Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin sədri Mustafa Abbasbəyli ilə müsahibə ölkəmizdə bank-sığorta sisteminin, maliyyə bazarlarının bugünkü vəziyyətinə və 2019-cu ildə qarşıya qoyulan hədəflərə həsr olunub.
- Mustafa müəllim, statistik göstəricilərə əsasən, 2018-ci ilin 11 ayı üzrə sığorta haqlarının həcmində 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz artım müşahidə edilib. Bu dinamikaya nəyin sayəsində nail olunub?
- Sığorta bazarı sabit dinamik inkişaf edən seqmentlərdən biridir. Hər il təxminən 10 faiz artım olur, ötən il isə 32 faiz təşkil edib. Burada bir çox sığorta növlərinin rolu var. Bu baxımdan, həyatın yığım sığortasını xüsusilə qeyd etmək lazımdır. Ən çox artım - 40 faiz sığortanın bu növü ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, vergi islahatları paketi çərçivəsində bu sığorta növü ilə bağlı müəyyən dəyişikliklər olub. 2019-cu il yanvarın 1-dən bu sığorta növünə müəyyən məhdudiyyətlər gətirilib. Əvvəllər vətəndaş öz rəsmi əməkhaqqının 100 faizini bu sığortaya yönəldə bilərdisə, yeni qaydalara görə 50 faizini yönəldəcək. Zərurətdən yaranan bu dəyişiklikdə beynəlxalq təcrübə nəzərə alınıb. Əvvəlki qaydalar bu sahəni inkişaf etdirmək üçün lazım idi və əmək müqavilələrinin rəsmiləşdirilməsinə rəvac verən vasitə kimi qiymətləndirilirdi. Hazırda qeyd olunan sığorta növünə məhdudiyyət qoyulsa da, potensial genişdir.
- Dünya trendlərini nəzərdən keçirəndə yaxın illərdə Azərbaycanın bank-sığorta sisteminin inkişaf istiqamətlərini necə görürsünüz?
- Son illərdə baş vermiş devalvasiyalar iqtisadiyyatın digər sahələri kimi, bank-maliyyə sektorundan da təsirsiz ötüşmədi. Bəzi banklar bağlandı, sığorta şirkətləri bazardan getdi və s. Ötən ildən başlayaraq artıq bu sahədə müsbət tendensiya yaranıb. Azalma prosesindən sonra kreditlərin, depozit portfellərinin, ümumi aktivlərin böyüməsinin şahidi olduq. Bu göstəricilər onu deməyə əsas verir ki, 2018-ci ildən başlayaraq yuxarıya doğru getməyə davam edəcəyik.Bunun üzərinə Azərbaycanda gedən iqtisadi islahatları - xüsusilə vergi islahatlarını, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımları da gəlsək, düşünürəm ki, maliyyə bazarında aktivlik artmalıdır. ƏDV-nin bir hissəsinin geri qaytarılmasında kart əməliyyatlarına üstünlük verilməsi maliyyə bazarının inkişafına təsir edəcək töhfədir. Bu, xarici təcrübədə də var. İnsanların maliyyə xidmətləri, nağdsız ödəniş vərdişləri artacaq, hamı ictimai iaşə, ticarət obyektlərindən qəbzlərini tələb etməyə başlayacaq. Bu isə ona gətirib çıxaracaq ki, Azərbaycanda əhalinin özü müəyyən mənada vergi nəzarətçisinə çevriləcək. Bir var hər hansı ticarət obyektinə vergi orqanı nəzarət etsin, ora xronometraj təyin etsin, kameral yoxlamalar keçirsin, bir də var həmin nəzarəti sadə vətəndaş etsin. Nə ilə? Aldığı xidmətin müqabilində ödəniş qəbzini tələb etməklə...
Dövlət deyir ki, sizin vergilərinizi azaldırıq,
amma azalmış vergiləri ödəməyi ciddi şəkildə tələb edirik
- Dediniz ki, bank-sığorta sistemində nisbətən sabitləşmə, inkişaf dövrü başlayıb. 2019-cu ilin hədəfləri nədən ibarət olacaq?
- 2019-cu ildə ən böyük hədəfimiz manata etimadın tam bərpası olmalıdır. İnsanların ağlından xarici valyutaların məzənnələrini çıxarmaq lazımdır. Biz 2015-ci ilədək xarici valyuta kursları ilə maraqlanmırdıq, xarici valyutada vəsait saxlamırdıq. Ümid edək ki, bu ildən yavaş-yavaş o dövrə qayıdacağıq. Manata etimadın, etibarın olması çox önəmlidir. Belə olan təqdirdə, banklara da etimad artacaq. İnsanlar öz vəsaitlərini banklara etibar etməkdən çəkinməyəcəklər və bank, sığorta, qiymətli kağızlar, ümumilikdə maliyyə bazarlarının aktivliyi yüksələcək.
Azərbaycanın sığorta bazarı 600-700 milyon manat həcmindədir. İki ilə bu rəqəmin 1, 6 milyarda çatdırılması qarşıya qoyulub. Bu, çox ciddi hədəfdir, maliyyə bazarının üzərinə böyük yük və məsuliyyət qoyur. Hər haqlda belə bir addımın atılması Azərbaycan üçün çox vacibdir. Çünki biz ölkəmizi xarici dövlətlərlə müqayisə etdikdə həm bankların, həm də sığortaların aktivlərinin ümumi daxili məhsuldakı payının az olduğunu görürük. Buna görə də xarici dövlətlərin, xüsusilə inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşmağa çalışmalıyıq.
- Vergi islahatları, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin bank-maliyyə sisteminin inkişafında rolu ilə bağlı nə deyə bilərsiniz?
- Vergi sistemində əsaslı islahatlar aparılıb və ümumiyyətlə, sistemə yanaşma dəyişdirilib. Yəni islahatların böyük əksəriyyəti güzəştləri, vergi yükünün azaldılmasını özündə ehtiva edir, daha bir istiqaməti isə azaldılmış vergilərə nəzarətin - inzibatçılığın gücləndirilməsinə yönəldilib. Bunu bir mesaj kimi qəbul etmək lazımdır: dövlət deyir ki, sizin vergilərinizi azaldırıq, amma azalmış vergiləri ödəməyi ciddi şəkildə tələb edirik.
İslahatlar nəticəsində sahibkarlıq mühitinə təsir edəcək ən böyük dəyişiklik fiziki şəxslərin gəlir vergisinin fiskal yükünün azaldılmasıdır. Bunun sayəsində, məsələn, xırda bir şirkətdə həm işçilərin alacağı məvaciblərin həcmi avtomatik şəkildə artır, həm də həmin müəssisədə işçiyə verəcəyi məvacib müqabilində işəgötürənin yükü azalmış olur. Yəni iki istiqamətdə azalma baş verir ki, bunun da ölkədə sahibkarlıq mühitinin inkişafında çox ciddi müsbət təsiri olacaq. Bundan əlavə, KOB klasterinə daxil olan şirkətlərə böyük güzəştlər tətbiq edilib, onlar dividend vergisindən, gəlir vergisindən azad olunublar. Startap seqmentinə aid şirkətlər gəlir vergisindən azad edilib. Bu, Azərbaycanda sahibkarlığın, biznesin inkişafına sanballı töhfədir.
Sahibkarlıq mühitinin inkişafı maliyyə xidmətlərini inkişaf etdirir. Yəni istənilən pul dövriyyəsi maliyyə xidmətləri ilə bağlıdır. Pul dövriyyəsinin artması üçün sahibkarlığın inkişafı önəmlidir: şirkətlərin sayı, dövriyyəsi, idxal-ixracı artmalıdır. Bu islahatlar Azərbaycan iqtisadiyyatında yaxşılığa doğru ciddi dönüş yaradacaq.
- Bu prosesdə vergi inzibatçılığının rolunu nədə görürsünüz?
- İslahatlarda əsas məsələlərdən biri inzibatçılıqdır. Bütün ölkələrdə sahibkarlıq subyektinin, hər ir şirkətin il ərzində dövlətlə ünsiyyətinə sərf etdiyi vaxtın reytinqi aparılır. Məsələn, Rusiyada il ərzində hər hansı bir şirkət vergi, sosial sığorta orqanlarına, digər qurumlara 200 saat vaxt sərf edir. Qarşıya qoyulan məqsəd budur ki, sahibkar öz vaxtını bu cür məsələlərə deyil, biznesinin inkişaf etdirilməsinə yönəltsin. İnzibatçılıqla bağlı islahatlar paketində müəyyən addımlar atılıb, düzəlişlər və təkmilləşdirmələr müəyyənləşdirilib. Buraya həm vaxt, həm fiskal yük, həm də onlardan az əhəmiyyət kəsb etməyən şəffaflıq daxildir. Sahibkar üçün dövlətlə ünsiyyətin müddəti minimal, fiskal yük ədalətli və inzibatçılıq şəffaf olmalıdır. Bu üç meyar sahibkar üçün aydın olanda ona qalan ancaq işləmək olur...
Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZ