Azərbaycanda mobil bankinq əhalinin diqqət mərkəzində deyil | Banco.az

Azərbaycanda mobil bankinq əhalinin diqqət mərkəzində deyil

"Mobil və internet bankinq müxtəlif bankların müştərilərinə kompyuter və smartfonlar vasitəsilə öz hesablarını idarə etmək imkanı verir. Belə ki, müştərilər mobil və internet bankinq xidmətlərindən istifadə etməklə nəinki öz hesablarını nəzarətdə saxlaya, həmçinin köçürülən və xərclənən məbləğlər barədə məlumat əldə edə bilərlər. Bütün bu nailiyyətlərə texnologiyaların daha da inkişaf etdirilməsi hesabına nail olunur. Hal-hazırda Azərbaycanda öz müştərilərinə bu tipli xidmətlər təklif edən banklar fəaliyyət göstərsə də, ölkəmizdəki bütün banklarda bu xidmətlərin təklif olunduğunu söyləmək olmaz. Sözügedən xidmətlərə ölkənin yalnızca aparıcı banklarında rast gəlmək mümkündür". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı açıqlamasında səsləndirib.

"Xüsusi proqramlar müştərilərə bank hesabına nəzarət etmək, kommunal xidmət haqlarını ödəmək və kredit kartı itirildiyi təqdirdə, onu blok etmək imkanı verir. Əgər əvvəllər müştəri oğurlanmış və ya itirilmiş kartını blok etmək üçün banka zəng etməli idisə, hal-hazırda müştəri bu problemi telefonun köməyilə daha qısa müddət ərzində həll edə bilər. Bu xidmətlər hələ ki, Azərbaycanda inkişaf mərhələsindədir və bu səbəbdən də onların istifadəçilərinin sayı o qədər də çox deyil. Paytaxt sakinləri və internetə çıxışı olan şəxslər mobil və internet bankinq xidmətlərinin əsas istifadəçiləri hesab olunurlar. Əlbəttə ki, sözügedən xidmətlərdən istifadədə telefonlar da xüsusi rola malikdir. Belə ki, bu proqramlardan istifadə etmək istəyən şəxsin smartfona sahib olması şərtdir. Düşünürəm ki, ölkədə mobil və internet bankinq inkişaf etdikcə, onların funksiyaları da genişlənəcək. Çünki hal-hazırda bu xidmətin bəzi funksiyaları məhdudlaşdırılıb. Gələcəkdə isə daha da təkmilləşdirilmiş və genişləndirilmiş xidmət şəbəkəsindən daha çox insanın istifadə edəcəyi gözlənilir", deyə ekspert vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Samir Əliyev onu da qeyd edib ki, o, indiki vaxta qədər viruslar və ya digər dələduzluq üsulları vasitəsilə bank hesabının qarət olunması hallarına rast gəlməyib. "Ola bilsin, bu tipli problemlər nə vaxtsa yaşanıb. Lakin əminliklə deyə bilərəm ki, onların sayı məhduddur. Bəlkə də, mobil bankinqin geniş istifadə olunmamasının əsas səbəbi informasiya texnologiyalarının təkmilləşdirilməsi sayəsində internet vasitəsilə pulların və şəxsi məlumatların oğurlanması hallarının müşahidə olunmasıdır".

Bununla yanaşı, mobil texnologiyalar artıq müasir insanın həyatının bir hissəsinə çevrilib. Bu səbəbdən də bank xidmətlərinin bu sahəyə daxil edilməsi davam etdirilir ki, bu vəziyyət də yeni risklərin meydana gəlməsi ilə nəticələnir.

Sevinc İbadova/Banco.az