Ekonom sinif sərnişinləri üçün daha rahat oturacaq dizayn edildi | Banco.az

Ekonom sinif sərnişinləri üçün daha rahat oturacaq dizayn edildi

Tamara Mustafayeva, Banco.az

Uzun təyyarə səfərlərindən sonra adətən sərnişinlər bel ağrılarından əziyyət çəkir, ya da səfər zamanı özlərini daha rahat hiss etmək, lazım gəldikdə yuxuya getmək istəyirlər. Təəssüf ki, əksər hallarda təyyarə oturacaqları narahat olduğu üçün sərnişinlər tez-tez oyanmalı olurlar.

Odur ki, mərkəzi ABŞ-da yerləşən İtaliyanın məsafədən idarə olunan təyyarə sistemləri istehsalı ilə məşğul olan "Zephyr Aerospace" adlı startap şirkəti bu problemin həlli üçün hərəkətə keçib və ekonom sinif üzrə səyahət edən sərnişinlər üçün təyyarə səfərlərini daha rahat etmək məqsədilə bir yeniliyə imza atıb. Belə ki, şirkət sərnişinlərin səfər zamanı uzanmalarına imkan yaradan təyyarə oturacağı dizayn etməyə hazırlaşır.

Şirkətin rəsmi internet səhifəsində dərc edilən məqalədə əksər təyyarə oturacaqlarının 1970-ci illərdən bəri dəyişmədiyi, bütün ekonom sinif oturacaqlarının 99%-nin dik vəziyyətdə yerləşdirildiyi və yatmağın imkansız olduğu vurğulanıb. Uzun müddətli səfərlər zamanı bunun insan bədənini yoracağı və sağlamlığa zərər vura biləcəyi də qeyd edilib. 

Şirkətin həyata keçirdiyi bir araşdırmaya görə, ekonom sinif üzrə səyahət etməyi seçən sərnişinlərin 70%-i təyyarənin salonunda yemək, hava limanında istirahət otağına giriş və əlavə baqaj haqqı kimi imtiyazlar əvəzinə səfər zamanı rahat yuxuya gedə bilməyi üstün tutur. Odur ki, bu araşdırmadan yola çıxan Zephyr komandası da ekonom sinif sərnişinlərinə məxsusi salonun rahatlığını və gizliliyini təklif edən bir dizayn fikri ilə işə başlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin sözügedən dizaynı sərnişinlərin çoxfunksiyalı istifadəsi üçün nəzərdə tutulub. Sərnişinlərin tamamilə düz vəziyyətdə uzanmalarına və ya ayaqlarını uzadıb dik oturmalarına da imkan yaradılacaq. Sərnişinlərin istəyinə görə isə OLED ekranlar və pərdələr də təklif ediləcək.

Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram