"Sosial vergi dəyişməlidir" – VERGİLƏR NAZİRLİYİ | Banco.az

"Sosial vergi dəyişməlidir" – VERGİLƏR NAZİRLİYİ

Vergilər Nazirliyi ölkədə sahibkarlarla bağlı gözlənilən yeniliklərdən birini açıqlayıb. Nazirliyin açıqladığı məlumata görə, hazırda ölkə iqtisadiyyatında əsas problemlərdən biri qeyri-rəsmi məşğulluqdur. Bunun qarşısının alınması üçün isə nəzarət tədbirləri ilə yanaşı, həvəsləndirici addımlar da atıla bilər. Nazirlik bununla bağlı cəmiyyətdə ayrı-ayrı qurumların təmsilçilərinin səsləndirdiyi fikirləri əsas gətirir. 

Belə ki, Azərbaycanda Amerika Ticarət Palatasının («AmCham») rəhbəri və «Deloitte Azərbaycan» şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov KİV-ə açıqlamasında bildirib ki, Azərbaycanda korporativ vergi yükü o qədər də yüksək deyil, amma əməkhaqqı ilə bağlı fiskal yük ağırdır və yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

«Əməkhaqqına tətbiq olunan fiskal yük sosial təminat sisteminin adekvatlığını təmin etməlidir», - deyən N.Kərimov kiçik və orta sahibkarlıq sektorunda fiskal yükün tənzimlənməsi sahəsində təkmilləşdirmələrin aparılmasını təklif edib.

Ən sərfəli kredit üçün müraciət et

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu fikirlə razıdır.

Onun fikrincə, işəgötürənlərin öz işçiləri ilə əmək müqaviləsi bağlamamasının, yaxud onların maaşlarını aşağı göstərməsinin əsas səbəblərindən biri  sosial vergi yükünün yüksək olmasıdır. İşəgötürən  əməkhaqqı fondundan əməkhaqqının 22%-i həcmində pul ödəyir və bu xərc onun mal və xidmətlərinin maya dəyərinə əlavə edilir.

Ona görə də işəgötürənə, sahibkara dəstək olmaq lazımdır, kiçik və orta sahibkarlığı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq üçün sosial vergi dərəcəsinə yenidən baxılmalıdır.

Xatırladaq ki, hazırda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən sosial verginin dərəcəsi 25%-dir. Bunun 22%-i işəgötürən, 3%-i isə işçi tərəfindən ödənilir.

Fed.az