Venesuelanın iqtisadiyyat nazirinin müavini Tarek El-Aissami (Tareck El Aissami) ölkənin kripto valyutası “Petro” – nun satışına 29 oktyabr tarixində başlanılacağını açıqlayıb.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, El-Aissami, kripto valyutanın satışının dollar, avro və ya yuan kimi xarici valyutalarla yanaşı Bitcoin, Ethereum və NEM – in də daxil olduğu digər kripto valyutalarla da həyata keçiriləcəyini bildirib.
El-Aissami qeydiyyatdan keçmiş “Petro” alıcılarının sertifikatlarının da veriləcəyini qeyd edib.
“Petro” əməliyyatlarının rəsmi internet səhifəsi vasitəsilə həyata keçiriləcəyini də bildirən El-Aissami, bu valyuta ilə ödəniş və əmanət əməliyyatlarının isə noyabr ayından icra ediləcəyini vurğulayıb.
O, həmçinin hökumətin də bundan sonra ödənişləri “Petro” ilə həyata keçirəcəyini qeyd edib və bildirib ki, artıq “Petro” ilə 500 milyon dollardan çox müqavilə imzalanmışdır.
Tamara Mustafayeva, Banco.az