İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki, iqtisad üzrə fəlsəfə doktoru, Günay Quliyeva
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanı təhsilin əlçatanlığının təmin edilməsi üçün atılmış ən mühüm addımdır. Müasir dövrdə ölkədə səmərəli və dayanıqlı iqtisadi inkişafın təminatçısı olan təhsil sisteminin maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prizmadan yeni yaradılan Fond təhsilin maliyyələşdirməsinin ən yeni mexanizmlərindən biri kimi çıxış etməklə təhsil almaq istəyənlər üçün bərabər imkanlar təqdim edəcək.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir…» fikri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Cənab Prezident bununla qarşıdakı 10 illikdə ölkəmizin dayanıqlı iqtisadi inkişafının əsas drayveri kimi insan kapitalını müəyyənləşdirmişdir.
Dünya Bankı tərəfindən hazırlanmış Millətlərin sərvətlərinin dəyişməsi (The Changing Wealth of Nations 2020) adlı hesabatda insan kapitalının qlobal sərvətlərin 64, yüksək gəlirli ölkələrin sərvətlərinin 70, aşağı gəlirli ölkələrin sərvətlərinin isə 41 faizini təşkil etdiyi göstərilir. Azərbaycanda da bu payın növbəti 10 ildə artırılması əsas prioritetlərdəndir.
Dünyada 4-cü sənaye inqilabının yaratdığı yeni növ rəqabətə hazır olmaq və dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmalıdır. Bunun üçün müasir və ömürboyu təhsil və innovasiyaları təşviq edən ekosistem əsas şərtdir. Hələ illər öncə Dövlət başçımız «Qara qızılı insan kapitalına çevirək» şüarıyla iqtisadi inkişafımızın ən əsas hərəkətverici qüvvəsi olan insana verilən dəyəri ifadə edib.
Təhsil Tələbə Krediti Fondu isə öz növbəsində təhsil almaq arzusunda olan həssas və az təminatlı ailələrdən gələn və digər dövlət təhsil maliyyələşdirmə mexanizmlərindən yararlana bilməyən bütün gənclər üçün yeni bir resurs mənbəyi olacaq. Qeyd edək ki, Azərbaycanda ali təhsilin 50 faizə yaxını dövlət tərəfindən maliyyələşdirilir. Yeni Fond təhsil almaq istəyənlər üçün mövcud dövlət maliyyələşmə mexanizmlərini əvəz etmir, əksinə əlavə imkanlar açır.
Beynəlxalq təcrübədə inkişaf etmiş ölkələrdə təhsil maliyyələşdirilməsində tələbə təhsil kredit fondları bu və ya digər adda geniş tətbiq olunur. Məsələn Amerika Birləşmiş Ştatlarında aşağı gəlirli əhali qrupunun təhsil ala bilməsi üçün ABŞ Təhsil Departamentinin nəzdində Federal Tələbə Yardımı (Federal Student Aid) Ofisi fəaliyyət göstərir. Bu ofis tərəfindən grant, işlə-oxu, tələbə təqaüdləri, aşağı faizli uzunmüddətli kreditlər kimi müxtəlif formalarda təhsilin kreditləşməsi həyata keçirilir. Maraqlı faktlardan biri də budur ki, Federal Tələbə Yardımı Ofisinin əsas şüarı “Sən Amerikanın ən ağıllı investisiyasısan”dır. Bununla ABŞ insan kapitalını iqtisadi inkişafın əsas investisiyası kimi müəyyənləşdirmişdir.
"Bu günün və sabahın rəqabət üstünlüyü getdikcə daha az infrastrukturda, daha çox işçi qüvvəsinin bilik və bacarığında - insan kapitalının üstünlüyündədir."
Laprade (2005)
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı öz növbəsində (OECD) “bilik, bacarıq və səriştələri şəxsi, sosial və iqtisadi rifahın yaradılmasını asanlaşdıran xüsusiyyətlər” olaraq təyin edir.
Tədricən fiziki kapitala nisbətən insan kapitalının üstün investisiyalaşdırılması ideyalarının reallaşdırılması öz əksini bundan öncə də Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda tapmışdır. Təhsil Tələbə Krediti Fondunun yaradılması da bu yanaşmanın məntiqi ardıcıllığıdır. Resurs iqtisadiyyatından səmərəlilik iqtisadiyyatına keçid dövründə qara qızılımız-nefti əvəz edəcək ən yaxşı iqtisadi resurs ölkəmizin insan kapitalı ola bilər.
“Ən dəyərli kapital insana yatırılan kapitaldır”
Alfred Marşal
Dayanıqlı inkişafı səciyyələndirən insan kapitalının inkişafını elm-təhsilə, investisiya qoymağı təmin etməklə Azərbaycan Respublikasının beynəlxalq rəqabətliliyini təmin etmək mümkündür. Bunun üçün dövlətimiz inkişaf etmiş ölkələrdə tətbiq olunan bütün təhsilə dəstək mexanizmlərindən istifadə edir. Hər bir vətəndaşımız isə öz növbəsində özünü ölkəmizin ən əsas kapitalı kimi dəyərləndirib, potensialını ona qoyulan investisiyalarla daima artıraraq iqtisadi inkişafımıza töhfə verməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!