Regionların 5 ulduzlu otellərində qiymətlər – Siyahı | Banco.az

Regionların 5 ulduzlu otellərində qiymətlər – Siyahı

Yay mövsümü ilə əlaqədar rayonlara dincəlməyə üz tutanların sayı xeyli artıb. Bakının isti havasından uzaqlaşmaq üçün insanlar daha çox sərin rayonlarda dincəlməyi seçirlər. 

Bu məqalədə hər kəs üçün maraqlı olacaq bir mövzunu – regionlarda fəaliyyət göstərən 5 ulduzlu otellərdə qiymətləri araşdırmışıq. Məqaləmiz yaxın günlərdə rayonlara istirahətə getməyi düşünənlər üçün daha maraqlı olacaq. Araşdırmada 1 gecəlik 2 nəfər üçün standart otaqların qiyməti götürülüb. Yayda ən çox səfər edilən rayonlardan olan Qəbələdə otellərin qiyməti müxtəlifdir. Burada 5 ulduzlu otellərin qiyməti 240 manatdan başlayır. "Qafqaz Riverside Hotel"ində hazırda qiymət 246 manatdır. "Gabala Garden Hotel"də isə 2 nəfərlik standart otaqlar 260 manata təklif edilir.  

Siyahımızda Şəkidən 2 otel qeyd edilib. Yay turizmi üçün ideal məkanlardan biri olan Şəkidə otellərin qiyməti isə minimum 130 manatdır. 130 manatla "Sheki Palace Hotel"də, 170 manatla isə "Marxal Resort & Spa"da 1 gecə keçirə bilərsiniz. Sərin havası ilə Lənkəran və Quba da ən çox seçilən rayonlardandır. Lənkəranda yerləşən "Khazar Palace Hotel"də 2 nəfərlik standart otağın qiyməti 150 manatdır. Lənkərandakı digər otel "Lankaran Springs Wellness Resort"da isə qiymətlər 220 manatdan başlayır. Siyahımızda qeyd etdiyimiz otellər arasında 1 gecə üçün ən bahalı qiyməti "Quba Palace Hotel" təklif edir. Belə ki, burada gecələmək üçün 415 manat ödəmək lazımdır. Qubadakı "Macara Lake Park Quba" otelində isə qiymət daha münasibdir (160 manat). Lerikdəki "Relax Hotel"də 1 gecə istirahət etmək üçün 150 manat ödəmək lazımdır. Şabranda yerləşən otelin qiyməti isə (Shabran Wellbeing Resort) 155 manatdır. Rayondakı digər 5 ulduzlu otel olan "Qalaalti Hotel & Spa"da otelin təklif etdiyi xidmətlərdən faydalanmaq və möhtəşəm mənzərədə 1 gecə istirahət etmək üçün 170 manat kifayətdir. 

Şamaxı da istirahət üçün doğru seçimlərdən biridir. Şamaxıdakı 5 ulduzlu otellər – "Sakit Göl Şamaxı" və "Shamakhi Palace Sharadil"də də qiymətlər müxtəlifdir. Standart otaqlar isə müvafiq olaraq 175 və 190 manatadır. Siyahımızda Şuşadan da otel qeyd edilib. Bu səfalı yerdə isə qiymətlər nisbətən bahadır. "Shusha Hotel & Conference Center"də gecələmək üçün 300 manata ehtiyac var.

Ən sərfəli kredit üçün müraciət et

Bütün otellərdə qiymətlərə səhər yeməyi daxildir. Bəzi otellərdə həftəsonu qonaqların sayı daha çox olduğu üçün qiymətlər də həftəiçi ilə müqayisədə nisbətən baha olur. 

Bütün qiymətlər və qiymətə daxil olan xidmətlər barədə daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Hazırda bəzi otellərdə kampaniyalar da mövcuddur. Onu da qeyd edək ki, qiymətlər otelin doluluq səviyyəsindən, xidmətlərdən, otel otağının mənzərəsindən və s. asılı olaraq dəyişə bilir.  Odur ki, səyahət etməzdən minimum 1 həftə öncə otaq bron etməyinizi tövsiyə edirik. 

Araşdırma: Gülnar Əhmədli

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram