Yaxın vaxtlarda Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri öz fəaliyyətlərini davam etdirmək üçün kapitallarını artırmalı olacaqlar. Fins.az-ın icazeler.gov.az rəsmi portalına istinadən məlumatına görə, ölkədə sığorta və təkrarsığorta fəaliyyəti ilə məşul olan şirkətlərin tələb olunan kapitalının minimum məbləği ilə bağlı layihə hazırlanıb. Layihəyə əsasən qeyri-həyat və həyat sığortası ilə məşğul olan, eləcə də təkrarsığorta ilə məşğul olub-olmamasından asılı olaraq şirkətlərin minimum kapitallarını qoyulan tələblər fərqlənəcək. Beləliklə, layihəyə əsasən qeyri-həyat sığortası fəaliyyəti ilə həm hazırda məşğul olan, həm də gələcəkdə yaradılacaq sığorta şirkətləri üçün minimum kapital tələbi eyni məbləğdə - 5 milyon manat müəyyən edilib.
Həyat sığortası ilə məşğul olan şirkətlər üçün isə minimum kapital tələbi 10 milyon manat nəzərdə tutulub. Yeni təsis edilən şirkətlər bu tələbi dərhal ödəməli olacaqlar, fəaliyyətdə olan sığortaçılar isə kapitallarını mərhələlərlə artıraraq 2015-ci il yanvarın 1-i tarixinədək 5 milyon manata; 2015-ci ilin 1 yanvar tarixindən etibarən 6,5 milyon manata; 2016-ci ilin 01 yanvar tarixindən etibarən 8 milyon manata, 2017-ci ilin 01 yanvar tarixindən etibarən isə 10 milyona qaldırmalı olacaqlar.
Təkrarsığorta fəaliyyəti ilə məşğul olanlar üçün isə minimum kapital tələbi artırılıb. Müstəsna olaraq təkrar sığorta fəaliyyəti ilə məşğul olanlar üçün kapital tələbi 2 dəfə artırılaraq indiki 10 milyon manatdan 20 milyon manata qaldırılıb.
Təkrarsığorta üzrə də fəaliyyət göstərmək istəyən sığorta şirkətləri isə kapitallarını azı 2,5 milyon manat artırmalı olacaqlar. Layihəyə əsasən sığortaçının təkrarsığorta fəaliyyəti ilə məşğul olması üçün nizamnamə kapitalı 2014-cü il martın 1-dən etibarən 2,5 milyon manat artırılmalıdır. 2015-ci ilin əvvəlindən etibarən isə bu tələb 5 milyon manata qaldırılacaq.
Qeyd edək ki, bir qədər əvvəl "Sığorta fəaliyyəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, təkrarsığorta fəaliyyəti ayrıca lisenziyalaşdırılacaq.