Zamanı saxlamaq istədiyiniz həmin an | Banco.az

Zamanı saxlamaq istədiyiniz həmin an

Zaman olduqca sürətlidir. Hər şey dəyişir, heç bir şey olduğu kimi qalmır. Dünən öyrəndiklərimiz bu günə bəs deyil, dünən tanıdığınız insanlar yadlara çevrilir, dünənin arzuları bu gün qəlbinizdə əvvəlki hissi oyatmır. Nədir bu davamsızlıq? Səbəbi nədir? Niyə xoşbəxtlik nisbidir? Niyə dünən məni xoşbəxt edən kiçik şeylər, bu gün dünənki qədər gözəl deyil?

Çətin suallardır, razıyam. Bəzən qəlbimizi o qədər böyük bir boşluq doldurur ki, bütün kimliyimizi boş hesab edirik, tənha hiss edirik. Bu böyük dünyada, bu qədər insanın arasında nədir bizi tək hiss etdirən? Biz insanlar fərqlərimizi ortaya qoymağı sevirik. Hər kəs olduqca fərqlidir, qəbul edirəm. Gördüyü işi ən fərqli şəkildə ortaya qoyan, ən fərqli ideyalarla gələnlər yüksək qiymətləndirilir. Bəs bir problem var desəm. Hər kəsin içində olan fərqlənmək arzusu, qırıb-dağıtmırmı, sizcə də, bütün bağları. Fərqlər gözəldir qəbul edirəm, fərqlər gözəçarpandır, diqqətçəkəndir. Amma fərqlər bağları qırır, dostlar. Baxın, hər birimizin həm eyni, həm də olduqca fərqli olduğumuz bu dünyada o qədər kiçiyik, bapbalacayıq. Kainat, qalaktikalar, yer üzü, ulduzlar... Teleskopu daha çox böyütməyəcəyəm. Biz çox kiçiyik, dostlar. Zəifik demirəm, yalnış anlamayın. Çox güclüyük, dəyişə bilirik, yarada bilirik, ən əsası sevə bilirik. Başqalarında, özümüzdə olan fərqləri görürük hər zaman. Müqayisə etməyi sevirik, bəlkə ona görə fərqləri sevirik. İki şəkil arasında 7 oxşarlığı tapın deyə bir şəkil görmədim, məsələn. Amma bir şey deyimmi, fərqləri tapdıqca, uzaqlaşırıq bir-birimizdən. Uzaqlaşırıq, uzaqlaşdırırıq, heç fərqində olmadan edirik. Sonda tək qaldıqda səbəb axtarırıq. Birləşmək lazımdır, oxşarlıqları görüb bir-birimizə sıx-sıx bağlanmağımız lazımdır. Cəmiyyətdən izolə olmaq düşüncələrin qırılma nöqtəsində başlayır.

Bu böyük dünyada bütün insanları birləşdirən nələr isə olmalıdır. Gəlin birlikdə sayaq,

Ən sərfəli kredit üçün müraciət et

Bu hiss bu dünyada ən güclü hisdir. Bu hiss sevgidir. Biz insanlar, istisnasız olaraq, nəyisə sevirik. Nəyə lazımdır nifrət, nəyə lazımdır kin. Bu hissin gücünə təslim olun. Sevgi həmişə sizi düzgün yolun cığırına salacaq. Mənim elədiyim səhvi siz də etməyin. Sevgi dünyanın ən təmiz hissidir, heç bir qorxuya icazə verməyin ki, sevdiyiniz işləri görməkdən sizi çəkindirsin. Arada səmanı sevin, başınızı qaldırın, doyunca baxın. Günəşi sevin, necə ki, hər səhər sizə olan sevgisi ilə üfüqdə doğur. Yaşadığınız həyatı sevin, bir daha bu dünyaya gəlməyəcəksiniz. Aldığınız hər nəfəsi sevin, dostlar. O nəfəs belə özündən sonrakılar kimi deyil.

Bir filmdə “ümid təhlükəli şeydir” demişdilər. Məncə də, təhlükəlidir. Güclü olan şeyləri “təhlükəli” anlaşıyı ilə, həmişə, eyniləşdirdik. Ümid bizi səhər yuxudan oyandırır, gündüzlər çətinlikləri aşdırır, axşamlar isə sabahın arzularına hazırlayır. Elə bir gün təsəvvür edə bilərsinizmi ki, orda heç bir ümid, heç bir arzu olmasın. Təsəvvür etməyin, Allah qorusun. Bu həyat hər anını gözəl yaşamağınız üçün sizindir.

Hər kəsə görə dəyişən bu anlayışı, hər kəs üçün birləşdirərək belə bir tərif verirəm: “Həyatın o nöqtədə həmişəlik qalmasını istədiyiniz, zamanı saxlamaq istədiyiniz an”. Yəqin bildiniz nədən danışıram. Baxın nə qədər oxşarıq, xoşbəxtlik anlayışımız belə eyni imiş. Qaçın arxasından, bir gün onu tutacaqsınız. Amma sevə-sevə, ümidlə qaçın. Hətta qaçmayın, baxın ovuclarınızdadır xoşbəxtlik. Siz yaradırsınız xoşbəxtliyi. Bu dünya, kainatdakı bütün hüceyrələr, zərrəciklər, sizin arzularınız üçün işləyir. İstəməkdən çəkinməyin. Əlinizdə olanlar və olmayanlara görə xoşbəxt olun, sahib olduqlarınız üçün, inanın çox şanslısınız. Xoşbəxt olun ki, xoşbəxtlik yayılsın.

Sevinc Hüseynova, banco.az