Birinci kursdan qovulan tələbə “Uber”in rəqibini yaratdı | Banco.az

Birinci kursdan qovulan tələbə “Uber”in rəqibini yaratdı

Markus Villinq 19 yaşında olarkən Estoniyanın Tartu Universitetindən qovulur. Birinci kursdan qovulan bu gənc 25 yaşına qədər Avropada “Uber”in rəqibini yaratmışdı. Şirkətin dəyəri 1 milyard dollar qiymətləndirilir. Markus Estoniyada bir milyardlıq şirkət təsis etmiş ən gənc biznesmendir. 

“Bolt” taksi xidmətinin təsisçisi və icraçı direktoru Villinqin dediyinə görə, o, Tartu Universiteti informatika fakültəsinin birinci semestrindən sonra universitetdən qovulub. Və daha sonra valideynlərindən taksi tətbiqetməsi yaratmaq üçün borc alıb. İlkin kapitalı 5 min avro olub. 

Villinqin sözlərinə görə, 2004-cü ildə elə Estoniyada yaradılmış Skype onu şəxsi texnoloji biznesini yaratmağa həvəsləndirib. 

Həmçinin oxu: Varlanmağın ən asan olduğu ölkələr hansılardır? 

Markus Villinq CNBC telekanalına verdiyi müsahibədə deyib: 

“Mən anladım ki, texnologiya elə bir sahədir, kiçik komandayla böyük nəticələr əldə etmək mümkündür. Buna nail olmaq üçün çoxlu sayda işçi götürmək və bahalı marketinq kampaniyalarından istifadə etmək lazım deyil”. 

“Qənaətcil olmaq və müştəriyə fokuslanmaq zəruridir. Bu sənayedə pulun dəyərini bilməlisən. Odur ki, 20% daha ucuz xidmət göstərsəniz və ya sürücülər 20% daha effektiv çalışsalar, biznes uğur qazanacaq” deyə servisin qurucusu bildirib. 

Markus Villinqin sözlərinə görə, “Bolt” artıq diversifikasiya etməyəcək. Şirkət sadəcə elektrikli skuter icarəsi və yemək çatdırılması bazarına girib. O, hesab edir ki, servisin əsas missiyası yerli səviyyədə daşımaların yaxşılaşdırılmasıdır ki, bu da “Bolt”u rəqiblərindən fərqləndirir. 

Ən sərfəli kredit üçün müraciət et

Markus Villinq biznes üçün seçilən adın çox vacib komponent olduğunu vurğulayaraq bəzi məsləhətlər verib. 

Həmçinin oxu: Soft Bank-ın Uber və WeWork-a qoyulmuş investisiyalardan gördüyü zərər 5 milyard dolları keçə bilər 

“Sahibkarsansa, ağlına yüzlərlə möhtəşəm fikir gəlir. Və sən hamısını gerçəkləşdirmək istəyirsən. Lakin çox az şeyi, həqiqətən, yaxşı eləmək mümkündür. Mən gənc sahibkarlara məsləhət görərdim ki, öz müəssisələrinin nəzər nöqtəsini daha çox əks etdirən ad seçsinlər. Bu nəzər nöqtəsi genişləndiyi təqdirdə isə adı dəyişməkdən qorxmasınlar”, — biznesmen yekunlaşdırıb. 

“Bolt” əvvəlcə Baltikyanı ölkələr üçün regional taksi xidməti kimi qurulub. Ancaq indi onun 100 şəhərdə 25 milyon istifadəçisi var. Təxminən yarım milyon sürücü “Bolt” üçün çalışır. “Bolt” sürücüləri Avropada orta hesabla 10% daha çox qazanır, nəinki “Uber”dəki və digər nəhəng Avropa paltformalarındakı həmkarları. Çünki eston servisi sürücülərdən 25% deyil, 15% komissiya alır.

2018-ci ildə “Bolt”un dəyəri 1 milyard dolları üstələdi. 2019—cu ilin aprel ayında xidmət Rusiyaya gəlib, iyunda isə Böyük Britaniyanın lisenziyasını qazanıb. Qeyd edək ki, 2017-ci ildə “Bolt”un Böyük Britaniya bazarına daxil olması uğursuz nəticələnmişdi. 

Nigar Umaxanlı, Finco.az