Azərbaycanda əhalinin həyat tərzi necədir? | Banco.az

Azərbaycanda əhalinin həyat tərzi necədir?

Business İnsight şirkəti tərəfindən Azərbaycanlı əhalinin həyat tərzi haqqında məlumatlı olmaq üçün  həyata keçirilən növbəti araşdırmanı sizlərə təqdim edirik.

Araşdırma 10 sektoru əhatə edir. Nəticələrə keçməzdən əvvəl onu demək istəyirik ki, bu, planşetlə, klassik telefon sorğusu vasitəsilə, Azərbaycanda mart ayı 2020-ci ildə araşdırılmışdır. Hədəf qrupu 18-65 yaş arasında olan və könüllülük prinsipi əsasında təsadüfi yolla seçilmiş xanımlar və kişilər olmaqla bərabər, 1242 nəfər təşkil edir. Soruğuda iştirak edənlər içərisində %38.2-lə 26-35 yaş aralığı olanlar iştirak baxımından birinci yerdədir. Ən az yaş qrupu isə, %11.2-lə 56-65 yaş aralığında olanlardır. Bunu da deyək ki, respondentin orta aylıq gəliri 555 AZN, ailənin orta aylıq gəliri isə 780 AZN olaraq nəticələnmişdir.

İndi isə gələk araşdırılan sektorlara:

Bakı şəhərinin problemləri:

Araşdırma ilə belə bir nəticəyə gəlinmişdir ki, Bakı şəhərində hələ də nəqliyyat sisteminin inkişafına və səmərəli işinin təşkil edilməsinə böyük ehtiyac var. “Bakının ən böyük problemi nədir” sualına iştirakçıların %23-i “tıxac”dır deyə cavab vermişdir. Buradan da anlamaq olar ki, konkret olaraq avtomobil tıxacları paytaxt sakinlərinin gündəlik qarşılaşdıqları və onların gərginliyinə səbəb olan əsas problemdir.

Yeni müasir yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsinə, yəni, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən tədbirlərin həyata keçirilməsinə hələ də ehtiyac böyükdür. Nəzərə almaq lazımdır ki, problemsiz nəqliyyat infrastukturu davamlı iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Araşdırmada xüsusən ətraf ərazilərdə yaşayan sakinlər Bakı şəhərinin ekoloji cəhətdən riskli vəziyyətə düşdüyünü və bununla da insan sağlamlığını təhdid etdiyini qeyd ediblər.

Maraqlıdır ki, iştirakçıların %50.9-i Bakının şəhər kimi probleminin olmadığını və ya bu suala cavab vermədə çətinlik çəkdiyini deyiblər. Bu cavabı verən iştirakçıların əksəriyyəti xanımlar və Bakının ətraf ərazilərində yaşayanlardır.

Gündəlik tələbat üçün alış-veriş yerləri

Əvvəlki illərlə müqayisədə insanların alış-veriş vərdişlərində dəyişiklik açıq-aşkar müşahidə olunur. Əldə olunan nəticəyə əsasən deyə bilərik ki, paytaxt sakinlərinin mütləq əksəriyyəti (%80.7) istənilən gündəlik tələbat məhsullarını əvvəlki illərdən fərqli olaraq uzaq məsafə qət edərək uzaq supermarketə getməklə deyil, yaxınlarında yerləşən supermarketdən əldə edirlər. Araşdırma nəticəsində məlum olmuşdur ki, Bravo supermarketlər şəbəkəsi paytaxt sakinləri arasında ən ucuz market kimi qavranılır. Lakin maraqlı məqam odur ki, Azərbaycanda ilk endirimli market şəbəkəsi olan OBA marketlər şəbəkəsi bu siyahıda %14.5-lə üçüncü yerdədir. Bu marketlər şəbəkəsinin ucuz market kimi qavranılmasında xanımların sayı çoxluq təşkil edir

Azərbaycan Dəmir Yolları

Sorğu keçirilmiş 1242 respondentin %11-i, yəni 133 nəfəri, son 1 il ərzində ADY xidmətindən istifadə edib. Dəmiryolları xidmətindən istifadə edən 133 nəfərin %80-i yalnız Respublika daxili regionlara getdiyini, %15-i yalnız xarici ölkələrə səfər etdiyini, qalan %5.3-i isə həm Respublika daxili, həm də xarici ölkələrə səfər etdiyini bildirmişdir.

Respublika daxilində səfər edənlərin daha çoxu Bakıya (%45.9), xarici ölkəyə gedənlər isə %9.8-lə ən çox Gürcüstana səfər edildiyi məlum olub.

İşə gedərkən istifadə olunan vasitələr və iş axtarışı

Sorğuya cəlb olunan 491 paytaxt sakininin %58-i hazırda işlədiyini qeyd edib. İşləyənlərə “İşə gedərkən hər gün ən çox hansı nəqliyyat vasitəsindən istifadə edirsiniz” sualı ünvanlanıb. Məlum olub ki, son dövrdə yayılan Covid-19 pandemiyası ilə əlaqədar olaraq insanlar, şəxsi ailə avtomobillərindən istifadə etməyə daha çox üstünlük verirlər. Bu suala ən az faizlə (%0.4) “qatarla gedirəm” cavabı verilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu sorğu mart ayında keçirilmişdir.

İnsanlara “iş axtarmalı olsaydınız, hansı yolla axtarardınız?” sualı verilmiş və onların %30.4-i də “dost-tanış vasitəsi ilə” cavabını vermişdir. Respondentlər qeyd edir ki, çox vaxt qapalı vakansiyalar barədə malumatları tanışlar, dostlar, qohumlar vasitəsilə tapmaq olur. Onlar həmçinin bildirir ki, məşğulluq mərkəzləri vasitəsilə iş tapmaq ən effektiv yol hesab edilmir. Çünki, orada tələbat əsasən az maaşlı işlərdə çalışmaq istəyənlərədir. Yenə də, məşğulluq mərkəzlərini iş axtarmaq üçün uyğun yol hesab edənlər elə də az deyil (%22). Bəziləri isə birbaşa iş götürənlə əlaqə saxlamağın tərəfdarıdır (%5.6).

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətlərindən istifadə

Araştırma nəticələri göstərir ki, Azərbaycan əhalisi son 1 ildə banklara ən çox kredit xidmətləri üzrə müraciət ediblər. Bununla belə, Azərbaycanda hər 4 nəfərdən birinin banka nağd kredit borcu var. Bunun üzərinə taksit kartından olan borcları da nəzərə alsaq, məbləğin bir az da böyüdüyünün şahidi oluruq. Banklara əmanət yerləşdirənlər isə %3 təşkil edir.

Həmçinin araşdırma nəticəsində məlum olub ki, hər 10 nəfərdən 3-nün kreditə və ya borc pula ehtiyacı var. Kreditə ehtiyacı olan hər 10 nəfərdən 4-ü biznes üçün borclanmaya getməyi daha məqbul hesab edir. Borca ehtiyacın əsasən 1000-5000 manat arasında olduğu müşahidə olunsa da, orta məbləğ 9000 manat təşkil edir.

Biznes fəaliyyəti

1242 nəfər arasından aparılan araşdırmaya əsasən Azərbaycanda son 5 ildə hər 5 nəfərdən 1-nin şəxsi biznesi olmuşdur.  Amma biznesi olan 230 nəfərdən sadəcə 62 %-i biznesinini davam etdirə bilmişdir. 38% sahibkar isə bu və ya digər səbəbdən biznes fəaliyyətini dayandırdıqlarını qeyd ediblər.

Məişət texnikası mağazalarının qavrayışı

Son zamanlar Azərbaycanda aparılan araşdırmalarda məişət texnikası dedikdə ilk ağıla Samsung brendi gəlir. Respondentlər arasındakı aparılan sorğuda məlum olmuşdur ki, bəzi mağazaların üzərində “Samsung” brendinin loqosu yazıldığına görə istehlakçılar həmin mağazanı “Samsung” kimi yadda saxlayır. Kontakt Home mağazalarından filial sayına görə daha çox olan mağazalar olsa da uğurlu marketinq siyasətinin nəticəsində istehlakçıların mağaza haqqında məlumatlılığını artırıb. Nəticədə də TOP 10–luqda ikinci sırada öz yerini alıb. Sorğuda iştirak edənlərin 12%-i ümumiyyətlə mağaza adı tanımadığını bildirib.

Qabyuyan maşın

Qabyuyan maşından istifadənin penetrasiyası aparılan araşdırmada məlum olmuşdur ki, 13,4% təşkil edir. Buna baxmayaraq əvvəlki illərlə müqayisədə qabyuyan maşından istifadənin populyarlığı daha da artıb. Qabyuyan maşın markalarından isə “Samsung” öz liderliyini qoruyur istehlakçılar tərəfindən. Çarpaz təhlillər göstərir ki, qabyuyan maşından istifadə  aylıq gəliri 1500 azn – dən yuxarı olan ailələrdə daha geniş yayılmışdır.

Uşaq bezlərindən istifadə

1242 nəfər respondent arasında aparılan araşdırmada 36%-i evlərində 3 yaşa qədər körpə olduğunu bildirmişdir. Onların 14,6%-i uşaqlarının yaşının böyüdüyü, güvəzə öyrətdiyi səbəbindən uşaq bezlərindən istifadə etmədiklərini qeyd etmişlər. Digər respondentlər arasındakı sorğuda məlum olmuşdur ki, valideynlərin 32,4%-i  uşaq bezlərini seçərkən P&G markası olan Pampers markasına üstünlük verirlər. Predo markarlı bezlər isə sıralamada ikinci yeri alır.

Onlayn sifarişlər

Azərbaycanda hələ də onlayn məhsul sifarişi geniş yayılmamışdır. Respondentlərin %84-i aparılan sorğuda son 1 il ərzində internet üzərində məhsul alış–verişi etmədiklərini bildirmişlər. Onlayn məhsul alış–verişi edən respondentlər arasından aparılan sorğuya əsasən məlum olmuşdur ki, istehlakçıların %36-i Aliexpress-i istifadə edir. Sıralamada ikinci və üçüncü yeri isə Trendyol və İnstagram üzərindən satış edən səhifələri bölüşür.

Alınan məhsulların növünə görə geyim və ayaqqabı məhsulları 57% ilə üstünlük təşkil edir.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram