"Rublun dəyərsizləşməsi manata təzyiqləri artırır" - EKSPERT RƏYİ | Banco.az

"Rublun dəyərsizləşməsi manata təzyiqləri artırır" - EKSPERT RƏYİ

Xarici valyutaya tələbin artması valyuta dəyişmə məntəqələrində də milli valyutanın kursunu cüzi olsa da azalmasına səbəb olub. Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdılarsa, indi alış məzənnəsi 1.7025-dək dəyişib.
 

Ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub. Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında isə hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar ( əvvəlki ayla müqayisədə artım: 21.7%), martda isə 647 milyon dolları (əvvəlki ayla müqayisədə artım: 77.7%) satılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində Fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satmışdırsa bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib.

Ekspert qeyd edib ki, bu arada Rusiya və Türkiyədə milli valyutaların məzənnələri də psixoloji həddən aşağı düşüb. Artıq Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır. Proqnozlaşdırdığımız kimi, hər iki qonşumuz Qərb ölkələri ilə gərginliyə iqtisadi baxımdan duruş gətirməkdə çətinlik çəkirlər. Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracıtımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da, rublun dəyərsizləşməsi manata təzyiqləri artıran faktorlardandır. Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə idxalın artması fonunda dollara tələbin növbəti aylarda da artacağı gözlənilir. Azərbaycanda dollara tələbin artması və eləcə də qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Neft bumu dövründə inzibati metod ilə 0.78 məzənnəsi qrorumaq nə qədər məqsədə uyğun deyildisə indi dəyişməyən 1.70 kursunun saxlanması o qədər arzuolunan deyil. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalı idi və çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olardı.

Ən sərfəli kredit üçün müraciət et

FED.az