2021-ci ildə ön planda olacaq 5 e-ticarət tendensiyası | Banco.az

2021-ci ildə ön planda olacaq 5 e-ticarət tendensiyası

Tamara Mustafayeva, Banco.az

E-ticarətin dünya miqyasında sürətlə inkişaf etməsi sektora dair müxtəlif inkişaf dinamikalarının meydana gəlməsinə səbəb olub. Xüsusilə bir ildən çoxdur ki, dünyanı təsiri altına alan koronavirus pandemiyası həyatın bütün sahələrini onlayn mühitə inteqrasiya etdiyi bir vaxtda e-ticarətin hansı yeni tendensiyalarla yoluna davam edəcəyi maraq doğurur. Odur ki, bugünkü məqaləmizdə sizin üçün bu ilin aparıcı e-ticarət tendensiyalarını təqdim edirik.

Oyun daxili Satış

Məlum olduğu kimi, ötən il onlayn xərclərin böyük bir qismi virtual oyunların payına düşüb. Qlobal oyun bazarı 160 milyard dollara, oyunçu sayı isə təqribən 3 milyard dollara yaxınlaşıb. Bu sürətli yüksəliş də öz növbəsində müxtəlif markaların diqqətini oyunlara yönəldib. Odur ki, bu il markalar virtual oyun dünyasını müştərilərinə çatmaq üçün daha çox istifadə edəcəklər. Tanınmış markaların geyimləri ilə oyun avatarlarının geydirilməsi kimi fərqli və yeni marketinq vasitələri ön plana çıxacaq.

Bulud Mətbəx

Pandemiyanın başlaması ilə sifarişlərimizi evə göndərən restoran konsepsiyası daha çox həyatımıza daxil oldu. Ancaq bu konsepsiya görünür ki, pandemiyadan sonra da daimi xarakter daşıyacaq. Çünki dünyanın hər yerində “bulud mətbəx” tendensiyası böyük rəğbət görməyə başlayıb. Oturacaq yerlərin olmadığı iaşə məkanları, çox az yer tutan mətbəxlər tanınmış restoranların öz ləzzətlərini daha çox insana və daha çox əraziyə çatdırmasına şərait yaradacaq və bu tendensiya 2021-ci ildə sürətlə inkişaf edərək həyatımızın ayrılmaz hissəsinə çevriləcək.

Anbar və Loqistika xidmətlərində Süni İntellekt texnologiyası

Bu il dünyanın əksər yerlərində saysız-hesabsız yeni e-ticarət saytları fəaliyyətə başladı ki, belə sürətli artım anbar və loqistika sahəsində əsaslı canlanmaya səbəb oldu. Xüsusilə də pandemiyanın daha çox yayılmasının qarşısını almaq üçün bu sahədə süni intellekt texnologiyasından, yeni nəsil anbar və loqistika proqramlarından istifadə edilməyə başlanıldı. Bu il də satışlar artdıqca insan təmasını minimuma endirmək üçün sözügedən texnologiyalardan daha çox istifadə ediləcəyi heç kəsə sirr deyil.

Ən sərfəli kredit üçün müraciət et

Canlı yayım Satışları

Müxtəlif sosial şəbəkələrin də yeni imkanlar yaratması sayəsində artıq satıcılar müəssisələrinin rəsmi hesabları vasitəsilə canlı yayımlar həyata keçirərək bu əsnada satış həyata keçirə bilirlər. Xüsusilə gündəlik tələbat malları (FMCG) kateqrosiyasında bu növ satışların böyük səmərə verəcəyi dəqiqdir. Belə ki, sözügedən məhsullar ötən il qlobal miqyasda ən çox artım göstərən kateqoriyalardan biri olub.

İkinci əl Ticarət

İkinci əl məhsul bazarı və bu sahədə xidmət göstərən onlayn satış saytları bir neçə ildir ki, böyük rəğbət görürdü. Ancaq pandemiyanın başlaması ilə dünya miqyasında müştərilər arasında davamlılıq və qanaət məsələləri üzrə həssaslıq daha da artdı. Hətta qlobal iqtisadi böhran da buna müəyyən qədər təkan verdi desək, yanılmarıq. Odur ki, qlobal hesabatlar göstərir ki, ikinci əl məhsul bazarının ümumi dəyəri növbəti iki il ərzində 65 milyard dollara yüksələcək. Xüsusilə də Z nəsli qlobal istiləşmə və ifrat istehlakın dünyaya necə mənfi təsir göstərdiyinə dair məlumatlı və daha həssasdır. Bu səbəblər də öz növbəsində 2021-ci ildə ikinci əl məhsul bazarının daha da inkişaf edəcəyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram