“Sahibkarlara bank hesablarından nağdlaşdırma ilə bağlı tətbiq edilən limitlər çox aşağıdır”.
Bunu açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, tətbiq edilən 30 min manatlıq limit çox kiçik rəqəmdir:
“Elə sahibkar var ki, 100 milyon manatlarla dövriyyəsi var. Məsələn, adi sahibkar 200 min manatlıq mal satırsa, həm vəsaiti çıxarmaq üçün banka 7 dəfə gedib-gəlməlidir”.
Millət vəkili bildirib ki, yaranan vəziyyətdən sahibkarlar da narazıdır: “Mənim özümə həddindən artıq bu problemlə bağlı sahibkarlar müraciətlər edirlər. Milli Məclisə çoxlu məktublar göndərirlər.
Sahibkarlar deyirlər ki, real sektoru inkişaf etdirə bilmirlər. Pul çıxarmağa əziyyət çəkirlər”.
V.Əhmədovun sözlərinə görə, nağdlaşdırma ilə bağlı limitin tətbiqi müvəqqəti variant kimi istifadə edilə bilər:
“Amma limitin davamlı saxlanılması gələcəkdə real sektorun inkişafına ciddi təsir göstərəcək. Ona görə də, bu məbləğə yenidən baxılmalıdır”.
Millət vəkili sahibkarların əziyyət çəkməməsi üçün özəl şirkətlərə nağdlaşdırma ilə bağlı limitin minimum 150-200 min manata kimi artırılmalı olduğunu deyib:
“Bu çox ciddi məsələdir. Milli Məclisdə, Maliyyə Bazarlarına Nəzarət Palatası qarşısında və digər qurumlar qarşısında nağdlaşdırma limiti ilə bağlı yaranan çətinliyin araşdırılması ilə bağlı məsələ qaldırmışıq.
Ola bilsin ki, Prezident İlham Əliyev bu məsələyə baxsın və “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilsin”.
Ümumilikdə isə millət vəkili hesab edir ki, gələcəkdə bu məhdudiyyət tamamilə aradan qaldırılmalıdır:
“Limitinin tətbiqi müəyyən qədər Azərbaycanda iqtisadi-siyasi vəziyyət, o cümlədən manatın məzənnəsinin saxlanılması və digər amillərlə bağlıdır.
Yəqin ki, bir müddətdən sonra bu götürüləcək. Bu sahibkarın öz vəsaitidir. O, pullarını sərbəst şəkildə istifadə edə, istədiyi vaxt bankdan çıxara və banka yerləşdirə bilməlidir”.
Mənbə: Fins.az