Rusiyaya qarşı sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək | Banco.az

Rusiyaya qarşı sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək

Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən sərt sanksiyalar artıq ölkənin bütün iqtisadi sferalarına təsirini göstərir. Bu müddət ərzində xüsusən də rus rublu sürətlə ucuzlaşdı. Proseslərə Rusiya Mərkəzi Bankının müdaxiləsi də təsir edə bilməyib. Artıq Qərbin növbəti - üçüncü sanksiya paketi də işə düşüb. Bu fonda isə rublun daha böyük sürətlə dəyərdən düşməsi qaçılmazdır. Ancaq sanksiyalar və rublun ucuzlaşması tək Rusiya üçün təhlükə yaratmır. Federasiya ilə iqtisadi tərəfdaşlığı olan bütün ölkələrə bu, öz təsirini göstərəcək. Həmin ölkələrin arasında Azərbaycan da var.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, burada söhbət təkcə Rusiyadan getmir: "Rusiyaya qarşı hansısa sanksiyanın tətbiqi bu ölkənin ticarət partnyorlarına da öz təsirini göstərir. Onlardan da biri Azərbaycandır. Sanksiyaların Azərbaycana təsirinə bir neçə aspektdən yanaşmaq olar. Birincisi, Azərbaycan Dövlət Neft Fondunun timsalındadır. Çünki, Rusiyanın ikinci ən böyük bankı olan "Bank VTB”nin səhmdarlarından biri Azərbaycan Dövlət Neft Fondudur. Söhbət 500 milyon dollarlıq vəsaitdən gedir. Ancaq yatırılmış 500 milyon dollarlıq vəsait bu günə 86 milyon dollar dəyərini itirib. Bundan başqa, Dövlət Neft Fondunda 500 milyon dollar həcmində rus rublu var. Bu valyuta ehtiyatı daxil ediləndən bəri rus rublu 14% öz dəyərini itirib. Yəni, 500 milyon dollardan 70 milyon itirilib. Bu, bizim tək Dövlət Neft Fondunun timsalında olan itkimizdir. Hardasa ümumi itkimiz 160 milyon dollara çatır. Bundan başqa, sanksiyalar Rusiyada biznes mühitinin pisləşməsinə gətirib çıxaracaq. Bunun da Azərbaycana o baxımdan təsiri olacaq ki, xeyli sayda soydaşımız Rusiyada işlədiyinə görə yaranmış durum onların iş yerlərinin itirilməsinə və ya gəlirlərinin azalmasına təsir göstərəcək. Rusiyaya iş dalınca gedənlər əsasən bölgələrdən olan əhalimizdir. Bundan başqa, rublun ucuzlaşması Rusiyadan ixrac olunan məhsulların maya dəyərinin aşağı düşməsinə gətirib çıxarır. Yəni, Rusiyadan Azərbaycana ixrac olunan məhsulların qiymətinin ucuzlaşması baş verəcək. Bu da yerli məhsulların rəqabətdə uduzmasına gətirib çıxaracaq. Bunlar ilkin gözlənilən problemlərdir. Amma sanksiyalar sərtləşərsə, təsir daha böyük sektorları əhatə edə bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Digər iqtisadçı ekseprt Yusif Vəliyev bildirdi ki, sanksiyaların əsas istiqamətlərindən biri Rusiyaya məxsus maliyyə institutlarının Avropa İttifaqının kapital bazarına çıxışının məhdudlaşdırılmasıdır: "Eyni zamanda silah ticarəti, ikili təyinatlı mallar və əsasən də banklarla bağlı sanksiyalar nəzərdə tutulub. Bu banklardan Azərabaycanda olanı da var. Bir tərəfdən sanksiyalar Qərbin özünə də sərf etmir. Rusiya arxayın idi ki, Qərb bu sanksiyalara getməz. Amma Qərb özünün bəzi maliyyə ziyanlarına göz yumdu. Sanksiyalar nəticəsində Qərb təxminən 50 milyard avro ziyan çəkəcək. Bu sanksiyalar müddətli olaraq qoyulub. Müddətli sanksiyalar təxminən 3 ay olur. Rusiya isə təxminən 75 milyard avro ziyan görəcək. Sanksiyaların Azərbaycana da ziyanı qaçılmazdır. Çünki bizim Rusiyada kifayət qədər soydaşımız yaşayır. İqtisadi ziyan birbaşa onların vasitəsi ilə Azərbaycana dəyəcək. İkincisi isə sanksiyaların zərbəsi Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətlərinə dəyəcək”.

Mənbə: movqe.az