Elon Musk-ın “SpaceX” şirkəti uğurlu şəkildə PAZ adlı peyki və kosmosdan Yer kürəsinə internet şəbəkəsinin göndərilməsi üçün nəzərdə tutulmuş test məqsədli cihazlarını Falcon 9 raketi vasitəsilə kosmosa göndərdi.
Qeyd etmək lazımdır ki, PAZ peyki Yer kürəsini müşahidə etmək üçün nəzərdə tutulub. İnternetin ötürülməsi üçün nəzərdə tutulmuş cihazlar isə irimiqyaslı Starlink layihəsinin bir hissəsidir. İlkin planlara əsasən cihazların kosmosa göndərilməsi 17 Fevral tarixinə nəzərdə tutulmuşdu. Lakin hava şəraiti və digər səbəblərdən həmin uçuşu 18 Fevral, daha sonra 21 Fevral tarixinə ertələdilər. Lakin uçuş məhz bugün reallaşdırıldı. Uçuş zamanı PAZ adlı peyk raketin ikinci səviyyəsindən uğurla ayrılıb. Şirkətin internet peykləri isə bir qədər sonra ayrılmalıdır.
Uçuş zamanı daha öncə istifadə olunmuş Falcon 9 raketindən istifadə edilib. Onu yenidən Yer kürəsinə qaytarılması planlaşdırılmayıb. Şirkətin Microsat-2a və Microsat-2b adlı test məqsədli peykləri Starlink layihəsinin ilk aparatları olacaq. Bu layihə çərçivəsində Yer kürəsini ucuz və sürətli internet ilə təmin etmək üçün Yer kürəsinin orbitinə 12.000 peyk göndəriləcək. Şirkət ümid edir ki, peyk vasitəsilə internet yayımı əsas gəlir mənbəyi olacaq və 2025-ci ilə kimi 30 milyarddan çox gəlir gətirəcək.