Banklar son 1 ildə fondlara nə qədər vəsait ayırıb? | Banco.az

Banklar son 1 ildə fondlara nə qədər vəsait ayırıb?

Bu məqalədə bankların son bir ildə fondlara ayırdığı məbləğlərlə tanış olacağıq. Bu fondlar Koronovirusla Mübarizəyə Dəstək Fondu, Azərbaycan Ordusuna Yardım Fondu (keçmiş Silahlı Qüvvələrə Yardım Fondu), YAŞAT Fondu və Qarabağ Dirçəliş Fondudur. Banklar bu fondlara ümumi 14 milyon manatdan çox vəsait ayırıb. Bu fondlar arasında ən çox ianə edilən Koronovirusla Mübarizəyə Dəstək Fondudur. Belə ki, xarici bankların filiallarını çıxdıqda, 24 bankdan 21-i bu fonda vəsait köçürüb. 21 bankın ayırdığı vəsait isə 6 milyon manatdan çoxdur. Bankların ianə etdiyi məbləğin çoxluğuna görə  növbəti yerdə Azərbaycan Ordusuna Dəstək Fondu gəlir. Bu fonda 18 bank cəmi 4 milyon manata yaxın vəsait köçürmə edib. Ən az sayda bankın köçürmə etdiyi fond isə YAŞAT Fondudur ki, bu fonda cəmi 6 bank ianə edib. Məbləğ baxımından ən az köçürmə edilən fond isə ən sonda yaradılan Qarabaq Dirçəliş Fondudur. Həmin fonda bu tarixədək 10 bank birlikdə 1 850 min manat məbləğində vəsait köçürüb. 

Banklar arasında isə bu 4 fonda birlikdə ən çox maliyyə vəsaitini Azərbaycan Beynəlxalq Bankı ayırıb. Onun ayırdığı məbləğ 4 milyon manat təşkil edir. Bu isə 2020-ci ildə bankın xalis mənfəətinin sadəcə 3%-ni təşkil edir. Daha sonra Kapital Bank, PAŞA Bank hər biri ayrılıqda 1,5 milyon manat məbləğində pul vəsaiti ianə edib. Ən az yardım edən bank isə Bank Avrasiyadır. Bu bank ötən il qazancının (xalis mənfəətinin) 1,6%-ni ayırıb. 

Onu da qeyd edək ki, PAŞA Bank və Kapital Bankın daxil olduğu PAŞA Holdinq tərəfindən Azərbaycan Ordusuna Yardım Fonduna 1 milyon manat vəsait köçürülüb. 

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram