Azər Əlizadə: “Sığorta bazarını canlandırmağa çalışırıq” | Banco.az

Azər Əlizadə: “Sığorta bazarını canlandırmağa çalışırıq”

“Qala Həyat” Sığorta ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadənin müsahibəsi
 
-Azər müəllim, bu il ərzində bazara yeni sığorta məhsulu təqdim etmək planınız varmı?


-Şirkətimiz 2010-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığımız tarixdən indiyədək bazara həyat sığortası ilə bağlı 6 məhsul təqdim etmişik. Bu il ərzində biz bir neçə həyat sığortası məhsulunun yaradılması üzərində çalışırıq. Yeni məhsulun bazara təqdim edilməsində əsas prioritet məqsədlərimizdən biri müştərilərin maraqlarını əhatə etmək və onların məhsullarımızdan və xidmətlərimizdən məmnun qalmalarıdır. Çünki müştərilərin məmnuniyyəti bizim üçün çox önəmlidir.

-Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?


-Sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr təbii ki bazarın inkişafına da öz təsirini göstərdi. Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ilin birinci rübünün yekunları ilə bağlı açıqladığı rəqəmlər bu inkişafı bir daha sübut edir. Palatanın hesabatında qeyd olunur ki, cari ilin I rübündə ümumilikdə 193,1 mln. manat məbləğində sığorta haqqı toplanıb ki, bu da, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,1% çoxdur. Deməli bazar son bir ildə 28% genişlənib, yığımlar artıb. Bunu normal göstərici hesab etmək olar, lakin bazarın potensialı daha çoxdur.    

-Azər müəllim, əhali arasında könüllü həyat sığortası məhsullarına maraq necədir? 


-Bəli, son illər könüllü sığorta növlərinə olan maraq daha da artıb. Demək olar ki,  bu istiqamətdə könüllü sığorta növlərinin inkişafı özünü göstərir. Artıq bir çox şirkətlərin sığorta portfelində icbari növlərə nisbətdə könüllü sığorta növlərinün xüsusi çəkisi artır. 
Təkrar Palatanın hesabatına nəzər yetirsək görəririk ki, sığorta yığımlarının və ödənişlərinin böyük hisəsinin könüllü sığortaların payına düşüb. Könüllü sığorta bazarı üzrə yığımlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat olub. Müqayisə etsək görərik ki, icbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub. Növlər arasındakı inkişafın fərqini rəqəmlərdən aydın şəkildə görmək olur.
 
-Bəs, könüllü sığorta bazarındakı canlanmaya səbəb nədir?

Ən sərfəli kredit üçün müraciət et


-Fikrimcə, əhali arasında sığorta barəsində aparılan maarifləndirmə işləri canlanmanın əsas səbəblərindən biri hesab etmək olar. Düşünürəm ki, maarifləndirmə işləri burada öz müstəsna rolunu oynayıb. Sığortanın təbliği ilə yanaşı, iş yerlərində baş vermiş ölüm hadisələrinə, eləcə də xəsarətlərə görə sığorta şirkətləri tərəfindən verilən sığorta ödənişləri əhali arasında sığortaya olan inamı bir daha artırdı.
 
-“Qala Həyat” olaraq maarifləndirilmə istiqamətində hansı işlər görürsüz? 


-Bildiyimiz kimi, həyat sığortası bazarı Azərbaycanda ümumi sığorta sahəsinə nisbətdə yeni bir sahədir. Təcrübə göstərir ki, isətənilən bir sahənin inkişafı üçün ilk növbədə maarifləndirici, eləcə də təbliğat-təşviqat işləri görülməlidir. Bu sahədə “Qala Həyat” olaraq, üzərimizə düşən ən vacib və ilk işimiz bacarıqlı, peşəkar komanda formalaşdırmaq olub. Fikrimcə, bu şirkətin əldə etdiyi uğurların və maariflənmənin ən vacib hissəsidir. Çünki, hər bir savadlı, peşəkar  əməkdaş şirkətin siması sayılır və öz növbəsində istənilən yerdə şirkəti təmsil edir. Biz öz komandamıza peşəkar kadrlar cəlb etməklə əhalinin maarifləndirilməsi işlərinə bir növ dəstək veririk. Marifləndirmə işlərini genişləndirməklə bazarı daha da canlandırmağa çalışırıq.
Peşəkar kadrlarımızı bu işə cəlb etməklə ümumilikdə Azərbaycan iqtisadiyyatına, o cümlədən sığorta bazarının inkişafına öz töfhəmizi vermək niyyətindəyik. Öncə qeyd etdiyim kimi, bu ilə nəzərdə tutduğumuz yeni məhsullarımız belə daha çox sosial maarifləndirmə yönümlüdür.
Şirkətimiz maarifləndirmə işləri çərçivəsində ölkəmizin ali təhsil ocaqlarında sığorta sahəsini daha geniş aydınladan görüşlər keçirir, eləcə də “Qala Sığorta” şirkəti ilə birgə ictimai məkanlarda maraqlı aksiyalar təşkil edirik.
 
Müsahibəyə görə təşəkkür edirik!

Fed.az