Bakıda evlər ucuzlaşa bilərmi? | Banco.az

Bakıda evlər ucuzlaşa bilərmi?

Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur.

2014-cü ilin geridə qalan ayları Bakının və eləcə də ölkənin mənzil bazarında öz spesifikliyi ilə yadda qaldı. İlin əvvəlindəki sürətli qiymət artımları daha sonra azalma, payıza doğru isə stabilləşmə və son ayda isə durğunluq ilə müşahidə edildi. Bununla belə, bu ilin qarşıdakı ay yarımda durğunluğun davam edəcəyi və 2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələbin azalacağı proqnozlaşdırır. 

Bu barədə iqtisadçı alim, Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun sədri Vüqar Bayramov bu gün sosial şəbəkədə paylaşdığı statusunda bildirib. İqtisadçı alim daha sonra bildirib: 

Tələbin azalmasına baxmayaraq, ötən ay və eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmadı. Amma son dünya bazarındakı son dəyişikliklər Bakının mənzil bazarında təsirsiz ötüşməyəcəyi gözlənilir.

Digər tərəfdən, əmlak bazarındakı son 2 ildəki qiymət artımları heç də iqtisadi səbəblər ilə əlaqələndirilmir. Əksinə, ötən ilki qiymət artımlarında iqtisadi faktorlardan daha çox süni və eləcə də psixoloji amillər rol oynayırdı. Artıq əmlak bazarındakı "köpüklər” partlamaq ərəfəsindədir. Bu isə mənzil bazarında yenidən qiymət azalmalarında özünü ehtiva edə bilər.

Əvvəlla, neftin dünya bazar qiymətində azalmalar davam edərsə, bu əmlak bazarında tələbatın azalmaslna və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olan pulun həcmi eyni zamanda qara qızılın dünya bazar qiyməti ilə sıx bağlıdır. İxracımızın 94 faizinin neft və neft məhsullrından ibarət olduğunu nəzərə alsaq bu zaman enerji sektorunun digər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz. Dünya bazarında neftin qiymət azalmaları büdcədən müdafiə olunmayan bir sıra xərclərə sekvest tətbiq edilməsinə gətirib çıxara bilər ki, bu da eyni zamanda özəl xərcləmələrə təsir göstərəcək. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazar qiymətləri aşağı düşən zaman əmlaka olan tələbatın azalması müşahidə edilir. Eyni zamanda, neftin dünya bazar qiymətinin kəskin azalması bəzən və təəssüf ki, adətən qlobal böhranlara işarə kimi yozulur.

Ən sərfəli kredit üçün müraciət et

İkincisi, Rusiya iqtisadiyyatinda müşahidə edilən durğunluq şimal qonşumuzda yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir. 2014-cü ildə Rusiyada yaşayan azərbaycanlıların ölkəmizə göndərdikləri pulların məbləğinin ən azı 30 faizə yaxın azalacağı gözlənilir. Monitorinq və empirik sorğular göstərir ki, mənzil bazarına tələbatın təxminən 1/3-i MDB-də, xüsusən də Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Biznesi zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və biznes ilə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiayda yaşayan həmyerlimizin bir qismi Bakıda 1 deyil, daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər.

Üçüncüsü, Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur. Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevrilib. Bu isə, mənzil bazarında psixiloji təzyiq formalaşdırıb.

Dördüncüsü, paytaxtda infrastrukturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarında böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrində evlərin və ya torpaqların alınmasına yönəldilir. Digər tərəfdən, bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir.

Beləliklə, Rusiyadakı durğunluq və neftin dünya bazar qiymətindəki kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında qiymət azalmalarının olacağını proqnozlaşdırmaq çətin olmaz. Deməli, paytaxtın əmlak bazarı yeni dəyişikliklər ilə üz-üzədir.