Banklara nələr qadağandır? | Banco.az

Banklara nələr qadağandır?

Banklar lisenziya alandan mənfəət əldə edənədək həyata keçirdiyi bütün əməliyyatlar bu və digər sahədə qəbul olunmuş qanunlar vasitəsilə tənzimlənir. Bəs banklara nələr qadağandır?

Banco.az Banklar haqqında qanuna əsaslanaraq banklara olan 17 qadağanı sizlərə təqdim edir.

 

1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada "bank" sözü olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz. (Maddə 4.1)

2. Banklar eyni addan istifadə edə bilməz. (Maddə 4.6)

3. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər. (Maddə 5.4)

4. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. (Maddə 6.2)

5. Maliyyə bazarlarına nəzarət orqanının verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz. (Maddə 9.1)

6. Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz. (Maddə 11.1)

7. Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan xarici bank Azərbaycan Respublikasında nümayəndəliyini aça bilməz. (Maddə 12.1)

8. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatlan bankın səhmdarı ola bilməzlər. (Maddə 19.2)

9. Bank yalnız adlı səhmlər buraxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. (Maddə 19.3)

Ən sərfəli kredit üçün müraciət et

10. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. (Maddə 19.4)

11. Heç bir bank maliyyə bazarlarına nəzarət orqanının qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz. (Maddə 21.2)

12. Heç bir xarici bank maliyyə bazarlarına nəzarət orqanının qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. (Maddə 21.3)

13.Bankların bank xidmətləri bazarının inhisara alınmasına və bank işində rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər bağlaması və razılaşdırılmış əməliyyatlar aparması qadağandır. (Maddə 35.3)

14. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz. (Maddə 36.5)

15. Bankların aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır. (Maddə 40.3)

16. Restrukturizasiya planında nəzərdə tutulan hallardan başqa, bank onun öhdəliklərinin restrukturizasiyası zamanı bankın digər hüquqi şəxslərdə iştirak etməsi və ya iştirak payının artırılması barədə qərar qəbul edə bilməz. (Maddə 57-11.21)

17. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz. (Maddə 73.2)