Əmlak sığortası niyə vacibdir? | Banco.az

Əmlak sığortası niyə vacibdir?

Həsən Məlikov Bakı şəhəri sakinidir. Onun mənzilində bu yaxınlarda  qısaqapanma səbəbindən yanğın hadisəsi baş verib və evi tamamilə yararsız hala düşüb. İki uşaq atası olan həmsöhbətim indi çarəsiz halda olduğunu söyləyir. Deyir ki, əgər vaxtında mənzilini sığorta etdirsəydi, indi ona dəyən zərərin müəyyən hissəsi kompensasiya edilərdi. Bu əslində kiçik bir nümunədir. Cəmiyyətdə əmlak sığortasına birmənalı yanaşılmır. Bəs görəsən bunun səbəbləri nədir?

 

Hüquq sahəsi üzrə sığorta eksperti İlkin İbrahimov bizimlə söhbətində bildirdi ki, əmlak sığortasına meylin az olmasının müxtəlif səbəbləri var: “Ölkədə əmlak sığortasının icbari  olmasına baxmayaraq, bu sahə çox zəif inkişaf edib. Çünki bu sahədə cəza tətbiqetmə normaları nisbətən zəifdir. Təəssüf ki, ölkədə əmlak sığortası ilə bağlı məsələyə bir qədər soyuq münasibət yanaşılır. Halbuki İnzibati Xətalar Məcəlləsində konkret olaraq normalar təyin edilib və qanuna əsasən əmlakını sığorta etməyən şəxslər konkret olaraq cəzalandırılır. Amma bu normalar ölü norma olaraq qalır. Əmlakın icbari sığortasının əhali arasında geniş yayılmamağının  səbəblərindən biri də sığorta bazarında daha az paya malik olmasıdır. Bu, Maliyyə Bazarlarının Nəzarət Palatasının göstəricilərində də öz əksini tapır. Hesab edirəm ki, məsələnin həlli üçün aidiyyəti qurumlar inzibati qaydalardan istifadə etməklə cərimələrin miqdarını artırmalıdır. Düşünürəm ki, bundan sonra əhalini əmlak sığortasına cəlb etmək olar”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert bildirdi ki, bu məsələdə maarifləndirmə işi də rol oynayır: “Digər tərəfdən  sığorta ödənişlərinin verilməsində də müxtəlif problemlər var. Bəzən şirkətlər əmlakını sığorta etdirən şəxsləri şirkətlər bəzən yubadır. Bəzən də şəxsdən bir neçə orqandan sənəd gətirməyi  tələb olunur ki, bu sənədləri toplamaq da özlüyündə kifayət qədər vaxt tələb edir. Ona görə də bu mexanizm normal fəaliyyət göstərmir. Belə olan halda vətəndaş əmlakını sığorta etməkdə maraqlı olmur. Amma hal-hazırda bu sektorun perspektivləri xeyli genişdir. Düşünürəm ki, məsələnin həlli  vətəndaşlar üçün norma təsdiq olunmalıdır. Dövlət idarələrinin və təşkilatların qanuna əsasən daşınmaz əmlakın icbari sığortası aparılmalıdır. Amma bu çox az bir faiz təşkil edir. Məsələdə maarifləndirmə işinin də rolu böyükdür. İnsanlar əmlak sığortası haqqında geniş informasiyaya sahib olmalıdır”.

Şəbnəm Mehdizadə, banco.az