“BeWorks Automation”ın təsisçisi, azərbaycanlı Fidan Cavadova avtomobillər üçün universal şarj alətinin prototipini yaratmaq üçün kraudfandinq (insanların könüllü olaraq öz vəsaitlərini və digər resurslarını hər hansı layihəni həyata keçirmək üçün birləşdirməsi – red.) kampaniyasına başlayıb.
Banco.az xəbər verir ki, Cavadova əlçatan (accessible) şarj alətinin son prototipini bitirmək üçün 25 000 funt sterlinq toplayır. Avadanlıq bütün elektromobil sürücülərinin həyatını asanlaşdıracaq, xüsusi ilə də yaşlı, fiziki məhduliyyətli sürücülərin şarj təcrübələrini daha əlçatan və rahat edəcəkdir. Kampaniya ilə əlaqəli video təqdimatla tanış olmaq və ianə etmək üçün bu linkə daxil olub dəstək ola bilərsiniz. https://www.crowdfunder.co.uk/p/accessible-ev-chargepoints-development
Qeyd edək ki, artıq kampaniya öz hədəflərinin 50%-dən çoxuna nail olub. Layihəyə dəstək olanlar arasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp (250 funt ianə), BP-nin Texnologiya, Ətraf-Mühit, Sosial Təsir və Dayanıqlılıq üzrə Vitse Prezidenti Angela McKane (200 funt ianə) və digər məşhur insanlar müxtəlif məbləğdə maliyyə dəstəyi göstərib.
Fidan Cavadova innovativ və inklüziv həlləri ilə Böyük Britaniyanın yaşıl enerji sənayesində mövcud trendləri istiqamətləndirmək və lider olmaq missiyasında olan gənc xanımdır. Elektromobillər üçün şarj qurğuları infrastrukturunu və bərpa olunan enerji sənayesini inkişaf etdirməyə yönəlmiş BeWorks Automation şirkətinin təsisçisi kimi o, daha dayanıqlı gələcək yaratmağı hədəfləyib. O, Böyük Britaniya hökuməti tərəfindən çox çətin alına bilən İnnovator Vizasına layiq görülən ilk azərbaycanlı xanımdır.
Məqsədi biznes dünyasında daha az təmsil olunan və müxtəlif cəmiyyətlərdə daha çox çətinliklərlə üzləşən xanım sahibkarların bir çox beynəlxalq səviyyəli uğurlara imza ata bildiyini göstərmək, mühədislik tələb edən sahələrdə gənc qızların karyera qurmaq istəklərini stimullaşdırmaq və məhsulu bitirdikdən sonra Böyük Britaniya və Azərbaycanda çoxşahəli layihələri ilə həm iqtisadiyyata, həm təbiətə, həm də insanların həyatına müsbət töhvə verməkdir.
Bu sektorda qadın liderliyinə ən böyük maneələrdən biri vençur kapitalı və maliyyənin kişilərin dominantlığında qalmasıdır. Vençur kapitalı (venture capital) partnyorlarının yalnız 3%-i qadınlar, start-up investorların isə yalnız 14%-i qadınlardır. Qadınların rəhbərlik etdiyi müəssisələrin yalnız 1%-i Böyük Britaniyada xarici kapital alıb. Bu, çox ruhdan sala biləcək bir faktordur, çünki maddi dəstəyə ehtiyacı olan, dünyamızı müsbət istiqamətdə dəyişməyə çalışan çoxlu sayda parlaq qadınlarımız var.
Azərbaycanlı gənc xanım bildirib ki, tamamilə elektriklə işləyən, emissiyasız gələcəyə doğru irəlilədikcə, müsbət dəyişikliklərə töhfə vermək və hər kəsi, xüsusən də həssas sürücüləri də aid edən inklüziv həllərin həyata keçirilməsi vacibdir.
Onun fikrincə, elektrik avtomobillər üçün batareyaların enerji ilə doldurulmasında universal yanaşma olmalıdır:
“Bizim missiyamız günəş enerjisi və digər mənbələr hesabına enerji ilə təchiz edilən elektrik doldurma şarj alətləri şəbəkəsini yaratmaq, işlətmək və böyütməklə hər bir elektrikli avtomobil sürücüsünə rahat elektrik doldurma təcrübəsi təqdim etməkdir”.
Cavadovanın yaşıl enerji, elektrikləşdirmə və dekarbonizasiya sahəsindəki fəaliyyəti “British Council” tərəfindən qiymətləndirilib və ona 2021-ci ildə Böyük Britaniyanın Azərbaycandakı səfiri tərəfindən xüsusi mükafat tədim edilib.
Cavadova Azərbaycandan bu şərəfə layiq görülən ilk qadındır. Bu mükafatın ona verilməsi Cavadovanın innovativ, real və genişləndirilə bilən biznes ideyalarına haqq qazandırması ilə bağlıdır.
Hal-hazırda onun üzərində çalışdığı şarj aləti prototipinə Böyük Britaniyada bir neçə icra hakimiyyəti, yerli və regional idarəetmə qurumları tərəfindən, həmçinin London Nəqliyyatı tərəfindən maraq məktubları var. Məhsulu bitirdikdən və sonra onun həm Britaniyada həm də Azərbaycanda müxtəlif layihələrdə tətbiqinini reallaşdırmaq üçün həmvətənlərinin dəstəyinə ehtiyacı var.