“Tesla” şirkətinin mənfəəti birinci rübdə 55 faiz azalıb | Banco.az

“Tesla” şirkətinin mənfəəti birinci rübdə 55 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” şirkətinin mənfəəti birinci rübdə 55 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” cari ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.

Məlumatlar göstərir ki, şirkətin gəliri ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 21,3 milyard dollara düşüb. “Tesla” 2023-cü ilin birinci rübündə 23,3 milyard dollar gəlir əldə etmişdi.

Artan rəqabət və elektriklə işləyən avtomobillərə tələbin azalması səbəbindən şirkətin bu dövrdə əldə etdiyi gəlir sözügedən dövrdə bazar proqnozlarından geri qalıb.

Elektromobil istehsalçısının xalis mənfəəti isə ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz azalaraq 1,1 milyard dollara düşüb. Ötən ilin eyni dövründə “Tesla”nın xalis mənfəəti 2,5 milyard dollar olub.

“Tesla” 2024-cü ilin birinci rübündə dünya üzrə 433 min 371 avtomobil istehsal etdiyi halda, 386 min 810 avtomobil satışı həyata keçirib. Bununla da şirkətin avtomobil istehsalı bu dövrdə illik 2 faiz, təhvil verilən avtomobillərin sayı isə 9 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

“Tesla”dan verilən açıqlamada bildirilib ki, bir çox avtomobil istehsalçıları hibridləri elektrik avtomobillərindən üstün tutduqları üçün qlobal elektromobil satışları təzyiq altında qalmağa davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram