Forbes qlobal reytinqində iştirak edənlər nəinki lüks həyatları və əyləncələri ilə, həmçinin xeyriyyə məqsədilə xərclədikləri pulun məbləği ilə də diqqət mərkəzində olmağı bacarırlar. 2019-cu ildə yüz milyonlarla, bəzən də milyardlarla dollar pulu təhsil, tibb və elm sahələrinə ianə veriblər.
Müzakirələrin əsas mövzusunun milyarderlərin mövcud olmaq hüququnun olub-olmaması ilə bağlı olduğu bir ildə planetin bəzi zəngin insanları sərvətlərinin bir hissəsini xeyriyyəçiliyə ayırmağa davam edib. İki milyarder hər biri 1 milyard dollardan çox pul bağışladı. On nəfərdən çoxu üzərinə yüz milyonlarla dollar dəyərində öhdəliklər götürdü və ya ianələr verdi. Kaliforniya Texnologiya İnstitutu kimi bəzi qurumlar tarixlərində ən böyük maliyyə yardımı aldı.
Forbes 2019-cu ildə ən böyük ianə və öhdəlikləri hesabladı və ən böyük onluğu seçdi.
Həmçinin oxu: “Facebook” evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb - SƏBƏB
Ən böyük ianə və öhdəliklərin səkkizi bilavasitə qeyri-kommersiya təşkilatlarına (universitetlər, xeyriyyə təşkilatları) ünvanlanıb. Daha ikisi (bu siyahıda ən böyük olanlar) aktivlərin xeyriyyə fondlarına köçürülməsini nəzərdə tuturdu. ABŞ-da xeyriyyə fondları hər il aktivlərinin 5%-ni ödəməlidir. Nəticədə vəqflərə verilən ianələr, nəhayət, istifadə edilməmişdən əvvəl illərlə orada qalır.
2019-cu ilin ən böyük xeyriyyəçilərinin tam siyahısını təqdim edirik.
1. Azim Premci — 7,6 milyard dollar
Hindistanın IT maqnatı olan Azim Premci 2019-cu ilin ən böyük ianəsini etdi. “Wipro Limited” IT şirkətinin 7,6 milyard dollarlıq səhm payını təhsillə məşğul olan xeyriyyə təşkilatı — Azim Premci Fonduna təhvil verdi. 1966-cı ildə Premciyə atasından qida bitki yağı biznesi miras qalmışdı. Sonralar Azim Premci şirkətin profilini dəyişdirərək indiki səviyyəsinə yüksəltməyə nail oldu. 2019-cu ildə şirkətin gəliri 8,5 milyard dollar təşkil etmişdi.
2. Uorren Baffet — 3,6 milyard dollar
Omaha Kahini (Oracle of Omaha) olaraq da tanınan Uorren Baffet hər il “Berkshire Hathaway”in milyard dollarlıq səhmlərini xeyriyyə məqsədilə bağışlayır. Qeyd edək, şirkət Baffetin idarəçiliyi altındadır və “Kraft Heinz” və “Dairy Queen”də pay sahibidir ki, bunun sayəsində Forbesin qlobal reytinqində 4-cü yeri tutur. 2019-cu ilin iyul ayında Baffet həyatındakı ən böyük ianəsini etdi: Bill və Melinda Qeyts Fonduna, Syuzan Tomson Baffet Fonduna (mərhum birinci həyat yoldaşının adına vəqf) və 3 övladının idarə etdiyi fondlara (Howard G. Buffett Foundation, Sherwood Foundation və NoVo Foundation) toplamda 3,6 milyard dollarlıq hissə bağışladı. Forbesin hesablamalarına görə, Baffet indiyə qədər 38 milyard dollardan yuxarı ianə verib.
3. Styuart və Linda Reznik — 750 milyon dollar
Qərzəkli meyvələr də daxil olmaqla meyvə biznesindən böyük bir varidat sahibi olmuş kaliforniyalı milyarderlər Styuart və Linda Reznik sentyabr ayında Kaliforniya Texnologiya İnstitutuna (CalTech kimi tanınır) 750 milyon dollar ödəməyə dair öhdəlik götürdü. Bu yardım iqlim dəyişikliyi sahəsində tədqiqatı
maliyyələşdirmək məqsədi daşıyır. Bu, universitetin tarixində ən böyük ianədir. CalTech “Reznik adına Ekoloji ehtiyatlar mərkəzi” adlandırılacaq 7000 kv.metrlik yeni bina inşa etdirməyi planlaşdırır. Rezniklərin sərvəti 9 milyard dollar dəyərində qiymətləndirilir. Dünya üzrə ən böyük badam və püstə istehsalçısı olan “Wonderful Co.” (“POM Wonderful”, “Fiji Water” və “Halo” narıngiləri kimi brendlərə sahibdir) Styuart və Linda Reznikə məxsusdur.
4. T.Denni Senford — 350 milyon dollar
Kredit kartları buraxmaqla 3,4 milyard dollarlıq bir sərvət qazanan milyarder T. Denni Senford 2020-ci ilin iyul ayında Senford adına Milli Universitet adlandırılacaq San-Dieqo Milli Universitetinə 350 milyon dollar bağışladı. Senford artıq universitetə 150 milyon dollar bağışlamışdı. 1971-ci ildə təsis edilmiş özəl qeyri-kommersiya müəssisəsi olan Milli Universitet əsas etibarilə yetkin tələbələrə təhsil verir və uşaq tərbiyə edən, işləyən və ya orduda xidmət etmiş şəxslərə ixtisaslaşmış təhsil proqramları təklif edir. Senford həyatı boyunca sağlamlıq və təhsil sahəsinə ümumilikdə təxminən 2 milyard dollar bağışlayıb.
5. Filip “Terri” Reyqon və Syuzan Reyqon — 200 milyon dollar
Filip “Terri” Reyqon və Syuzan Reyqon peyvənd araşdırma mərkəzini maliyyələşdirmək üçün ümumiprofilli Massaçusets Xəstəxanasına 200 milyon dollar bağışlamağı öhdələrinə götürdülər. 2009-cu ildə Cənubi Afrikaya səfərdən sonra cütlük QİÇS epidemiyasının nəticələrini anladı. Daha sonra Reyqon adına İnstitut təsis etdilər. İnstitutun məqsədi Massaçusets Xəstəxanası, Massaçusets Texnologiya İnstitutu və Harvardın iştirakı ilə HİV əleyhinə peyvənd hazırlamaqdır. Reyqon xəstəxanalara və banklara böyük məlumatları təhlil etməyə kömək edən “İnterSystems” proqram təminatı sayəsində 2,6 milyard dollar sərvət əldə edib.
6. Stiven Şvarçman— 188 milyon dollar
“Blackstone” investisiya firmasının həmtəsisçisi Stiven Şvarçman Oksford Universitetinə 188 milyon dollar bağışladı. Əfsanəvi ingilis universitetinə edilmiş bu maliyyə yardımı İntibah dövründən bu yana aldığı ən böyük birdəfəlik ianədir. Verilən yardım Şvarçman adına yeni mərkəzin maliyyələşdirilməsi üçün istifadə ediləcək. Mərkəzdə humanitar elmlər, fəlsəfə fakültəsi və Oksford Süni İntellektdə Etika İnstitutu yerləşəcək. Orada həmçinin 500 yerlik konsert salonu və 250 yerlik mühazirə salonu da açılacaq. 2018-ci ilin oktyabr ayında sərvəti 19,1 milyard dollar dəyərində olan Şvarçman Massaçusets Texnologiya İnstitutunun nəzdində yeni kompüter elmləri kollecinin inşası üçün 350 milyon dollar bağışlamağa söz verdi.
7. Con M. Hantsmanın ailəsi — 150 milyon dollar
Noyabr ayında kimyəvi maddələrin istehsalından sərvət qazanmış mərhum milyarder Con M. Hantsmanın ailəsi vəd verdi ki, Yuta Universitetinin tələbələrinə psixoloji yardım edilməsi və psixi sağlamlıq sahəsində tədqiqatlar aparılmasını maliyyələşdirmək üçün 150 milyon dollar ianə verəcək. Xeyriyyə yardımı Hantsman adına psixoloji sağlamlıq İnstitutunun yaradılmasına sərf olunacaq və 15 il ərzində ödəniləcək.
8. Hansyorq Viss — 131 milyon dollar
Tibbi avadanlıq istehsalından sərvət qazanan isveçrəli milyarder Hansyorq Viss iyun ayında Harvard Universitetinə 131 milyon dollar bağışladı. Verdiyi ianə Harvard universitetinin nəzdindəki biomühəndislik sahəsində fəaliyyət göstərən Viss adına İnkişaf İnstitutuna ünvanlanıb. Milyarder 2009-cu ildə İnstitutun əsası qoyularkən 125 milyon dollar bağışlamışdı.
2018-ci ilin oktyabr ayında Viss “New York Times”dakı yazısında torpağı və okeanı qorumaq üçün on il ərzində 1 milyard dollar maliyyə yardımı etməyi planlaşdırdığını qeyd etmişdi. 1963-cü ildə Harvard Biznes Məktəbindən məzun olmuş Viss tibbi avadanlıq istehsalçısı olan “Synthes” şirkətini qurdu. 2012-ci ildə şirkəti “Johnson & Johnson”a 2,2 milyard dollara satdı. Bu gün Vissin sərvəti 6,3 milyard dollar olaraq qiymətləndirilir.
Həmçinin oxu: Mark Zükerberq: “Heç kəs milyarder olmağa layiq deyil”
9. Kennet Qriffin — 125 milyon dollar
Çikaqonun ən varlı adamı, “Citadel” hedcinq fondunun qurucusu Kennet Qriffin Çikaqodakı Elm və Sənaye Muzeyinə 125 milyon dollar bağışladı. Bu, muzeyin 1933-cü ildə açıldıqdan sonra aldığı ən böyük ianədir. Bundan sonra Elm və Sənaye Muzeyi milyarderin adını da daşıyacaq. Milyarderin varidatı 13 milyard dollar olaraq qiymətləndirilir.
10. Sendi və Coan Veyl — 109 milyon dollar
Noyabrda milyarder və xeyriyyəçi olan Sendi və Coan Veyl 109 milyon dollar bağışlamağa söz verdilər. Onların xeyriyyə məqsədilə ayırdığı vəsait San-Fransisko şəhərindəki Kaliforniya Universiteti, Berkeleydəki Kaliforniya Universiteti və Vaşinqton Universitetinin iştirakı ilə aparılacaq Alzheymer xəstəliyi də daxil olmaqla baş beyin xəstəliklərinin tədqiqatını maliyyələşdirəcək.
Sərvəti 1 milyard dollar dəyərində qiymətləndirilən Sendi Veyl bir broker firmasının təsisçisi oldu və 1981-ci ildə onu “American Express”ə, demək olar ki, 1 milyard dollara satdı. O, “Travelers” və “Citibank”ın birləşməsinə və 1990-cı illərin sonlarında “Citigroup”a rəhbərlik edirdi. Həmçinin 2003-cü iləcən də “Citigroup”un baş icraçı direktoru olaraq fəaliyyət göstərib.
Nigar Umaxanlı, Finco.az