Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyasının ən çox təsir göstərdiyi ölkələrdən biri olan İtaliya daxili turizmi canlandırmaq üçün hərəkətə keçib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İtaliya hökumətinin qərarına əsasən, ölkə vətəndaşlarına 500 avro məbləğində yardım ediləcək. Turizmi canlandırmaq üçün nəzərdə tutulan bu yardım paketinin ümumi həcmi 2.4 milyard avro dəyərindədir.
Qərara görə, sözügedən yardım paketinə illik gəliri 40 min avrodan az olan ailələr 2020-ci il ərzində planlaşdırdıqları istirahətlər üçün müracət edə bilərlər.
Yardımın miqdarı subay, evli və uşaqlı insanlar üzrə müxtəlif məbləğdə nəzərdə tutulub. Məsələn, təkbaşına yaşayan insanlara 150 avro, cütlüklərə 300 avro, uşaqlı ailələrə isə 500 avro veriləcək.
Qeyd edək ki, bu istirahət pulundan ölkə ərazisindəki qonaqlama müəssisələrində iyul-avqust ayları ərzində öz tətilini keçirənlər istifadə edə biləcəklər. Bununla yanaşı, italiyalılar sözügedən yardımı birbaşa əldə etməyəcək, məbləğin 80%-i qonaqlama xərclərində, 20%-i isə gəlir vergisinin tutulması zamanı nəzərə alınacaq.
Xatırladaq ki, İtaliyanın turizm sektoru ölkə iqtisadiyyatında çox mühüm rola malikdir. Turizm Ümumi Milli Məhsulun (GNP) 13%-ni təşkil edir.
Həmçinin oxu: "Maskaları çıxarın, təbəssümünüzü görmək istəyirik"
Bizi sosial şəbəkələrdən izləyin!!