Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra vergi ödəyiciləri arasında ən çox müzakirə olunan məsələlərdən biri də sadələşdirilmiş vergi ödəyicisinin statusunun dəyişdirilməsidir. Xüsusilə xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar bu cür hallarla tez-tez qarşılaşırlar. Məsələn, belə bir sual xidmət sektorunda fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicilərini çox maraqlandırır: kurs tədrisi ilə məşğul olan sahibkarın əsas müştəriləri vergi ödəyiciləri olan şəxslərdir. 2019-cu ilin 1-ci rübündə müştərisi vergi ödəyicisi olduğu üçün həmin sahibkar sadələşdirilmiş verginin ödəyicisi hüququnu itirib. O, bu ilin ikinci rübündə gəlir vergisinin ödəyicisi kimi fəaliyyətinə davam edib və indi istəyir ki, yenidən sadələşdirilmiş verginin ödəyicisi olsun. Həm də ona görə ki, o, ikinci rüb ərzində vergi ödəyicisinə xidmət göstərmir və belə bir gələcək planı da yoxdur. Bu zaman həmin sahibkar könüllü olaraq sadələşdirilmiş verginin ödəyicisi statusuna qayıda bilərmi, yoxsa ƏDV qeydiyyatında olduğu kimi bir müddət göstərməlidir?
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov suala aydınlıq gətirərək bildirib ki, bu halda vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərdiyi üçün həmin ilin sonuna qədər vergi rejimini dəyişə bilməz. Onun sözlərinə görə, xidmət sektorunda sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən belə sahibkarlar yalnız vergi ili başa çatdıqdan sonra yenidən sadələşdirilmiş verginin, yaxud gəlir və ya mənfəət vergisinin ödəyicisi olmaq hüququna malikdirlər. Bu statusun dəyişdirilməsi məsələsinə vergi ödəyicisinin ərizəsi əsasında baxıla və müvafiq qaydada razılıq verilə bilər.