İxtisasları üzrə işləməyə tələbəlik illərindən başlayanlar digərlərinə nisbətən daha uğurlu olurlar
İş həyatına yeni qədəm qoyan hər bir gənc kimi mən də bir sıra çətinliklər yaşadım. Kollektivə uyğunlaşmaq, rəhbərlə davranış qaydalarına fikir vermək və bu kimi məsələlərdə çətinliklərlə üzləşirdim. Ən əsası, sual verməkdən, fikrimi bildirməkdən çəkinirdim. Düşünürdüm ki, fikirlərimi düzgün ifadə edə bilmərəm və yanlış anlaşılaram. Ona görə əlaqə qurmaqda, addım atmaqda tərəddüd edirdim.
Təbii ki, zamanla bu tərəddüdləri aşıb kollektivlə uyğunlaşa bildim. Əlbəttə burada rəhbərliyin və kollektivin də rolu böyük oldu. Əslində, iş həyatına yeni başlayan bir çox gəncin iş mühitinə, kollektivə necə uyğunlaşmaqla bağlı qarışıq sualları çox olur. Bu dəfəki yazımızda əsasən bu suallara aydınlıq gətirməyə çalışacağıq.
Hər şirkətin yazılmayan, amma hamının qəbul etdiyi qaydaları var
Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev deyir ki, yeni işə başlayan gənc hamı ilə tanış olmalı, amma məsafəni gözləməli, dərin səmimiyyətə girməməlidir: "Yeni işə başlayan gənc iş yoldaşları ilə ünsiyyətdə özü haqqında məlumatlar verərkən, çox şəxsi mövzulara girməkdən çəkinməlidir. Çünki bu, daha sonra müzakirə mövzusu ola bilər. Şirkətdə gördükləri haqqında da fikir və ya rəy bildirməməyə çalışmalıdır. Rəhbərə və digərlərinə kimin hansı məlumatı necə çatdıracağı bilinmir. İş saatlarını işi öyrənmək üçün maksimum effektiv keçirməklə bərabər, işdən sonra da işlə əlaqəli məlumatlar əldə etməlidir. İş yerində məlumatlı, bilik və təcrübəsi olan insanlara yaxın olmaq, onlardan səmimi şəkildə dəstək almaq və bunu etməkdən çəkinməmək lazımdır. Yeni işçi birmənalı şəkildə şirkətdə qəbul edilmiş konkret geyim tərzinə riayət etməlidir. Təbii ki, hər şirkətin yazılmayan, amma hamının qəbul etdiyi qaydaları var. Şəxsi prinsip və fəlsəfəyə, ümumi etik qaydalara zidd olmadığı halda, bunlara uyğun davranmaq mütləqdir”.
Müsahibimiz gəncin rəhbərlə münasibətinə də diqqət etməli olduğunu deyir: "Nə olursa, olsun məsafə qorunmalıdır. Rəhbərin sizinlə zarafat etməsi, sizin də onunla eyni tərzdə zarafat edə biləcəyiniz anlamına gəlmir. Rəhbərin zamanına hörmət edin. Danışacağınız mövzu haqqında qısa və konkret məlumat verməyi bacarın. Rəhbərin yanına problemlə gedərkən, ən azı 3 fərqli həlli yolunu da düşünmək lazımdır”.
Ruhdan düşmək olmaz
F.Ağayev ilk iş yerinin gənc üçün hansı əhəmiyyətə malik olmasından da danışdı: "İlk iş yerinin əhəmiyyəti insanın qarşılaşdığı vəziyyətləri dəyərləndirməsinə birbaşa bağlıdır. Təcrübənin pisi və ya yaxşısı olmaz. Vacib olan düşdüyümüz vəziyyətdən özümüz üçün fayda götürə bilməyimiz və nəticə çıxarmağımızdır. Birinci iş yerinin uğurlu olması sözləri də nisbi anlayışdır. Pis təcrübə belə, təcrübədir. İlk iş yeri uğursuz olubsa, ruhdan düşmək olmaz və daha yaxşısını axtarmaq lazımdır. Daha yaxşısını tapa bilmək üçün isə insan özünün də daha yaxşısına uyğun olub-olmadığını gözdən keçirməlidir”.
"Mümkün qədər xoş görünmək vacibdir”
Azərbaycan Dəmir Yolları QSC-də İnsan Resursları İdarəsi, Planlaşdırma və İşə qəbul şöbəsinin mütəxəssisi Abid Səmədov bildirir ki, yeni iş yerində ilkin təəssürat çox mühümdür. Bunun üçün də iş yerinə vaxtında gəlmək, həmçinin geyim formasına xüsusi fikir vermək lazımdır: "Bir çox şirkətdə xüsusi geyim forması yoxdur, ancaq yenə də mümkün qədər xoş görünmək vacibdir. Təbii ki, hələ müsahibə və ya işə qəbul prosesi zamanı bir çox namizəd potensial işəgötürən haqqında detallı araşdırma aparır. Və mümkün qədər çox məlumat əldə edirlər, hansı ki, bu məlumatlar gələcəkdə namizədin çalışacağı şirkətə və mühitə daha tez uyğunlaşmasında kömək olur”.
Hər iş yerində qiblə fərqli ola bilər
Mütəxəssis deyir ki, hər bir şirkət Ən sərfəli kredit üçün müraciət et
və ya qurumun "qibləsi” fərqlidir. Rəhbər və işçilərlə davranışda müəyyən prinsiplərə diqqət etmək lazımdır: "Bir çox gənc ilk dəfə işə başladığı iş yerində rahat hərəkət etməkdən, insanlarla ünsiyyət qurmaqdan çəkinir. Ancaq gənc dostlar bu həyəcanı üstündən atmaq üçün bacardıqları qədər səmimi şəkildə həmkarları ilə tanış olmağa, ünsiyyət qurmağa, özünü tanıtmağa çalışmalıdır. İşə başladığı şirkətdə daha təcrübəli əməkdaşlarla söhbət etməli, şirkət, tərkibindəki idarə və şöbələr haqqında daha çox məlumatlı olmağa cəhd göstərməlidir”.
Müsahibimiz gəncin yeni iş yerindəki mühitə tez uyğunlaşması üçün rəhbərliyin üzərinə düşən funksiya haqqında da danışdı. Bildirdi ki, ümumiyyətlə, şirkətlər və ya dövlət qurumlarında işə başlayan yeni işçilər üçün bu şirkətlərin İnsan Resursları şöbəsinin məsul şəxsləri tərəfindən xüsusi "Orientasiya proqramı” tərtib olunur: "Və onlar üçün xüsusi bir təhkimçi (mentor) təyin edilir. Şirkətlərdə yeni işçi işə başlamadan ən azı bir gün əvvəl müəyyən hazırlıq işləri görülür və şirkət əməkdaşları bu barədə mail vasitəsilə məlumatlandırılır. Ümumiyyətlə, bu prosesi belə sıralaya bilərik: əməkdaşlara yeni işçi barədə məlumatın göndərilməsi; yeni işçiyə şirkət və çalışacağı şöbə haqqında məlumatın verilməsi; gənci iş planı və adaptasiya proqramı ilə tanış etmək; işçini onun üçün təyin olunmuş təhkimçi (mentor) ilə tanış etmək; adaptasiya proqramının qiymətləndirilməsi”.
"Aha, savadsız işçi gəlib”
Psixoloq Nizami Orucov deyir ki, yeni işə başlayan gəncin kollektivdə qarşılaşdığı problemləri şərti olaraq iki hissəyə bölmək olar: peşəkarlıq və və ünsiyyət: "Peşəkarlıqla bağlı problemlər birbaşa gəncin iş öhdəlikləri ilə, ikincisi isə həmkarlarla ünsiyyətlə bağlıdır. İşə başlayan gənclərin böyük əksəriyyəti suallar verməyə utanıb, çəkinirlər. Çünki bəziləri sualları ilə ətrafdakıları bezdirəcəklərini fikirləşirlər. Digərlərinə isə elə gəlir ki, əgər sual verirsə, onun haqqında "Aha, savadsız işçi gəlib” deyə düşünəcəklər. Amma həqiqətdə bu, belə deyil. Hər kəs başa düşür ki, şirkətin iş özəlliklərini öyrənmək üçün suallar verilməli və bu suallar işin peşəkar tərəflərinə aid olmalıdır. Köhnə işçilərdən məsləhət istəyin. Onlar sizə kömək etməyə özləri sevinəcəklər, eyni zamanda, psixoloji baxımından onların rəğbətini qazanmış olacaqsınız”.
Öz haqlarını müdafiə etməkdən çəkinməsinlər
Psixoloq gənclərin iş yerində davranış qaydası məsələsinə də toxundu: "Bizə ən ucuz başa gələn və hər şeydən baha qiymətləndirilən xüsusiyyətlərdən ən başlıcası məhz ədəbdir. Hər bir sağlam düşüncəli insan başa düşür ki, yeni kollektivə daxil olmağa kobudluqdan, aqressiyadan, təhqirlərdən başlamaq olmaz. Həmçinin ilk zamanlarda, hər kəsi tam tanımadıqları üçün zarafat edərkən, diqqətli olsunlar. Vaxtı çatana qədər kəskin mövzuların müzakirəsindən yan keçməyə çalışsınlar. Kollektivdə hər kəsin hörmətini qazanmaq üçün xoşməramlı və ədəbli olmaqda fayda var. Lakin ədəbli olmaqla yanaşı, yeni kollektivdə öz haqlarını müdafiə etməkdən də çəkinməsinlər. Onların konkret iş öhdəlikləri, müəyyən iş şəraiti, otağı, yeri var və bunlara kənar şəxs müdaxilə edə bilməz”.
Müsahibimiz deyir ki, bəzən ofisdə köhnə işçilər yeni gələnləri əlavə "işlərlə” yükləyir, onlardan qarşılıqsız şəkildə hansısa texnikanı, maddi məmulatları götürürlər. Bu kimi hallara hazır olmaq lazımdır: "Yeni işçi ən başdan rəhbərlikdən öz işinin konkret nədən ibarət olduğunu soruşmalı və bunu edə bilməsi üçün nələrə malik olduğunu dəqiqləşdirməlidir. Bütün bunları dəqiqləşdirdikdən sonra o, rahatlıqla köhnə işçilərin hansısa "xahişlərini” rədd edə bilər. Təbii ki, bunu edərkən də ədəbini qorumalı, lakin eyni zamanda cavabını birmənalı etməlidir”.
Psixoloq qeyd etdi ki, bir çoxları üçün ilk iş yeri onun sonrakı karyerası baxımından olduqca əhəmiyyətli olur. Əgər ilk təcrübə mənfi olubsa, sonrakı dövrlərdə insan uğursuzluqlarla dolu yol keçə və ya bunun tam əksi də baş verə bilər. İlk iş yerində topladığı təcrübə mənfi olsa da, buna əhəmiyyət vermədən iş yerini dəyişib, uğur qazanan insanlara da rast gəlmək olar. İstənilən halda, hər şey ancaq təcrübə ilə əldə edilir. Mən gənclərə belə bir tövsiyə verə bilərəm ki, karyera qurmaq, öz işində uğurlu olmaq istəyənlər lazımı bilikləri əldə etməklə yanaşı, tələbəlik illərindən təcrübə toplamağa çalışsınlar. Öz ixtisasları üzrə işləməyə tələbəlik illərindən başlayanlar digərlərinə nisbətən daha uğurlu olurlar”.
Mənbə: kaspi.az