Bakının Baş planı ictimaiyyətə təqdim edildi | Banco.az

Bakının Baş planı ictimaiyyətə təqdim edildi

Bakı şəhərinin Baş planının ilkin layihəsi virtual sərgi formatında ictimaiyyətə təqdim olunur. 60 gün müddətində hər kəs layihə ilə tanış ola biləcək.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumatda deyilir: ”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planı layihəsinin hazırlanması prosesi çərçivəsində, qanunvericiliyin tələbinə uyğun olaraq, ictimai tanışlıq prosesinə başlanılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimini nəzərə alaraq, Bakı şəhərinin Baş Planının ilkin layihəsinin 60 gün müddətində tanışlıq üçün ictimaiyyətə təqdimatı virtual sərgi formatında keçiriləcək.

Komitənin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Baş planın ilkin layihəsi ilə Komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində (https://arxkom.gov.az/bakinin-bas-plani) tanış olmaq mümkündür.

Bakı şəhərinin Baş planının layihəsi ilə tanış olan hər kəs öz rəy və təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilər. Daxil olan bütün müraciətlər qeydə alınaraq sahə mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və Bakı şəhərinin Baş planının yekun layihəsinin hazırlanmasında nəzərə alınacaq. Həmçinin, növbəti iki ay ərzində Bakı şəhərinin Baş Planının hazırlanması işi çərçivəsində aidiyyəti qurumlar və ictimaiyyət tərəfindən təqdim edilmiş təkliflərin müzakirəsi məqsədilə bir sıra tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Bakı şəhərinin Baş planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Sənəddə şəhərin müxtəlif növ mərkəzlərinin xüsusiyyətləri və inkişaf istiqamətləri, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və “hibrid dəhlizlər” üzrə həllər, eləcə də paytaxtın əhali sıxlığı əsasında hesablanmış mühəndis kommunikasiya təminatı sistemləri və ictimai məkanlara dair inkişaf sxemi öz əksini tapmışdır. Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, tarixi ərazilərin simasına xələl gətirə biləcək tikintilərin qarşısının alınması kimi tədbirlərin görülməsi planlaşdırılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan və digər nəzərdə tutulan tədbirlərin əsas məqsədi – hazırda təkmərkəzli aqlomerasiya olan Bakının çoxmərkəzli və dayanıqlı şəhər kimi ahəngli inkişafının əsasını qoymaq, istiqamətlərini müəyyənləşdirmək, o cümlədən paytaxt iqtisadiyyatının yeni prioritet sahələrinin davamlı inkişafı üçün münbit şəraitin yaradılmasını təmin etməkdir”.

Xatırladaq ki, Bakı şəhərinin Baş planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilmişdir. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə Komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilmişdir. 2-ci mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilmiş və Baş planın hazırlanması işi bu tenderin qalibi seçilmiş nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın “AS+P” şirkətinə həvalə edilmişdir. Həmçinin, Baş Planın hazırlanması prosesinə Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə “BakıDövlətLayihə” İnstitutu cəlb edilmişdir. Eyni zamanda, sorğu əsasında 40-a yaxın dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılmış və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilərək 300-dən artıq görüş və müzakirələr təşkil edilmişdir.

Bakı şəhərinin Baş planının ilkin layihəsi üzərində işlərin aidiyyəti dövlət orqanları və sahə mütəxəssislərinin rəyləri, habelə ictimaiyyətin təklifləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram