Ən bahalı rəsm əsərləri | Banco.az

Ən bahalı rəsm əsərləri

David Hokneyin kətan üzərində çəkilmiş “İki fiqurlu hovuz” tablosu 90,3 milyon dollara satılaraq bazar rekordu qırıb. “Forbes” jurnalının qaleriyasında müasir rəssamların on milyonlarla dollar dəyərində qiymətləndirilən başqa əsərlərini görmək olar. 

Britaniyalı milyarder Co Luis David Hokneyin tablosunu rekord qiymətə satmış şəxsdir. Qeyd edək ki, Co Luis “Forbes”in qlobal siyahısında 388-ci yerdə dayanır, sərvəti 5 milyard dollar təşkil edir. 

“İki fiqurlu hovuz” rəsm əsərinin satılması xəbəri “Christie’s” hərrac evinin saytında yerləşdirilib. Tablonu alan şəxsin adı isə açıqlanmır. 

Həmçinin oxu: Antikvar bazarında nələr baş verir?

“Bloomberg”in məlumatına görə, Luis hətta 80 milyon dollar məbləğində maliyyə təminatı almaqdan da imtina edibmiş (Maliyyə təminatı dedikdə hərracın nəticəsindən asılı olmayaraq satıcıya ödəniləcək minimum mükafat məbləği nəzərdə tutulur). Bu, olduqca qeyri-ənənəvi yanaşmadır, belə ki, ticarət 1 dollardan da başlaya bilərdi.

Christies hərrac evi rəsm əsərini belə təsvir edir:

“1972-ci ilin şah əsəri rəssamın ən sevdiyi iki motivi: bir hovuzu və ikiqat portreti ehtiva edir. Bu əsər 2017-ci ilin fevral ayında Tate qaleriyasında nümayiş olunmuş David Hokney kataloqunun üz qabığında əks olunub”.

Rəssam məşhur tablosunu 1972-ci ildə Saint-Tropezdəki bir villada çəkib. Əsərin prototipi rəssamın hovuz kənarında dayanmış sevgilisinin təsviri idi. 

Ən sərfəli kredit üçün müraciət et

Co Luis — bir çox ölkədəki iki yüz aktivini (restoranlardan neft-qaz şirkətlərinə qədər) idarə edən “Tavistock Group” investisiya holdinqinin təsisçisi və sahibidir. 

Məsələn, Luis “Tavistock” üzərindən Londonun “Tottenham Hotspur” futbol komandasına və Britaniyanın “Mitchell’s & Butlers” şirkətinə (pivəxanalar, barlar və restoranları idarə edir) sahibdir. Milyarderin incəsənət kolleksiyasına Pablo Pikasso, Lusien Freyd, Qustav Klimt və Edqar Degasın əsərləri də daxildir. 

Həmçinin oxu: Dünyanın ən gözəl körfəzi yerləşən ada SATILIR

“Bloomberg” bildirir ki, Hokneyin sənət əsərlərinin qiyməti son aylarda artıb. Məsələn, may ayında keçirilmiş “Sotheby’s” hərracında rəssam iki əsəri ilə rekorda imza atıb. “Sakit okean sahilindəki və Santa Monikadakı magistral yol” tablosu 28,5 milyon dollara satılıb. Lakin məhz “İki fiqurlu hovuz” əsərinin satışı 81 yaşlı rəssama “yaşayan ən bahalı rəssam” titulu qazandırdı. Əvvəlki rekord Ceff Kunsa aiddir, elə o satış da “Christie’s”də gerçəkləşib. “Şarlardan yığılmış narıncı it” montajı hərracda 58,4 milyon dollara layiq görülüb. Mütləq dünya rekordu isə Leonardo da Vinçinin “Dünyanın Xilaskarı” rəsm əsərinə aiddir. Adıçəkilən şedevri ötən il Dmitri Rıbolovlev 450,3 milyon dollara satmışdı. 

“Forbes” Hokni və Kunsdan başqa da ən bahalı rəssamların siyahısına daxil olan sənətkarlar haqqında məlumat dərc edib. 

 Nigar Umaxanlı, Finco.az