Tədiyyə balansı, ölkələrin müəyyən bir dövr ərzində xarici iqtisadi və maliyyə münasibətlərinin vəziyyətini əks etdirir. Bir ölkənin tədiyyə balansındakı tarazlıq və ya qeyri-tarazlıq halları, o ölkənin beynəlxalq ödəniş qabiliyyətini, iqtisadi və maliyyə etibarını göstərir.
Tədiyyə balansı, bir ölkə rezidentlərinin müəyyən bir dövr ərzində xarici ölkə rezidentlərilə həyata keçirdikləri bütün iqtisadi əməliyyatların nəticəsini göstərən sistemli bir qeydiyyat formasıdır.
Tədiyyə balansı, ehtiyat deyil, axın anlayışıdır.
Aşağıdakı bir sıra təməl iqtisadi dəyişən tədiyə balansı ilə sıx əlaqəlidir.
- Milli gəlir və məşğulluq səviyyəsi,
- İnkişaf tempi,
- Valyuta kursları,
- İnflyasiya səviyyəsi,
- Gəlir bölgüsü və xarici borclar.
Tədiyə balansı bir ölkədə hər-hansı bir müəyyən vaxt ərzində xaricdən daxil olan ödənişlər və həmin ölkənin xaricə göndərdiyi pul ödənişləri arasındakı nisbətdir.
Daxil olan pul, ödəmələrdən artıq olduqda tədiyyə balansı aktiv, əskik olduqda isə passiv adlanır. Yəni daha doğrusu, daxil olan pul ödəmələrdən artıq olduqda müsbət saldo, əksinə olduqda isə mənfi saldo adlanır. Tədiyə balansının passiv qalığı adətən, öz valyuta hesabına, ya da xarici istiqraz, kreditlərin və idxal edilmiş xarici kapitalın köməyilə ödənilir.
Ticarət, xidmətlər və transfertlər balansının məcmusu tədiyə balansının saldosunu verir.Tədiyə balansının və kapitalın hərəkəti balansının saldosu ilə valyuta ehtiyatlarındakı dəyişikliklərin məbləğinin cəmi həmişə sıfra bərabər olur.
Tədiyə balansının kəsiri yarandıqda o, ilk növbədə xarici kreditlər və ya valyuta ehtiyatları vasitəsilə ödənilməlidir. Tədiyə balansının aktiv saldosu yarandıqda isə ölkə başqa ölkədən vəsait tələb etmək səlahiyyətinə malikdir.
Tədiyə balansı faiz, transfert ödəmələri, idxal-ixrac və həmçinin ölkənin ümumi milli məhsulu ilə sıx əlaqədardır. Ümumi milli məhsul, idxal-ixrac və ölkə daxili istehsal-istehlakın cəmindən əmələ gələn ölkənin daxili məsrəfləridir.
Tədiyyə balansında ölkənin bütün xarici iqtisadi əməliyyatları özünün dəyər ifadəsini tapır.