Banco.az ABA-nın icraçı direktoru Yunus Abdulovun ABA-nın və bank sektorunun 2020-ci ildə gördüyü işlər haqqında müsahibəsini təqdim edir.
Hörmətli Yunus müəllim, 2020-ci il istər qlobal müstəvidə, istərsə də regional və ölkə səviyyəsində əhəmiyyətli çağırışlarla müşahidə edildi. Bu çağırışlar ölkənin bank sistminə necə sirayət etdi və banklar bu təsirlərə necə cavab verdi? Bunu xronoloji olaraq, necə təsvir etmək olar?
2020-ci il dünya səviyyəsində pandemiya və onunla mübarizə ilə yadda qaldı və ötən il ərzində davamlı şəkildə, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq çoxsaylı qabaqlayıcı və dəstək tədbirləri həyata keçirildi, bu tədbirlər həm əhalimizin dəstəklənməsi, həm də sahibkarların dətəklənməsi üzrə işləri əhatə etmişdir. Bu tədbirlərin icrası çərçivəsində, eləcə də bankların öz təşəbbüsləri ilə əhalinin və sahibkarların mövcud şəraitdə dəstəklənməsi istiqamətində bir çox işlər görülmüşdür. Görülmüş işlərin və həyata keçirilmiş tədbirlərin əhatə dairəsinin genişliyini nəzərə alaraq, bu suala cavabı bir neçə başlıq altında verməyi daha məqsədə uyğun hesab edirəm.
Pandemiya və ondan daha əvvəl baş verən və həllini tapan qısamüddətli çağırış
İlk olaraq, ölkəmizə bəlkə də pandemiyadan daha tez gəlib çıxan digər bir qısamüddətli çağırış haqqında fikir bildirmək istəyirəm. Bildiyimiz kimi, mart ayının əvvəlindən etibarən neft qiymətlərində volatilliyin artması ölkənin valyuta bazarında müəyyən gərginliyə səbəb oldu. Məlum idi ki, neft qiyməti trendindəki bu dəyişikliyin səbəbi iqtisadi deyildi, indi olduğu kimi o zaman da ölkə iqtisadiyyatı kifayət qədər dayanıqlı idi , baş verən proseslər digər mənbələrdən qaynaqlanırdı, eləcə də qısamüddətli xarakter daşıması ehtimalı daha yüksək qiymətləndirilirdi. Həmin dövrdə banklar müştərilərin tələblərinin ödənilməsi istiqamətində davamlı fəaliyyət göstərdi, pandemiya şəraitinin gətirdiyi məhdudiyyətlərə baxmayaraq maksimum müştəri məmnuniyyətinin təmin edilməsi, idxalla məşğul olan şirkətlərin, xüsusən də həmin dövrdə həyati əhəmiyyətli idxal məhsullarının, ərzaq məhsulları, dərman və tibbi ləvazimatları ölkəyə gətirən şirkətlər prioritet olmaqla, tələblərinin tam olaraq ödənilməsi üçün çalışdılar. Requlyatorun da daimi dəsətyi ilə icra edilən bütün bu görülən işlərin və tədbirlərin də təsiri ilə növbəti aylardan neft qiymətlərinin tam bərpa olunmamasına baxmayaraq, o zaman bazarda mövcud olan müvəqqəti xarakterli gərginliyin aradan qalxmasına birlikdə nail olundu. Başqa sözlə, birgə səylər nəticəsində 2020-ci ilin ilk çağırışının öhdəsindən uğurla gəlindi.
İkinci və daha uzunmüddətli çağırış. Ötən ilin ilk aylarından etibarən Çində özünü göstərən yeni növü koronavirus (COVID-19) və onun pandemiyaya çevrilmə potensialı haqqında xəbərlər dünya gündəmini əhatə etməyə başladı. Vaxt keçdikcə, bu virusun sürətlə yayıldığının, iqtisadi gücündən, iqlim şəraitindən və coğrafi yerləşməsindən asılı olmayaraq, artıq bütün ölkələrin onunla mübarizə aparmalı olduğunun şahidi olduq. Bu son dövrlər üçün analoji olmayan yeni bir hadisə idi və qeyri-ənənəvi həll yolları tələb edirdi.
Digər ölkələrin təcrübələri onu göstərirdi ki, bu zaman tətbiq edilən ən effektiv priventiv tədbir “lockdown” - “bağlanma”lardır. Bu məhdudiyyətlər isə ilk olaraq biznesə, xüsusilə xidmət sektoruna, həmçinin əhaliyə və nəticədə isə bank-maliyyə sektoruna təsir edirdi. Başqa sözlə, dövlət tərəfindən epidemoloji şəraitə nəzarət ilə yanaşı həm də bu təsirlərin tənzimlənməsini təmin edəcək kompleks tədbirlər görülməsi lazım idi.
Ölkə başçısının Sərəncamı və davamında görülən kompleks tədbirlər
Bütün bu məsələlər isə dövlət səviyyəsində tam əhatəli və operativ şəkildə təşkil edildi. Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci tarixli Sərəncamı ilə bu proseslərə start verildi.
Bu Sərəncam əsasında, Nazirlər Kabineti tərəfindən hazırlanmış müvafiq tədbirlər paketinin mərkəzində isə pandemiyadan təsirlənmiş sahələrdə çalışan və həssas əhali qrupu dayanırdı. İlk olaraq, 2020-ci ilin aprel-may aylarında 2 dəfə (sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə və ümumilikdə 6 dəfəyə qədər) işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-rəsmi olaraq, çalışan şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, ümumi məbləği 450 milyon manat həcmində olan birdəfəlik ödəmələr (190 manat) həyata keçirildi. Bu ödənişlər isə əsasən banklar üzərindən edilirdi ki, olduqca böyük bir kütləni əhatə edən bu prosesin texniki cəhətləri və prosedurları ABA üzv təşkilatları və əlaqədar dövlət qurumları ilə birgə koordinasiya çərçivəsində tez bir zamanda müəyyən edildi, banklar bu şəxsləri öz aralarında miqyas və rayonlar üzrə bölüşdürdülər və pandemiya şəraitinə, bank əməkdaşları üçün yaranan risklərə baxmayaraq ödənişlər tam həcmdə, banklar vasitəsilə reallaşdırıldı.
Qeyd edək ki, ölkə rəhbərliyinin bu ödənişlərin ödəniş kartları vasitəsilə əhaliyə ödənilməsi, bununla da, əlavə tədbir olaraq, belə əhali qrupunun nağdsız ödənişlərə üstünlük verməsi, bank-maliyyə xidmətlərindən istifadəsinin təşviqini ehtiva edən tapşırığına banklar anında reaksiya verərək, requlyatorun davamll dəstəyi ilə 600 min şəxs üçün bankların öz vəsaiti hesabına olmaqla, ödəniş kartlarının hazırlanması prosesinə başlandı. Pandemiyanın gətirdiyi məhdudiyyətlərə baxmayaraq ABA üzvləri mütəşəkkil şəkildə kartların hazırlanması, xaricdən sifarişi, eləcə də əhalimizə paylamasının maksimum müştəri məmnuniyyəti təmin edilməklə təşkili üzrə genişmiqyaslı işləri həyata keçirdi. Həmçinin banklar məhdudiyyətlərin ilkin tətbiq edildiyi dövrlərdə həssas əhali qrupuna məxsus sosial ödənişlərin verildiyi ödəniş kartları üzrə istifadə edilən ATM-in hansı banka məxsus olmasından asılı olmayaraq, nağdlaşdırma komissiyasını tutmadılar.
Digər bir istiqamət isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi idi.
Müvafiq tədbirlər paketi çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara, həmçinin əlavə olaraq 300 min fərdi (mikro) sahibkara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə qərar verildi. Bu vəsaitlərin də sahibkarlara ödənilməsi bankalr vasitəsilə həyata keçirilmişdir.
Beləliklə, 2020-ci il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilmiş oldu.
Bununla yanaşı, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı və onun icrası üzrə sahibkarların subsidiya və dövlət zəmanəti ilə təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydaları da xüsusi ilə qeyd etmək lazımdır. Qeyd edilən qaydalar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tədbirləri çərçivəsində pandemiyadan təsirlənən sahibkarların 1 milyard manata qədər olan mövcud kreditləri 12 ay ərzində 10%-ə qədər subsidiyalaşdırılır, həmçinin müvafiq sahələrdəki bizneslər 500 milyon manat həcmində yeni güzəştli kreditlərlə (60%-ə qədər dövlət zəmanəti və kredit faizinin yarısına qədər subsidiyanın verilməsi şərti ilə) təmin edilir. Vurğulamaq lazımdır ki, bu qaydaların əlaqədar dövlət qurumları ilə müzakirəsi prosesində ABA-nın rəhbərliyi, onun Rəyasət Heyəti və müvafiq Ekspert Qrupları yaxından iştirak etmişdir. Fərmanın icrası nəticəsində sahibkarlara 2020-ci il ərzində banklar vasitəsilə 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılmış, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilmişdir.
Eyni zamanda, ötən dövr ərzində Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə dəyişiklik edilməsi təşəbbüsü irəli sürülmüş və nəticədə sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlara 115 milyon manat dəyərində geniş vergi güzəştləri və tətillər verilmişdir.
Requlyatorun pandemiyanın təsirlərinin tənzimlənməsində rolunu necə şərh etmək olar?
Ümumiyyətlə, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) dövlət-özəl forumuna ən açıq və bu istiqamətdə uzunmüddətli təcrübəyə malik dövlət qurumlarından biridir. Bu cəhətdən AMB sektoru tənzimləyən və ya ona birbaşa və ya dolayı təsiri olan digər təşəbbüslərin banklarla fikir mübadiləsi aparmaqla həyata keçirməsini hər zaman dəstəkləmişdir.
Bu səbəbdən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində ABA üzv təşkilatları ilə fikir mübadiləsi aparılmış və banklardan müvafiq istiqamətdə təkliflər paketi alınmışdır. Sonrakı prosesdə AMB-nin İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə koronavirus pandemiyası şəraitində əhaliyə, biznesə və digər tərəfdən maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunmuşdur. Nəticədə kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Pandemiya şəraitinin davam etməsi səbəbindən qəbul edilmiş bu və bu kimi güzəştlər 2021-ci ilin I rübünün sonuna qədər uzadılmışdır.
Bununla yanaşı, bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyaları, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin uzadılmasına qərar verilmiş və effektiv nəticələrə nail olunmuşdur.
Həmçinin pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitlərinin yüksəldilməsi təcrübəsi requlator tərəfindən ölkəmizdə də tədbiq edilmiş və bu əməliyyatlar üçün nəzərdə tutulan limit 50 (əlli) manat səviyyəsindən 100 (yüz) manata yüksəldilmişdir.
Həmçinin 16 sentyabr 2020-ci il tarixində pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müzakirəsinə hərs olunmuş Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası da keçirilmişdir. İclasda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası təmsil olunmaqla yanaşı, sahibkarlar və bank nümayəndələri iştirak etmişlərdir. Ümumilikdə, sahibkarlara dəstək və onların problemlərinin öyrənilməsi məqsədi ilə məhdudiyyətlərin başladığı dövrdə ABA-nın törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin dəstəyi ilə bankların biznes müştəriləri arasında pandemiyanın təsirlərinin müəyyən edilməsi və maliyyə ehtiyacları ilə bağlı sorğu keçirilmiş və bu məlumatlar requlyatorla bölüşülmüş və fikir mübadiləsi aparılmışdır. Bu görüşdə isə sorğunun ilk aparıldığı dövrdən bəri baş verən dəyişikliklər və yerdə qalan çağırışların həlli istiqamətində təkliflər səsləndirilmişdir.
Yekun olaraq, pandemiya dövründə requlyator tərəfindən həm maliyyə sektorunun stabilliyinin qorunması, həm əhali və biznesin dəstəklənməsi, həm də ümumilikdə makroiqtisadi sabitliyin təmin edilməsində təqdirə layiq addımlar atıldı və proseslər peşakarlıqla idarə edildi. ABA olaraq, bütün bu proseslər zamanı dövlət-özəl forumu çərçivəsində bu proseslərə qoşulmuş və mümkün dəstək kanalları ilə töhfə verməyə çalışmışıq və bunu daim davam etdirəcəyik.
Pandemiya şəraitində ABA və banklar öz təşəbbüsləri çərçivəsində hansı addımları atdılar?
Yuxarıda qeyd etdiyim məsələlər dövlət qurumları və requlyator tərəfindən tədbir, qayda və mexanizmlərin formalaşdırılmasına və sonradan onların tətbiqi prosesinə bankların verdiyi töhfə üzərində qurulmuşdu.
Lakin banklar bu proseslərin əvvəlindən etibarən beynəlxalq təcrübəyə əsaslanan və yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılmış müxtəlif tədbirlər görməyə başlamışdırlar. Bunların ilki sahibkarlara 1-3 ay müddətinə kredit ödənişləri üzrə möhlətin verilməsi, başqa sözlə, restrukturizasiyanın tətbiqi idi. Bu tədbir banklar üçün müəyyən əlavə xərclərə səbəb olsa da (restrukturizasiya zamanı kreditin keyfiyyəti nisbətən pisləşir və ehtiyat yaradılmalı olur)yaranmış şəraitdə sahibkarların dəstəklənməsi əsas götürülərək banklar tərəfindən icra edildi. Bununla paralel olaraq, qeyd olunan prosesin məsafədən bankçılıq xidmətlərinin təqdim etdiyi imkanlar hesabına həyata keçirilməsi istiqamətində mümkün tədbirlər görüldü. Bundan əlavə, həyata keçirilməsi yalnız bank filiallarında mümkün olan əməliyyatlardakı təhlükəsizliyi təmin etmək, karantin rejiminin tələblərinə effektiv əməl edilməsi üçün də bank daxili prosedurlar hazırlandı və tətbiq edildi.
Həmçinin banklar tərəfindən pandemiya dövründə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 7 milyon manatdan çox ianə edilmişdir.
Qeyd etdiyiniz kimi, pandemiya dövründə əsas məqsədlərdən biri məhz məşğulluğun qorunub saxlanmasına dəstək verilməsi olmuşdur. Bəs banklar bu prosesə necə dəstək oldular?
İlk olaraq, hər kəs razılaşar ki, banklar real sektorun maliyyələşdirilməsinə dəstək verməklə, yeni iş yerlərinin açılmasına imkan yaradır və ölkədə məşğulluğun inkişafına töhfə verirlər. Lakin bu yeganə amil deyildir. Həmçinin banklar özləri işəgötürəndirlər və 19 min nəfərə yaxın şəxs bu sektorda çalışmaqda və onların sayı artmaqdadır. Belə ki, pandemiya dövründə bank sektoru əvvəlki suallarda qeyd etdiyim tədbirlərin təsiri ilə aktiv fəaliyyətini davam etdirmişdir. Nəticədə ötən ilin iyun-dekabr ayları ərzində işçilərin cəlb ediləcəyi 16 yeni filial istifadəyə verilmiş, 300-dən çox yeni əməkdaş işə qəbul edilmişdir.
Digər tərəfdən ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən dəstək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə qoşulmaq məqsədilə 11 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır.
Memorandum əsasında tərəflər özünüməşğulluq proqramı çərçivəsində ölkənin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin, habelə işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq və sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək göstərmək məqsədi ilə həyata keçirilən həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair razılığa gəlmişdirlər.
Bu proqram çərçivəsində ölkədə fəaliyyət göstərən banklar könüllülük, humanizm prinsipləri əsasında bu Memorandum üzrə tədbirləri, əsasən də proqramda iştirak edən şəxslərin (orta hesabla bir nəfərə 5 min manatlıq) aktivlərlə təmin edilməsini əvəzsiz olaraq maliyyələşdirir, eyni zamanda onların müxtəlif maliyyə-bank alətlərinə çıxışını dəstəkləyirlər.
Memorandum imzalandığı gündən indiyə qədər 1000 nəfərə yaxın vətəndaşa banklar tərəfindən müvafiq istiqamətlərə uyğun aktivlər təqdim edilmiş, onların bank-maliyyə alətlərinə çıxışı dəstəkləmişdir.
2020-ci ildə həmçinin işğal altında olan torpaqlarımız azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Bu dövrdə hər bir kəs öz imkanları daxilində bu proseslərə dəstək göstərməyə çalışırdı. Bəs bankların buradakı töhfəsi nədən ibarət oldu?
Bu ölçüyə gəlməz nailliyyət ölkə başçısının nümayiş etdirdiyi möhkəm irədə, şanlı ordumuzun və əsgərlərimzin mərdliyi və şücaəti, döyüş meydanında olduğu kimi siyasi arenada da əldə edilən uğurlar, əhalinin ruh yüksəkliyi və birliyi hesabına əldə edildi.
Banklar bu prosesə bir neçə istiqamətdə dəstək verməyə çalışdılar. İlk olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna banklar tərəfindən köçürmələrin həyata keçirilməsi, hərbiçilərimizin, eləcə də cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan əhalimizinə dəstək olmaq məqsədilə banklar tərəfindən çoxsaylı işlər görüldü və tədbirlər həyata keçirildi.
Davamında isə ABA üzv təşkilatları Azərbaycan Prezidentinin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə birgə bəyanatla çıxış etdilər. Bəyanata əsasən, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin və bu dövrdə düşmən təxribatı nəricəsində həyatlarını itirmiş mülki şəxslərin banklara olan kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silindi. Yaralanmış hərbiçilərin kreditləri üzrə faizlərin hesablanması dayandırıldı. Hərbi əməliyyarlarda iştirak edən şəhid olmuş və ya yaralanmış bank əməkdaşlarına və ya onların ailələrinə birbaşa maddi yardım göstərildi.
Bu bəyanatla yanaşı banklar da fərdi yanaşma əsasında şəhid ailələrinin, yaralı hərbiçilərin və mülki şəxslərin öhdəliklərinin silinməsini təmin etmişdirlər.
Nəticədə 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borc, həm də faizlər silinmiş, eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin banklar hesabına tamamilə bağlanması həyata keçirilmişdir.
Bundan sonra isə yeni yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna – Yaşat Fonduna və Qarabağ Dirçəliş Fonduna da banklar tərəfindən ianələr həyata keçirilmiş, onlarla əməkdaşlığın qurulması və inkişafı üzrə ABA tərəfindən təkliflər hazırlanmışdır. Xüsusilə, “YAŞAT” Fondu ilə ABA arasında anlaşma Memorandumu imzalanmış ki, bu da bundan sonra bu dəstək tədbirlərinin davamlı və daha sistemli həyata keçirilməsinə töhfə verəcəkdir.
Məlumdur ki, ABA-nın əsas məqsədlərindən biri də məhz sektorun inkişafı istiqamətində işlər görmək, öz üzvlərini dövlət, beynəlxalq qurumlar və digər ictimai təşkilatlar qarşısında təmsil etməkdir. Bütün bu proseslər fonunda 2020-ci il ərzində ABA-nın bu məqsədə ximdət edəcək başqa hansı təşəbbüsləri oldu?
2020-ci il ərzində əvvəldə qeyd edilən proseslər daha önə çıxsa da, ABA tərəfindən digər istiqamətlərdə də aktiv işlər görülmüş – qanunlara (Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İpoteka haqqında”, “İcra haqqında”, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Dövlət – özəl tərəfdaşlığı haqqında” qanunlara və s.) və sektoru tənzimləyən qaydalara (“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması”, “Banklarda hesabların açılması, aparılması və bağlanması”, “Məhkəmə qərarlarının icrası prosesi”, “Maliyyə Bazarlarının Nəzarət Subyektlərində İnformasiya Təhlükəsizliyinə Dair Qaydalar”, “Kassa Qaydaları”, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması”, “Banklarda likvidlik risklərinin idarə edilməsi”, “Bank kapitalının və onun adekvatlığının hesablanması” qaydaları və digərləri) müvafiq dəyişikliklərin edilməsi istiqamətində təşəbbüslər göstərilmişdir.
Bunlarla yanaşı, bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına; maliyyə-bank sektorunun dayanıqlığının artırılmasına; açıq hökümətin təşviqinə; maliyyə və qeyri-maliyyə xidmətləri üzrə bölgünün hazırlanmasına; zəmanət və subsidiya verilməsi üçün qayda və meyarlara, ikiqatvergitutma və digər istiqamətlərə dair təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir.
Eyni zamanda ABA Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası daxilində “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi qrupunda təmsil edilir və ölkənin beynəlxalq müstəvidə reytinqinin yüksəlməsi istiqamətində öz dəstəyini verməyə çalışır.
Hesabat dövrü ərzində ABA-nın Rəyasət Heyətinin 37 iclası, dövlət qurumları, yerli və beynəlxlaq təşkilatlarla 40-a yaxın görüş keçirilmiş, bank işçilərinin peşakarlıq səviyyəsini artırılması məqəsədi ilə 20-dən çox seminar və təqdimat olmaqla 100-ə yaxın tədbir və görüş təşkil edilmişdir.
Həmçinin ABA daxilində fəaliyyət göstərən müxtəlif istiqamətlərdə formalaşdırılmış və 200-ə yaxın bank ekspertini (yuxarı və orta menecment) əhatə edən 12 Ekspert Qrupumuz da mövcuddur:
- Hüquqi məsələlər üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/huquqi-m%c9%99s%c9%99l%c9%99l%c9%99r-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- IT və IT təhlükəsizlik üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/it-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/od%c9%99nis-sisteml%c9%99ri-v%c9%99-alternativ-xidm%c9%99t-kanallari-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- Kredit işi üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/kredit-isi-v%c9%99-risl-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/ )
- İnsan resurslarının idarə olunması üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/t%c9%99dris-strategiyalari-maliyy%c9%99-savadligi-v%c9%99-ir-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- Komplayns üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/cpy-qarsi-mubariz%c9%99-v%c9%99-komplayns-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- Mühasibat üçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/muhasibat-ucotu-vergi-v%c9%99-hesabatliliq-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- Marketinq və PR üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/marketinq-v%c9%99-pr-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/ticar%c9%99tin-v%c9%99-layih%c9%99l%c9%99rin-maliyy%c9%99l%c9%99sdirilm%c9%99si-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/)
- Xəzinədarlıq və fondların idarə olunması üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/x%c9%99zin%c9%99darliq-v%c9%99-fondlarin-idar%c9%99-olunmasi-uzr%c9%99/qrupun-uzvl%c9%99ri/ )
- Daxili audit üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/daxili-audit/qrupun-uzvl%c9%99ri/)
- Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu (https://aba.az/ekspert-qruplari/riskl%c9%99rin-idar%c9%99-edilm%c9%99si/qrupun-uzvl%c9%99ri/ )
Ötən il ərzində Qruplar çərçivəsində 90-a yaxın görüş keçirilmiş, müxətlif təşkilatlara 200-ə yaxın müraciət göndərilmiş və qayda, qanun, prosedur və s. dəyişikliklər üzrə 50-dən çox təklif paketi hazırlanmışdır.
Gələcək planlar haqqında məlumat verə bilərsinizmi?
ABA-nın ötən 2016-2020-ci il üçün müəyyən etdiyi strateji dövrü arxada buraxdığını və həmin dövrdə qarşısına qoyduğu hədəflərə uğurla çatdığını qeyd edə bilərik. 2020-ci ildən etibarən isə növbəti 5 illik dövr üçün yeni strateji planın formalaşdırılması prosesinə başlanılmışdır, müvafiq təhlillər və sorğular həyata keçirilmiş, yekun sənəd hazırlanmışdır. ABA-nın Ümumi Yığıncağında isə bu strateji plan artıq təsdiqlənmiş və icrasına start verilmişdir. Buradakı hədəflərimiz nələrdən ibarətdir:
- Qarabağın işğaldan azad olunmuş ərazilərində müasir bank infrastrukturunun yaradılmasına dəstək göstərilməsi;
- ABA-nın institusional potensialının gücləndirilməsi;
- Qanunverici, icraedici və məhkəmə orqanları ilə əməkdaşlığın optimallaşdırılması;
- Bank sektorunda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi;
- İctimaiyyətlə əlaqələrin səmərəliyinin artırılması;
- Yerli biznes assosiasiyaları və ictimai birliklərlə əməkdaşlığın genişləndirilməsi;
- Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi;
- ABA-nın xidmətlərinin çeşidinin artırılması;
- Banklarda strateji təhlil və informasiya təminatına dəstək;
- Sosial fəaliyyət layihələrinin daha da genişləndirilməsi və davamlığının təmin edilməsi;
- Sektordaxili tənzimləmənin dərinləşdirilməsi;
- Bankçılıq ekosisteminin inkişafını təşviq etmək və onun təmsilçisinə çevrilmək.
Qarşımıza qoyduğumuz bu hədəflərin hər birinə uğurla çatacağımızı və sektoru daha da inkişaf etdirməklə, real sektora və iqtisadi artıma bir o qədər daha böyük töhfə verməyi arzulayır və bunu birliyimiz hesabına əldə edəcəyimizə inanırıq!
Bizi sosial şəbəkələrdən izləyin!!