Müəllif - Fərid İslamov, Banco.az
Almaniyada oğurluqlarından artması səbəbi ilə gecələr bankomatlara girişi bağlayır
Almaniya sakinləri gecə saatlarında bank filiallarının foyesindəki bankomatlardan pul çıxara bilməyəcəklər. Banco.az xəbər verir ki, partlayıcı maddələrdən istifadə etməklə bankomatlara hücumların artması ilə əlaqədar ölkə hakimiyyəti bankların saat 23:00-dan 06:00-a qədər foyeni açıq qoymasını qadağan etmək qərarına gəlib.
Almaniyanın daxili işlər naziri Nensi Fayzer bank sənayesinin nümayəndələri ilə görüşdə hökumətin hücumlar dalğasını dayandırmaq üçün “effektiv və ümummilli qabaqlayıcı tədbirlər” görməyə məcbur olduğunu bildirib. Səlahiyyətlilərin məlumatına görə, partlayıcı maddələrdən istifadə etməklə bankomatlara edilən hücumların sayı 2020-ci ildəki 111-dən 2021-ci ildə 250-yə yüksəlib və bu ilin sonuna onların sayının daha da çox olacağı ehtimal edilir. “Bankomatlarda tez-tez çox təhlükəli partlayıcı maddələrdən istifadə etməklə törədilən partlayışların sayının kəskin artması üçüncü şəxslərin həyatını təhdid edir”, - nazir bildirib.
Europol həmçinin bu yaxınlarda partlayıcı maddələrdən istifadə edərək bankomatlara hücumların sayının artdığını açıqlayıb. Təşkilatın məlumatına görə, bu hücumlar xüsusilə Hollandiya, Almaniya, Baltikyanı ölkələr və Avropanın cənubunda tez-tez baş verir. Artan hücumlara qarşı mübarizə çərçivəsində Almaniya bankları həmçinin videomüşahidə sistemini təkmilləşdirmək, avadanlıqların mühafizəsini gücləndirmək, həmçinin bankomatlarda saxlanılan nağd pulun həcmini azaltmaq niyyətindədirlər.