Əmək məzuniyyəti ilə bağlı məsələlər Əmək Məcəlləsinin 131-ci maddəsi ilə tənzimlənir
Sərbəst auditor Altay Cəfərov bildirib ki, əmək məzuniyyəti ilə bağlı son zamanlar sosial şəbəkələrdə də müzakirələr aparılır, çoxlu müraciətlər olur, fərqli açıqlamalar verilir. Qaldırılan suallardan biri budur ki, əgər işəgötürən 3 ay işləyib məzuniyyət tələb edən işçinin heç bir məhduddiyyət qoyulmadan məzuniyyətini təmin edirsə, onda Məcəllənin 131-ci madəsinin tələbləri pozulmurmu?
Məcəllənin 131-ci madəsinin 1-ci hissəsində göstərilib ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin maddənin 2-ci hissəsinə əsasən, işçiyə əmək məzuniyyəti altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçinin ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Bu bəndlərdə məzuniyyətə çıxmaq üçün 6 ay müddət qoyulduğuna görə işçinin göstərilən müddətdən tez əmək məzuniyyətinə çıxmaq tələbi qanunun tələbinə uyğun deyil. Belə məzuniyyət tələbini təmin edən işəgötürən isə qanun pozuntusuna şərait yaradan şəxs kimi çıxış etmiş olur. Qanunvericilikdə belə pozuntulara görə inzibati cərimələr nəzərdə tutulmasa da, altı aydan tez əmək məzuniyyətinin verilməsi işəgötürənlər tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qəbul edilməlidir.
Vergiler.az