Video-müşahidə ictimai təhlükəsizliyi və nəzarəti təmin etməkdə effektiv rol oynayır. Bəs evimizdə və yaxud hansısa ictimai obyektdə görüntüləri əks etdirən kameraların təhlükəsizliyi necə təmin olunur.
Məsələni uzun illərdir bu sahə üzrə çalışan təcrübəli mütəxəssis Elçin Rəsulov şərh edib.
Onun sözlərinə görə, quraşdırılmış kameraların arxivləşdirilməsi hard disk üzərinə qeyd olunur: “İstənilən vaxt DVR (Digital Video RKDR) daxilinə quraşdırılmış proqram vasitəsilə arxivə baxmaq mümkündür. Evlərdə və ofislərdə quraşdırılan kameraların müştəri tərəfindən telefon və ya kompüter üzərindən başqa yerdə baxılması üçün DVR dediyimiz aparatın daxilində istehsal zamanı qoyulan xüsusi kod lazımdır. Hər kod özünəməxsusdur”.
Hər şirkətin özünün işlədiyi mobil tətbiq olur. Play Store və App Store-dan telefona yükləməklə müəyyən təhlükəsizliklə bağlı qeydiyyat prosseslərindən sonra həmin mobil tətbiqə quraşdırılmış DVR avadanlığı tanıdılır və identifikasiya prossesi gedir.
Mütəxəssis bildirib ki, user və ya parol istifadəçinin istəyindən asılı olaraq tərtib edilir: “Bu parolu isə yalnız istifadəçinin özü bilir. Hansısa səbəbdən təhlükəsizlik kodu və akkaunt unudularsa bu zaman DVR-dən istifadə imkansız olur. Bunun ücün istehsalçının özünə müraciət etmək lazımdır. Baş verənləri izah edərək aparatın sıfırlamasını istəyə bilərsiniz. Bu da uzun ve çətin prosesdir”.
Təbii ki, bütün bunlar görüntülərin başqa yerdə izlənilə bilməməsi demək deyil. İnformasiya texnologiyaları inkişaf etdikcə bu texnologiyalardan zərərli məqsədlərlə istifadə edənlər də artır. Hakerlər hər cür şifrəni qırmağa ya cəhd edirlər, ya da ki, bunu məharətlə bacarırlar. Bununla belə bədbin düşünmək lazım deyil. Çünki, bu cür xidmətləri təklif edən şirkətlər işə yüksək hazırlıqlı mütəxəsislər cəlb etməklə arzuolunmaz halların qarşısını almağa çalışırlar.
Ted.az