DəmirBank Alman İnvestisiya və İnkişaf Şirkəti (DEG) ilə subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.
Almaniyada imzalanan müqaviləyə əsasən, DEG tərəfindən 10 il müddətinə DəmirBank üçün 12 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Kreditin məqsədi ikinci dərəcəli kapitalın artımıdır və DəmirBank bu məbləği kiçik və orta biznesin kreditləşməsinə yönəldəcək.
Bu müqavilə DəmirBank ilə DEG arasında olan 4-cü razılaşmadır. DəmirBank və DEG 2007-ci ildən əməkdaşlıq edir və ümumilikdə qurum tərəfindən 21 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub.
DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.