Tamara Mustafayeva, Banco.az
Maska geyinməyin zəruri hala çevrildiyi və əksər ölkələrdə də icbari xarakter daşıdığı bu günlərdə mütəxəssislər yeni və daha əlverişli maska modelləri hazırlamağa çalışırlar. Yaponiyada istehsal edilən və müxtəlif dillərə sinxron tərcümə edə bilən C-Mask adlanan tibbi maska da texnologiyanın növbəti uğuru olaraq qarşımıza çıxır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiyanın Donut Robotics adlı texnologiya şirkəti tərəfindən hazırlanan ağıllı tibbi maska C-Mask danışıqları qeydə almaq, onları qısa mesajlara çevirmək və məxəz dildən başqa 8 müxtəlif dilə tərcümə etmək funksiyalarına sahibdir. Bunun üçün maskanın internetə çıxışı olmalı və müvafiq mobil tətbiq vasitəsilə tənzimlənməlidir. Sözügedən xarici dillərə hazırda yapon, çin, ingilis, fransız, koreya, tay, indoneziya, ispan və vyetnam dilləri daxildir.
Bununla yanaşı, sözügedən tibbi maskanın axtarış aparmaq və istifadəçisinin səsini yüksəltmək kimi daha bir çox faydalı funksiyaları da var. Onu da qeyd edək ki, ağ rəngli plastik maddədən istehsal edilən maska özlüyündə virusdan qoruyucu funksiyaya sahib deyil, ənənəvi tibbi maskaların üzərinə üst təbəqə kimi yerləşdirilir.
Şirkətin CEO-su Taisuke Ono illərdir sözügedən tərcümə robotunu hazırlamaq üçün çalışdıqlarını və koronavirus pandemiyasının ortaya çıxmasından sonra isə gündəlik lazımi ehtiyacları qarşılamaq üçün müvafiq məhsula çevirdiklərini bildirib.
Həmçinin oxu: Hansı maskalar daha yaxşı qoruyur?
Bizi sosial şəbəkələrdən izləyin!!