Azərbaycanda müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalar pozularaq aparılmasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaitinin 10%-dən 20%-dək məbləğdə, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimə ediləcək.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.
Hazırda isə qanun pozuntusuna görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 5-20%-i, hüquqi şəxslər isə 5-30%-i miqdarında cərimə edilir.
Bununla yanaşı, valyuta tənzimi haqqında qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30-60% miqdarında cərimə ediləcək. Hazırda isə valyuta vəsaiti məbləğinin 30-70% miqdarında cərimə edilir.