Denni Qroner Nyu-Yorkda yerləşən “SquareFoot”da inkişaf-PR direktorudur. Adıçəkilən şirkət daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən kommersiya təşkilatıdır. “SquareFoot” inkişafda olan şirkətlərə ABŞ-ın 30 ən nəhəng bazarında növbəti ofisini tapmaqda yardım göstərir.
Qroner hələ yeniyetmə ikən anası ona daşınmaz əmlak sferasında işləməyi tövsiyə edirmiş. Lakin o, həmişə bu ideyadan imtina edirdi. Denni əvvəlcə jurnalist, daha sonra marketoloq kimi işləyib, ancaq əvvəl-axır daşınmaz əmlak sahəsinə gəlib çıxıb. Odur ki, başqalarını da analarını dinləməyə səsləyir. “Hr-portal.ru” onun ibrətamiz müsahibəsini paylaşıb.
“Hələ yeniyetmə ikən mənim qiymətlərim və o dövrə uyğun seçimlərim onu deməyə əsas verirdi ki, həyat uğuruma iş yerimdə nail ola bilərəm, nəinki təhsil aldığım yerlərdə. Ətrafdakı insanlarla qarşılıqlı əlaqəmi, ünsiyyətimi müşahidə edən anam təkid edirdi ki, daşınmaz əmlak sahəsi ilə daha yaxından maraqlanım. O istəyirdi ki, staj keçmək üçün yerlər axtarım və faydalı insanlarla üzbəüz görüşüm, bu sənayenin mənə təklif edə biləcəyi perspektivləri görüb həvəsim artsın. Lakin ofis işini xoşlamadığımı və rieltor olmaq üçün can atmadığımı əsas gətirərək onun tövsiyəsini dəfələrlə rədd etmişəm. Xahiş etmədiyim halda verilmiş bu məsləhətlər ağlıma batmırdı.
Məhz bu il anladım ki, o, hər şeyi məndən daha yaxşı bilir. Tərsliyimə və onun səhv etdiyini düşündüyümə görə özüm üçün ən yaxşı olanı dərk edə bilmirdim. Halbuki anam çox şey vəd edən bir xüsusiyyətimi görmüşdü: insaniyyəti.
Kişik yaşlarımdan insanların içində olmağa, onlara sual verməyə, onlar haqqında daha çox şey öyrənməyə can atırdım. Nə fikirləşirlər və necə yaşayırlar… Bu sual məni cəlb edirdi. Ekstravert təbiətim və qrup toplantılarına simpatiyam ona gətirib çıxartmışdı ki, günümün çox hissəsi dostların və qonşuların evində keçirdi. Üstəlik, özümü öz evimdəki kimi hiss edirdim. Dostlarım yanımda olmayanda onların bacı-qardaşı, ata-anası, nənə-babası ilə də söhbət edirdim. Ən çox da mənim karyeram, həvəslərim və ya təcrübələrimlə, ümumiyyətlə, əlaqəsi olmayan insanlar diqqətimi çəkirdi. “Sizə o qədər sualım var ki” — bu ibarəni fəxrlə deyirdim.
Ünsiyyət tələbatım məni jurnalistika, sonra rəqəmsal marketinqə meylləndirdi. Yad şəhərlər haqqında məqalələr oxuyur, ardınca müxbirlərə tərif dolu ismarıclar göndərirdim ki, min mil məsafədən onların hekayələrini oxuyub zövq aldığımı bilsinlər.
20 yaşımda əkdiyimi biçdim, yeni başlayan jurnalist kayeramdakı bəzi uğursuzluqlar bilik və bacarıqlarımı perspektivdə necə tətbiq etməyi yenidən gözdən keçirtməyə vadar etdi. Nəticədə özümü marketinq sahəsində tapdım. Bu seçim ona görə əlverişli idi ki, karyerama davam etmək üçün aspirantura təhsili zəruri deyildi. Bir müddət sonra anam yenidən başqa marşrut təyin etməyə çağırmağa başladı. Startap stabil iş deyildi, onunçün də anam narahat idi ki, şüurlu qərar vermirəm.
Ötən ilin əvvəllərində yeni nailiyyətlər axtarışında idim. Nyu-Yorkda əmək bazarında bir çox insanla əlaqə saxladım, onlardan biri daşınmaz əmlak üzrə kommersiya şirkətinin baş direktoru çıxdı. Bu sənayenin necə bir yer olduğunu araşdırmağa qərar verdim. Bir halda ki, bu sahə təqaüddə olan dövlət vəkilini, yəni anamı məftun edib, niyə də yoxlamayım?
Elə ilk görüşdə baş direktor onun şirkətinin nə ilə seçildiyindən bəhs etdi. Söhbətin gedişatındaca şirkətə qısa müddətdə adaptasiya olacağımı instinktiv olaraq anladım. Növbəti bir neçə həftə ərzində komandanın bir neçə üzvü ilə (brokerlər, mənim kimi qeyri-ənənəvi təcrübəsi olan digər işçilərlə və s.) tanış oldum. Və mənim təcrübəmə, qabiliyyətimə müvafiq olan vəzifəni müəyyənləşdirdik. Ötən yaz orada işləməyə başladım. Anam haqlı idi, mən bu sahədə işləmək üçün doğulmuşam.
Anası həyatda olanlara məsləhətim budur ki, onlara diqqətlə qulaq assınlar. Dostlarla söhbətdə də şahidi ola bilərsiniz ki, öz ixtisasınla əlaqəsi olmasa belə karyeranda “ən güclü əzələlərini məşq etdirmək” çox böyük xoşbəxtlikdir. Bir işi görmək üçün doğulmusansa, o işi görürsənsə və üstəlik, buna görə pul qazanırsansa, deməli, bəxtin gətirir.
Bu faktı qəbul edin ki, bir iş sizin əlinizdə su içmək kimi bir şeydirsə, başqaları üçün də hökmən belə olmur. Biz hamımız bacarıqlarımızı, vərdişlərimizi yetərincə qiymətləndirmirik. Düşünürük ki, hər kəs buna nail ola bilər. Lakin çox vaxt yanılırıq.
Əvvəllər indi işlədiyim yerdə çalışmadığım üçün peşman deyiləm. Sadəcə o günah hissi ilə yaşayıram ki, niyə daha əvvəl anama can qulağıyla qulaq asmamışam”.
Əsl təyinatınızı tapmaqda uğurlar!
Nigar Umaxanlı, Finco.az