Müəllif: Tamara Mustafayeva, Banco.az
Milad bayramında KFC toyuğu yeməyi Yapon ənənəsinə çevirən mağazanın müdiri Takeşi Okavara bu vərdişin bir yalana əsaslandığını açıqlayıb. İllər əvvəl başlatdığı həmin vərdiş yalan olsa da, KFC Yaponiyanı iflas olmaqdan xilas edib.
Banco.az xəbər verir ki, Yaponiyada ilk KFC restoranı 1970-ci ildə fəaliyyətə başlayıb. Restoranın müdiri Takeşi Okavara satışları artırmaq üçün xeyli mübarizə aparmalı olub. O, həmin vaxtlar çox az pulu olduğunu və bəzən restoranın arxasındakı un kisələrinin üzərində yatdığını deyir.
O illərdə Milad bayramı əhalisinin 2 faizdən belə azı xristian olan Yaponiyada mühüm hadisə hesab edilmirdi. Bununla belə, yaxın ərazidəki məktəblərin birində işləyən rahibə qadın məktəbin Milad şənliyində Okavaradan KFC toyuğu servis etmə ehtimalının olub-olmadığını soruşur. Okavara bu təklifi qəbul edir və Şaxta Baba kostyumu geyinərək məktəbə gedir, hətta uşaqları əyləndirmək üçün bir səbət dolusu qızardılmış toyuqla rəqs edir.
Şənlik o qədər uğurlu olur ki, bir müddət sonra başqa bir məktəb də KFC temalı Milad şənliyi keçirmək istəyir. Okavara da ənənəvi hindtoyuğu menyusunun qızardılmış toyuqla əvəzlənmə ideyasını davam etdirməyə qərar verir və daha bir radikal qərarla restoranın həyətindəki Kolonel Sanders heykəlinə Şaxta Baba kostyumu geyindirilir. KFC brendinin Milad ruhu tezliklə hər yerə yayılır.
Bu hadisədən bir müddət sonra yerli kanalların biri Okavaradan Milad bayramında qızardılmış toyuq yeyilməsinin Qərb ölkələrinin adəti olub-olmadığını soruşur. Okavara isə suala "bəli" cavabını verərək yalan danışır.
Daha sonra yalan danışdığını etiraf edən Okavara belə deyib:
"İnsanların Milad bayramında toyuq deyil hindtoyuğu yediyini bilirdim, ancaq yalan deməli oldum. Düzdür, buna görə peşmanlıq hissi duysam da, insanlar bu yeni vərdişi çox sevirlər."
Ancaq KFC Yaponiya illər sonra Okavaranın hekayəsinin doğru olmadığını iddia edib. Ana şirkət olan "Yum Brands"a görə, xarici müştərilərdən biri KFC restoranlarında Milad günü hindtoyuğu əvəzinə toyuq satmağı tövsiyə edib.
İdeyanın mənşəyi mübahisəli olsa da, Okavaranın KFC ilə Milad bayramını əlaqələndirmə qərarı fəst-fud nəhəngini müflisləşməkdən xilas edib və eyni zamanda yeni ənənənin də başlanğıcını qoyub.
Qeyd edək ki, KFC-nin Milad marketinq layihəsi 1974-cü ildə milli səviyyədə tanınmağa başlayıb və Okavara KFC Yaponiyaya rəhbərlik etməyə davam edib.
Bizi sosial şəbəkələrdən izləyin!!