Sığorta şirkətlərinin hesabatlarını Palataya nazirlik təqdim edəcək.
Azərbaycanda sığorta şirkətlərinə nəzarət gücləndirilir.
APA xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən, bundan sonra Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan sığorta şirkətlərinin siyahısını Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 3 fevral 2016-sı ildə imzaladığı sərəncamla Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.
Bu sahədə səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib və Maliyyə Bazarlarına Nəzarət Palatasında Sığorta vasitəçilərinə nəzarət qrupu yaradılıb.