Çexiya bankları tərəfindən təklif olunan yeni xidmətin yüz minlərlə əmanətçinin həyatını nəzərəçarpacaq dərəcədə asanlaşdıracağı güman edilir. Maliyyə təşkilatlarının Çexiyanın poçt mərkəzləri ilə birgə təşkil etdiyi bu əməliyyat hesabdakı pulların birbaşa müştərilərin evlərinə çatdırılması sisteminin yaradılmasını əhatə edir.
Yenicə tətbiq olunmuş xidmətdən istifadə etmək istəyən müştərilər xüsusi olaraq yaradılmış əməliyyat mərkəzinə zəng etməli və pulların çatdırılması üzrə müraciət etməlidirlər. Xidmətdən istifadə nəticəsində, pul vəsaitləri 5 iş günü müddətində müştərinin qeyd etdiyi ünvana çatdırılacaq. Hələ ki, birbaşa evlərə göndərilən pulun məbləğində müəyyən məhdudiyyətlər var. Belə ki, həmin məbləğ 20 min krondan, yəni, 1000 ABŞ dollarından çox olmamalıdır.
2 ay ərzində bank müştərilərinə vəsaitlər pulsuz şəkildə poçtalyonlar tərəfindən çatdırılacaq. Qeyd olunan müddət bitdikdən sonra isə bu xidmət ödənişli əsasla müştərilərin istifadəsinə veriləcək. Belə ki, artıq o zaman müştərilər pulun çatdırılması müqabilində 65 (3 dollardan çox) və ya 95 (4.5 dollardan çox) kron ödəməli olacaqlar.
Bankirlərin fikrincə, yeni xidmət təqaüdçülərə, eləcə də Maliyyə təşkilatının şöbələrinin və bankomatların olmadığı kiçik yaşayış məntəqələrinin sakinlərinə daha rahat həyat yaşamaq imkanı verəcək.
Məlumat üçün qeyd edək ki, Slovakiyada artıq 10 ildir ki, pulların birbaşa müştərilərin evlərinə çatdırılması xidməti tətbiq olunur.
Sevinc İbadova/Banco.az