqil audit şirkəti tərəfindən təsdiqlənib. Ümumi olaraq kənar audit şirkətinin rəyinə əsasən, “Expressbank” maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektləri baxımından 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini və qeyd edilən tarixdə başa çatan il üzrə maliyyə uçotu və hesabatlığını beynəlxalq standartlara uyğun aparır.
- Bəs bu ilin göstəriciləri necə dəyişib?
- Bu il də müsbət göstəricilərimiz ilə seçilirik. Belə ki, bankımız 2020-ci ilin ilk 6 ayını 6,5 mln. manatdan artıq xalis mənfəətlə tamamlayıb. Bankın faiz gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 20,4 mln. AZN təşkil edib. İkinci rüb ərzində biznes sahəsinə ayrılan kreditlər ötən ilin sonu ilə müqayisədə daha 15% artıb. Kapital dayanıqlığı nöqteyi-nəzərindən də bankın göstəriciləri həm normativlərdən həm də bazarın orta göstəricilərindən yüksəkdir. Belə ki, ikinci rübün sonuna bankın tutulmalarından sonra I dərəcəli kapitalı 107.8 mln. manat, məcmu kapitalı isə 117.5 mln. AZN həcmində olmuşdur. Nəticədə bu ilin 30 iyun tarixində bankın I dərəcəli kapital adekvatlığı əmsalı 44 %, məcmu kapital adekvatlığı 48%, leverec əmsalı isə 34% təşkil edib.
Xüsusilə qeyd olunmalıdır ki, ikinci rübün sonuna bankın yüksək likvid aktivləri 51.1 mln. manat, ani likvidlik əmsalı isə 75.5% təşkil edib. Bu da müəyyən edilmiş normativlərdən dəfələrlə artıq olmaqla, bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı inkişafının sübutudur.
- Çox cəlbedici göstəricilərdir. Üstəlik, “Expressbank” daim bazarda yüksək xidməti ilə seçilib. Yəqin ki, xidmət keyfiyyətini saxlamaqla bu cür yüksək maliyyə nəticələrinə nail olmaq asan deyil.
- Düzgün müşahidədir. “Expressbank” satışların ən dinamik dövründə belə yüksək xidmət keyfiyyətlərini qorumağı bacarır. Ümumiyyətlə, “Expressbank” olaraq, bizim üçün ən əsas vəzifələrdən biri istənilən şəraitdə müştərilərə göstərilən xidmət səviyyəsini qorumaq və inkişaf etdirməkdir. Əsas məqsədimiz müştəri məmnunluğunu hər zaman üstün tutaraq, müştərilərimizin arzu və məqsədlərinin reallaşdırılmasında onlar üçün yaxın tərəfdaş və məsləhətçi olmaqdır. Biz əməkdaşlarımızın hər birinin özünü bankın layiqli təmsilçisi, məsuliyyətli və effektiv komanda üzvü kimi hiss etməsi üçün maksimum səylər göstəririk. Sadalanan məqamların uğurlu reallaşdırılmasının nəticəsidir ki, bu gün “Expressbank” müştərilərinə göstərdiyi yüksək keyfiyyətli xidmətlə bazarda özünəməxsus yer tutur və fərqlənməyi bacarır.
Təhlükəsizlik qaydalarına da xüsusi diqqət yetiririk. Karantin dövründə müştərilərimizin bank xidmətlərindən onlayn qaydada maksimal dərəcədə effektli istifadə etmələri üçün “Express24” mobil tətbiqimizin və “Expressbank Business” internet bankçılıq xidmətinin imkanlarını daha da təkmilləşdirdik. Təsadüfi deyil ki, ikinci rüb ərzində bankın təqdim etdiyi “Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsilə əməliyyatların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% artım müşahidə edilib. Bu da xidmətin rahatlığı və çevikliyi haqqında məlumat verir. “Express24” mobil bank tətbiqi vasitəsilə də aparılan əməliyyatların sayında ötən rüb ilə müqayisədə 24% artım müşahidə edilib. Bundan başqa, müştərilərimiz arasında təmassız ödənişlərin təşviqi ilə bağlı işlər aparıb və bu işlərin nəticəsində ötən rüb ərzində plastik kartlarla təmassız qaydada keçirilən ödənişləri daha 9% artıraraq 59.2% təşkil etməsinə nail olmuşuq. Bunu da mütləq qaydada qeyd etmək istərdim ki, “Expressbank”ın bütün plastik kartları artıq 2017-ci ildən təmassız ödənişləri dəstəkləyir.
Sözsüz, ilk əvvəl müştərilərimizin sağlamlığını önə çəkərək biznesimizi mütləq qaydada mövcud vəziyyətə adaptasiya etməliyik. Hazırda sosial məsafə prinsipini rəhbər tutaraq, müəyyən müştəri seqmenti üçün onlayn növbə sistemini tətbiq etməyi planlaşdırırıq.
“Ekspressbank”ın bütün əməkdaşları isə iş yerlərində mütləq şəkildə tibbi maskalardan istifadə edir. Həmçinin müştərilərimizin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün bankın inzibati binalarında dezinfeksiya vasitələri yerləşdirilib və mütəmadi olaraq profilaktik tədbirlər keçirilir. Biz, ümumiyyətlə, hər zaman cəmiyyət qarşısında sosial məsuliyyətə xüsusi həssaslıqla yanaşmış və bu yanaşmanı missiyamıza çevirmişik.
- Bilirik ki, “Expressbank” tez-tez sosialyönümlü aksiyalarda fəal iştirak edir.
- Elədir, mütəmadi olaraq şəhid ailələrinə, aztəminatlı ailələrə, əhalinin həssas təbəqələrinə müxtəlif yardım tədbirləri keçiririk. “Expressbank” ölkə başçısının həssas əhali qruplarının özünüməşğulluğunun təşkili layihəsinə qoşulmaqla ötən ay ərzində bir neçə ailəni öz biznesini yaratmaq arzusuna qovuşdurub. İlin sonunadək daha bir neçə ailəyə belə dəstək verməyi planlaşdırırıq. Arzuladıqları biznesi yaratmaq məqsədilə onları bütün lazımi avadanlıqlarla təmin etməklə yanaşı, bankımız həm də bu şəxslərə müvafiq bizneslərində uğur qazanmaları üçün çoxillik təcrübəsini paylaşmaqla dəstək olmağı da öz öhdəliyinə götürüb.
Əlavə olaraq qeyd etmək istərdim ki, son günlərdə “COVID-19” pandemiyasının xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müştərilərinə yaratdığı çətinlikləri nəzərə alaraq, biznesə dəstək məqsədilə bir sıra bank əməliyyatları üzrə xidmət haqqı komissiyalarına bankımız tərəfindən endirim edilib. Eyni zamanda, bu dövr ərzində ödənişini vaxtında icra edə bilməyən sahibkarlıq kreditləri üzrə cərimə faizlərinin hesablanması dayandırılıb.
- Gələcək planlarınız haqda nə deyə bilərsiniz? Müştərilərinizi hansı növ yeniliklər gözləyir?
- Bankımızın əsas strategiyası rəqəmsallaşma istiqamətində yeni nəaliyyətlərin əldə edilməsi, müştəri münasibətlərində yeni üsulların tətbiq edilməsi, müştəri ehtiyaclarına uyğun yeni məhsul və xidmətlərin işlənib hazırlanması, müştərilərlə əlaqə kanallarının inkişafına, xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində aktiv fəaliyyətin davam etdirilməsinə fokuslanıb.
Hazırda biz sahibkarların ucuz maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu, Sahibkarlığın İnkişafı Fondu ilə sıx əməkdaşlıq edirik. Eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların fəaliyyətlərinin inkişaf etdirilməsi istiqamətində Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankının birgə layihəsi olan kənd təsərrüfatı rəqabət qabiliyyətinin gücləndirilməsində də iştirak edirik.
Yaxın gələcəkdə sahibkar-bank münasibətində yeni bir institut tətbiq edəcəyik. Bu haqda hələlik daha geniş məlumat vermək istəmirəm. Yeni layihəmiz iş adamları ilə daha sıx və uzunmüddətli tərəfdaşlığın yaradılmasına xidmət edəcək.
Prioritet və əsas məsələlərdən daha biri müştərilərin cari və təkrarlanan əməliyyatlarının daha çox onlayn xidmət kanallarına yönləndirilməsidir. Bunun effektiv şəkildə icrası üçün bu sahədə əsas rol oynayan biznes proseslərin optimallaşdırılması, yeni texniki imkanlar tətbiq edərək infrastrukturun təkmilləşdirilməsi ilə yanaşı, xidmət tariflərinin daha sərfəli olması təmin ediləcək.
Rəqəmsallaşma ilə bağlı gözlənti və planlarımız çox genişdir. Biz “Express24” mobil tətbiqini sadəcə kommunal ödənişlər, kartdan-karta pul köçürmələri tətbiqi kimi deyil, bütün növ bank xidmətlərini özündə cəmləşdirən unikal məhsul kimi görürük. Hazırda bu tətbiq vasitəsilə müştərilərimiz öz əmanət hesablarını da izləyə, artıra bilirlər. Yaxın gələcəkdə biz hətta kreditin də banka gəlmədən “Express24” tətbiqi üzərindən ayrılmasını planlaşdırırıq.
Mövcud məhsul və xidmətlərin müştəri tələblərinə uyğun optimallaşdırılması, müştəri ehtiyaclarının düzgün şəkildə anlaşılması və reallaşdırılması bankımız üçün hər zaman olduğu kimi, indi də prioritet əhəmiyyət daşıyır. Hüquqi şəxslər və fərdi sahibkarlarla münasibətimizdə onlar üçün təqdim edilən xidmət və tariflərimizə xüsusi həssaslıqla yanaşırıq. Belə ki, hazırda bu istiqamət üzrə yeni tarif standartının yaradılması üzərində işlər yekunlaşmaq üzrədir. Yeni tarif siyasətimiz müştərilərimizə, müəyyən göstəriciləri əsasında avtomatik olaraq daha aşağı tarif əldə etmək imkanı verəcək.
Həmçinin, bildiyiniz kimi, adətən biznes kreditləri sahəsində kreditləşmə bir neçə mərhələ keçdiyindən bir qayda olaraq vaxt aparır. Biz hazırda bu istiqamətdə də xüsusi optimallaşma işləri aparırıq, müştərilərimizə yaxın vaxtlarda sürətli biznes kreditləri xidmətinin təqdim olunmasını planlaşdırırıq.
Ümumiyyətlə, “Expressbank” hər zaman ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməklə, müştərilərə geniş çeşiddə xidmətləri daha rahat üsullarla təqdim etməyə, müştərilərinin vaxtına qənaət etmək və onların həyatının asanlaşdırılması məqsədilə daim innovativ yeniliklər üzərində çalışır və bu tendensiya davam edəcək.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik, Mehman müəllim.
Bizi sosial şəbəkələrdən izləyin!!